Azərbaycanda toylarla bağlı ağır cəza və qadağa? – “Başqa yol yoxdur”

Gündəm 14 Oktyabr 2024 20:42 Oxunub 380
Azərbaycanda toylarla bağlı ağır cəza və qadağa? – “Başqa yol yoxdur”
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Cəlilabad rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. BMW markalı gəlin maşınının toy karvanında iştirak edən “VAZ-21015” markalı avtomobillə toqquşması nəticəsində rayonun Dələli kənd sakini 73 yaşlı Xudiyev Əzizağa ölüb.

Bir qədər əvvəl də oxşar hadisə eyni rayonda baş vermişdi. Təəssüf ki, xüsusilə rayon və kəndlərdə toy karvanları ölüm saçır. 10-15 maşınla gəlin gətirmək problem yaradırsa, bundan insanlar zərər görürsə, ölüm halı olursa, aidiyyəti qurumlar hərəkətə keçməlidirmi?

Polis məhdudiyyət tətbiq bilərmi?

Avtosfer.az-ın məlumatına görə, bu barədə Globalinfo.az-a danışan nəqliyyat eksperti Elməddin Muradlı deyib ki, toy karvanları ilə bağlı uzun müddətdir müzakirələr gedir və bu məsələ narahatlıq doğuran bir həddə çatır.

Onun fikrincə, məsələ ilə ciddi formada məşğul olmaq lazımdır:

“Bunun qarşısını almaq lazımdır. Vətəndaşlara desən ki, xahiş edirik, belə yox, elə olsun, əməl etməyəcəklər. Nəzarət, ciddi cəza mexanizmi və s. məsələlər olmayınca, heç kim qayda-qanuna əməl etmək istəmir. İllərdir vətəndaşlara müraciət olunur ki, toy karvanlarında altıdan çox maşın olmasın, diqqətli olun, qayda pozmayın, amma eşitmirlər, başa düşmürlər. Eşitsələr də əməl etmirlər. O zaman çarə qalır inzibatçılığa. Bu günə qədər deyilirdi, küçəyə zibil atmayın, atırdılar, avtobus zolağına girməyin, girirdilər. Cərimə tətbiq olunub deyə, indi qaydalara əməl etməyə başlayıblar. Deməli, nə lazımdır? Ağır cərimə. Hər bir rayonun, kəndin ağsaqqalı, böyüyü, sahə müvəkkili, polisi var. Toy olanda ilk polisin xəbəri olur ki, filan kənddə toy olacaq. Vaxtında yaxınlaşmaq, ağsaqqallarla söhbət aparmaq olar ki, toy karvanında bu qədər maşın olsun, əlavə maşın olsa, cəzası var və s. Lakin buna mütləq qanunvericilik səviyyəsində baxmaq lazımdır”.

Ekspert deyib ki, toy karvanın qanunla qadağan olunmasa, nəticə əldə etmək olmayacaq:

“Çünki sözlə deyilsə, konstitusiyadan bir müddəa tapıb göstərəcəklər ki, burada belə yazılıb axı. Qayda pozurlar, sonra o məsuliyyətdən yayınmaq üçün hər varianta əl atırlar. İllər öncə videoçarxlar hazırlanmışdı və orada tövsiyə xarakterli məlumatlar verilirdi ki, toy karvanında 6 avtomobil olsun, maşınlar yalnız yolun sağ tərəfi ilə hərəkət etsinlər. Bəziləri də baxıb gülürdü ki, belə toy olar? Toyda gərək meymunluq edəsən, adam ölə, toy yasa dönə. Hə, o zaman həmin uşaqlar rahat olurlar. Mütləq cərimə tətbiq edilməlidir. Bu insanlar məsuliyyətlərini başa düşməlidirlər artıq”.

Elməddin Muradlının sözlərinə görə, bu, mənəvi bir məsələdir:

“Heç kimin ixtiyarı yoxdur ki, kiminsə toyunda kiməsə kədər yaşatsın. Baxın, 73 yaşında bir insan ölüb. Düzdür, hər kəsin bir qisməti var. Amma o adam başqa yerdə, başqa vaxt öz əcəli ilə ölə bilərdi. Lakin kiminsə səhvinə, kiminsə axmaq davranışına görə toy günü vay düşdü. Bu, kimə lazımdır axı? Artıq belə hal ənənəyə çevrilib. Get-gedə bu, daha pis məcraya yönəlir. Milli ruhda davranış göstərsinlər, gözəl rəqslər öyrənsinlər. Toyda nə özbaşınalıqdır, nə qudurğanlıqdır belə? Niyə insanlar bir-birinin xeyir işinə bədlik qatırlar? Hesab edirəm ki, məsələyə hüquqi cəhətdən yanaşmaq lazımdır. Qanunla qadağa olunduqdan sonra görəcəksiniz ki, bəli, artıq dəyişiklik oldu, adamlar öz çərçivələrinə qayıtdılar və məsələ həllini tapdı. Bu cür variantlarla problemin qarşısını ala və yaxşı nəticə əldə edə bilərik. İnsanlar da bir-birini öldürməkdən əl çəkərlər”.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh