Azərbaycanda elektrikli nəqliyyatın dönüşü; bir əsrlik tarix yenidən canlanır – EKSPERT

Azərbaycanda elektrik enerjisi ilə işləyən ictimai nəqliyyatın tarixi təxminən bir əsr əvvələ dayanır.
Avtosfer.az xəbər verir ki, nəqliyyat eksperti Rauf Ağamirzəyevin sözlərinə görə, ölkədə elektrikli nəqliyyat sistemləri uzun illər şəhər daşımalarının əsas hissəsini təşkil etsə də, müxtəlif dövrlərdə bu nəqliyyat növlərinin əksəriyyəti fəaliyyətini dayandırıb. Son illərdə isə elektrobusların tətbiqi, dəmir yolu layihələrinin genişləndirilməsi və metro infrastrukturunun inkişafı elektrikli nəqliyyatın yenidən ön plana çıxmasına səbəb olub.

Ekspert bildirib ki, 1932-ci ildə Bakıda fəaliyyət göstərən tramvay və elektrik dəmir yolu şəbəkəsi gündəlik 532 min 608 sərnişin daşıyırdı. Həmin dövrdə xətlərin ümumi uzunluğu 97,9 kilometr təşkil edib. Bunun 64,8 kilometri tramvay, 33,1 kilometri isə elektrik dəmir yolunun payına düşürdü.
Hazırda Azərbaycanda elektrik enerjisi ilə işləyən ictimai nəqliyyatın əsasını Bakı Metropoliteni, şəhərətrafı dəmir yolu xətləri və elektrobuslar təşkil edir.
Bakı Metropoliteninin xətlərinin ümumi uzunluğu 40,7 kilometrdir və metrodan hər gün orta hesabla 622 minə yaxın sərnişin istifadə edir. Abşeron dairəvi dəmir yolu xəttinin uzunluğu 91 kilometr təşkil edir və gündəlik sərnişin sayı təxminən 42 min nəfərdir.
Ekspertin sözlərinə görə, ölkədə elektrobus parkı da sürətlə genişlənir. Hazırda Bakıda 370, Qarabağ bölgəsində 35, Naxçıvan Muxtar Respublikasında isə 60 elektrobus istismar olunur. Təkcə paytaxtda gündəlik xəttə çıxan 2160 avtobusun 370-i elektrik enerjisi ilə işləyən nəqliyyat vasitələridir. Bu elektrobuslar hər gün təxminən 230 min sərnişinin daşınmasını təmin edir.
Hazırda metro, şəhərətrafı dəmir yolu və elektrobuslar birlikdə gündəlik təxminən 894 min sərnişinə xidmət göstərir. Bu göstərici elektrik enerjisi ilə işləyən ictimai nəqliyyatın Azərbaycanda yenidən mühüm mövqe tutmağa başladığını nümayiş etdirir.
Azərbaycanda müxtəlif illərdə bir sıra elektrikli şəhər nəqliyyatı sistemləri fəaliyyət göstərib. Bunlara 1924–2004-cü illərdə fəaliyyət göstərən Bakı tramvayı, 1941–2006-cı illərdə işləyən Bakı troleybusu, 1933–1976-cı illərdə fəaliyyət göstərən Gəncə tramvayı, 1955–2004-cü illərdə xidmət göstərən Gəncə troleybusu, 1959–2003-cü illərdə istismar olunan Sumqayıt tramvayı, 1961–2006-cı illərdə fəaliyyət göstərən Sumqayıt troleybusu, 1986–2004-cü illərdə işləyən Naxçıvan troleybusu və 1989–2006-cı illərdə xidmət göstərən Mingəçevir troleybusu daxildir.
Onun fikrincə, son illərdə həyata keçirilən layihələr ölkədə elektrikli nəqliyyatın inkişafına yeni imkanlar açır. Elektrobusların sayının artırılması, onların yerli istehsalının lokallaşdırılması istiqamətində görülən işlər, şəhərətrafı dəmir yolu şəbəkəsinin genişləndirilməsi və yeni elektrikli nəqliyyat layihələri Azərbaycanın bu sahədə tarixi ənənələrini müasir texnologiyalar əsasında yenidən formalaşdırdığını göstərir.
Rauf Ağamirzəyev hesab edir ki, elektrik enerjisi ilə işləyən ictimai nəqliyyatın inkişafı təkcə ekoloji baxımdan deyil, həm də şəhərlərdə nəqliyyat sisteminin səmərəliliyinin artırılması, yanacaq xərclərinin azaldılması və dayanıqlı mobilliyin təmin edilməsi baxımından mühüm əhəmiyyət daşıyır.
Eltac Zülfüqaroğlu
Daşkənddə Azərbaycan-Özbəkistan sənədlərinin imzalanması və mübadiləsi mərasimi olub - FOTO - YENİLƏNİB
Azərbaycan və Özbəkistan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - FOTO
Daşkənddə maraqlı anlar: Tələbə İlham Əliyevi Azərbaycan dilində salamladı - VİDEO
Azərbaycanın və Özbəkistanın birinci xanımlarının təkbətək görüşü olub - FOTO
Daşkənddə Azərbaycan və Özbəkistan prezidentlərinin təltifolunma mərasimi keçirilib
Leyla Əliyevanın Daşkənddən PAYLAŞIMI - FOTO
İlham Əliyev və Mirziyoyev yeni layihələrin açılışında iştirak etdilər - FOTO
Mirziyoyev: "İlham Əliyevin səfəri tarixi hadisədir"
İlham Əliyevdən Zəngəzur dəhlizi ilə bağlı AÇIQLAMA
İlham Əliyev: “Azərbaycanda ikinci avtomobil zavodu tikilir”
Daşkənddə İlham Əliyevin Şavkat Mirziyoyev ilə təkbətək görüşü olub - FOTO










