Bakı-Sumqayıt yolu: Sürətli qatarlar, ekspres avtobuslardan sonra növbədə nədir?
Ekspres avtobuslar, qatar, marşrut xətləri olsa da, Sumqayıt-Bakı yolundakı sıxlığı hələ də tam aradan qaldırmaq mümkün olmayıb. Ekspertlər isə düşünürlər ki, bunun üçün kompleks yanaşmaya ehtiyac var.
Son zamanlar Bakı-Sumqayıt istiqamətində sərnişin daşımaları ilə bağlı ard-arda qərarlar qəbul edilir. Xeyli müddətdir iki şəhər arasında sürət qatarları işləyir. Metronun "Avtovağzal" stansiyasından da Sumqayıta avtobuslar gedir. Dekabrın 9-dan Bakı-Sumqayıt istiqamətində 594 nömrəli yeni ekspres avtobus marşrutu istifadəyə verilib. Bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib. Sumqayıt Avtovağzalından yola düşən avtobusların son dayanacaq məntəqəsi metronun "20 Yanvar" stansiyası müəyyən edilib.
Ümumilikdə Bakı-Sumqayıt istiqamətində görülən bu işlər özünü nə qədər doğruldur? Sərnişin sıxlığını nəzarətdə saxlamaq üçün başqa hansı addımların atılmasına ehtiyac var?
Kaspi qəzetinin mövzuya dair məqaləsini təqdim edirik.
"Gündəlik təqribən 80 minə yaxın sərnişin daşınır"
AYNA-dan sorğuya cavab olaraq bildirilib ki, 594 nömrəli Bakı-Sumqayıt ekspres marşrutu üzrə sərnişinlərin daşınması "Neoplan" markalı 17 avtobusla səkkiz dəqiqəlik hərəkət intervalı ilə həyata keçirilir:
"Bakı Beynəlxalq Avtovağzal Kompleksi"ndən Sumqayıt şəhərinə səfər etmək üçün istismarda olan müasir və komfortlu 595 nömrəli ekspres marşrut xətti də fəaliyyətini davam etdirir. Qeyd edək ki, Bakı şəhərindən Sumqayıt şəhəri və Abşeron rayonunun müxtəlif ərazilərinə müntəzəm avtobus marşrutları ilə gündəlik təqribən 80 minə yaxın sərnişin daşınır".
Tək ekspres avtobuslar deyil
Qurumdan verilən məlumata görə, ekspres avtobuslarla yanaşı, Bakı-Sumqayıt istiqamətində gündəlik olaraq müntəzəm marşrut xətləri üzrə 21 avtobus da sərnişinlərə xidmət göstərir:
"Sumqayıt şəhərinin müxtəlif ərazilərindən yola düşən avtobusların son dayanacağı Bakı Beynəlxalq Avtovağzal Kompleksinin qarşısındakı "Avtovağzal" metro stansiyasıdır. Sərnişinlər avtovağzal ərazisindəki Nəqliyyat Mübadilə Mərkəzindən avtobuslarla Bakının istənilən nöqtəsinə gedə bilərlər. Eyni zamanda, metronun "Azadlıq prospekti" stansiyasını Sumqayıtın Sülh küçəsi ilə əlaqələndirən 123 nömrəli müntəzəm marşrut xətti üzrə də gündəlik 15 avtobus sərnişinlərə xidmət göstərir".
Qatarla daha çox sərnişin daşına bilər
Nəqliyyat məsələləri üzrə ekspert Rauf Ağamirzəyevin sözlərinə görə, Sumqayıt istiqamətində yeni ekspres xəttin açılması müsbət haldır. Amma məsələ tək bununla bitməməlidir:
"Dəmir yolunda qatarların və stansiyaların sayını artırmağa ehtiyac var. Dəmir yolu ilə gündəlik 37 min sərnişin daşınır. Lakin bu rəqəm daha da böyük olmalıdır. Bunun üçün qatarların qrafiki sıxlaşdırılmalıdır. Bir növ yerüstü metro funksiyası daşımalıdır. Qatar hansısa metro stansiyalarının yaxınlığından keçirsə, həmin ərazilərdə dayanacaqların olması sərnişin axınının parçalanmasına və şəhər nəqliyyatında fərqli marşrutların yaranmasına səbəb olacaq. Həmin stansiyalara əlçatanlıq məsələsi də həll edilməlidir. Hazırda Bakı-Biləcəri-Xırdalan-Sumqayıt daha az qatar sayı olan istiqamətdir. Koroğlu-Zabrat-Pirşağı-Sumqayıt istiqamətində isə qatar bir saatdan bir hərəkət edir. Amma intervalı maksimum yarım saat etmək mümkün olsa, istifadə edən sərnişinlərin də sayı xeyli artacaq".
Əlavə dayanacaqlara ehtiyac var
R.Ağamirzəyevin fikrincə, metronun "Avtovağzal" stansiyasından hərəkət edən ekspres avtobuslar mikromobilliyi təmin edirdi. Lakin onun da çatışmayan cəhətləri mövcuddur:
"Bənövşəyi xətt yeddidəqiqəlik intervalla hərəkət edir. Daha qısa intervala düşmək mümkün olsa, o zaman sərnişin axını xeyli artacaq. Bakı və Sumqayıtdan sərnişin axınını tam təmin edə bilmək üçün bir neçə vasitə və istiqamət olmalıdır. Yəni "Avtovağzal" və "20 Yanvar"dan əlavə dayanacaqlara da ehtiyac var".
Nəzarət gücləndirilməlidir
Ekspert yeni fəaliyyətə başlayan 594 nömrəli ekspres avtobusla bağlı tənzimlənməli məsələlərə də toxunub:
"20 Yanvar" ərazisindən hərəkət edən ekspres avtobusun çıxdığı dayanacaqda digər avtobuslar da dayanır. Elə etmək lazımdır ki, bir neçə avtobus eyni anda dayanacağa yaxınlaşa bilsin. "20 Yanvar" dairəsindən avtobus təşkil edilməsi təqdirəlayiq olsa da, burada əsas məsələ həmin avtobusun avtovağzala qədər olan ərazidə tıxaca düşməsidir. "Şamaxinka" deyilən ərazidəki sıxlıq hər kəsə məlumdur. Düşünürəm ki, xüsusi avtobus zolağının ayrılmasına və sərt nəzarətə ehtiyac var. Ekspres avtobuslar sabit qrafiklə işləyərsə, qanuni sərnişindaşınma daha da artar".
Yeni marşrutun təşkili sərnişinlərin işini asanlaşdıracaq
Nəqliyyat sahəsi üzrə ekspert Eldəniz Cəfərov də düşünür ki, "20 Yanvar" ərazisindən Sumqayıt istiqamətinə marşrutun açılmasına ehtiyac olub:
"Çünki insanlar əsasən metronun "20 Yanvar" stansiyasına gəlməyə vərdiş etmişdilər. Avtovağzaldan sonra "20 Yanvar" ərazisində də ekspres avtobusların təşkili sərnişinlərin işini daha da asanlaşdıracaq. Ekspres avtobuslar müasir, son model nəqliyyat vasitələridir. Bu səbəbdən düşünürəm ki, keyfiyyətli və təhlükəsiz daşınma təmin ediləcək".
E.Cəfərov Sumqayıt istiqamətinə qanunsuz hərəkət edən nəqliyyat vasitələrindən də bəhs edib:
"Qanunsuz sərnişindaşıma hər zaman mövcud olub. Fikrimcə, bunun qarşısını birdəfəlik almaq mümkün olmayacaq. Həm də bunu düzgün addım hesab etmirəm. Çünki avtobusların hərəkət etmədiyi saatlarda insanların işi ola bilər. Bu zaman orada fəaliyyət göstərən taksilərlə hərəkət edirlər. Amma qanuni sərnişindaşımanın keyfiyyəti yüksəldikcə, insanlar avtobusları seçəcəklər. Beləliklə, qeyri-qanuni sərnişin daşıyanların sayı xeyli azalacaq".