Bakıda həbsdə olan qızına spirtli içki aparan qadının məhkəməsi başlayır

Bakıda özünü MTN əməkdaşı kimi təqdim edərək dələduzluq edən Aygün Akimovanın anası Dilarə Akimovanın cinayət işi üzrə ibtidai istintaq başa çatıb. Avtosfer.az "Report"a istinadən xəbər verir ki, cinayət işi baxılması üçün Xətai Rayon Məhkəməsinə göndərilib və hakim İbrahim İbrahimlinin icraatına verilib. Məhkəmənin hazırlıq iclasının dekabrın 12-nə təyin edilib. Qeyd edək ki, Penitensiar Xidmətin ötən ay yaydığı məlumata əsasən, 4 saylı cəzaçəkmə müəssisəsinə qadağan olunmuş maddənin keçirilməsi cəhdinin qarşısı alınıb. Belə ki, Cinayət Məcəlləsinin 178.3.2; 310 və 66.3-cü maddələrinə əsasən məhkum olunan Akimova Aygün Bəxtiyar qızının yanına anası, Bakı şəhər sakini Akimova Dilarə Yusif qızı qısamüddətli görüşə gəlib. D.Akimova tərəfindən gətirilən sovqata baxış keçirilən zaman "Nabeghlavi" adlı plastik su qabında kustar üsulla hazırlanmış spirtli maye aşkar edilib. Daha sonra D.Akimova barəsində 317-1.1-ci (cəzaçəkmə müəssisələrində və ya istintaq təcridxanalarında saxlanılan şəxslərə qadağan olunmuş əşyaların yoxlamadan gizlətməklə və ya hər hansı digər üsulla verilməsi və ya ötürülməsi) maddəsi ilə ittiham irəli sürülüb. Xatırladaq ki, A.Akimova özünü sahibkarlara ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) məxfi agenti, vəzifəli şəxs kimi təqdim edərək, onların 1 milyon manatını dələduzluq yolu ilə ələ keçirib. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə A.Akimova 12 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, "AMAY" Ticarət Mərkəzinin sahibi Abdulla Abdulalyev iş üzrə şahid qismində ifadə verib. O, dindirilərkən naxçıvanlı biznesmen A.Akimova ilə evli olmadığını, ancaq onun uşaqlarının doğum şəhadətnaməsində ata adı kimi adının yazıldığını deyib.













