Banner

“Bu cür hadisələr cəmiyyətə dərs olmalıdır“ – Artan skuter qəzaları

Gündəm 31 İyul 2025 14:30 Oxunub 1386
“Bu cür hadisələr cəmiyyətə dərs olmalıdır“ – Artan skuter qəzaları
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Son illərdə Bakı şəhərinin nəqliyyat mənzərəsində diqqətçəkən dəyişikliklərdən biri elektrikli skuterlərdən istifadənin geniş yayılması olub. Şəhər mühitinə çevik uyğunlaşma, sıx hərəkətə alternativ və ucuz başa gələn  skuterləri bir çox gəncin və ofis işçilərinin gündəlik seçiminə çevirib. Lakin bu texnoloji yeniliyin və rahatlığın arxasında artmaqda olan ciddi təhlükələr də gizlənir.

Statistik məlumatlara görə 2025-ci ilin ilk altı ayı ərzində paytaxtda skuter iştiraklı yol-nəqliyyat hadisələrinin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 2.4 dəfə artıb. Xüsusilə piyada keçidlərində və əsas prospektlərdə qeydə alınan bu qəzalar nəticəsində 14 nəfər xəsarət alıb ki, onlardan 3-ü azyaşlı, 2 nəfər isə ağır dərəcəli travmalarla xəstəxanaya yerləşdirilib.

Ən təhlükəli məqam isə yol hərəkəti qaydalarının çox zaman nəzərə alınmaması və piyadalarla eyni səki zonasında hərəkət etməsidir. Bu isə həm piyadalar, həm sürücülər, həm də ictimai nəqliyyat iştirakçıları üçün əlavə təhlükə yaradır. Bütün bu göstəricilər şəhər infrastrukturunun hələ də skuter kimi fərdi elektrik nəqliyyat vasitələrinə tam uyğunlaşmadığını göstərir.

Bəs bu şəraitdə skuterlərdən istifadənin populyarlaşması nə qədər məqsədəuyğundur? Effektivliyi və təhlükəsizlik balansı necə tənzimlənməlidir? Məsələyə aydınlıq gətirmək üçün nəqliyyat məsələləri üzrə ekspert Elməddin Muradlının fikrini öyrəndik. 

Ekspertin sözlərinə görə, qəzaların əsas səbəbi qayda pozuntularıdır:

 “Skuter və velosiped istifadəçiləri bəzən hətta onlar üçün nəzərdə tutulmuş zolaqlarda belə ciddi qayda pozuntularına yol verirlər. Təbii ki, bu hamıya aid deyil – intizamlı, qanunlara hörmətlə yanaşan vətəndaşlar da var. Amma çox təəssüf ki, neqativ nümunələr daha çox diqqət çəkir. Xüsusilə gənc yaşlı şəxslər arasında təhlükəli davranışlar tez-tez müşahidə olunur.

 Bu problem digər ölkələrdə də müşahidə olunur.Məsələn, Fransanın paytaxtı Parisdə əvvəlcə skuterlərin hərəkəti üçün infrastruktur quruldu, lakin sonradan bu imkanlar ləğv edildi. Səbəb – insanların davranışlarının dəyişməməsi idi. Çünki texniki tədbirlər, hətta sərt cəzalar da müəyyən fərqindəlik səviyyəsinə çatmamış cəmiyyətdə istənilən nəticəni vermir ”.

Ekspert Azərbaycanda tətbiq olunan cərimələrin çox yüngül olduğunu da vurğulayıb:

“Hazırda skuter və velosipedlə bağlı cərimələr 20 manatla 70-80 manat arasında dəyişir. Amma bu cərimələrin belə tətbiq mexanizmi çox zəifdir. Çox nadir hallarda qayda pozan skuter və velosipedçilərin saxlanılıb cərimələndiyinə rast gəlirik. Halbuki, hər gün yüzlərlə belə pozuntu baş verir – qırmızı işıqdan keçmək, səkidə hərəkət etmək, piyadaların üstünə sürmək və s. Hətta içkili vəziyyətdə skuter, velosiped sürənlər də var”.

Muradlı problemin təkcə hüquqi yox, ailə və sosial məsuliyyət aspektindən də qiymətləndirilməli olduğunu vurğulayıb:

“Bəzən 13 yaşlı uşaq skuteri şəhərin ortasında idarə edir. Soruşanda deyir ki, atamın bank kartı ilə götürmüşəm. Valideynlər məsuliyyətli olmalıdır. Uşağın ölümə göndərilməsi anlamına gələn bu davranışa görə yalnız uşaq yox, kartı verən valideyn də məsuliyyət daşımalıdır. Hətta bəzi valideynlər övladlarına skuter alaraq hədiyyə edir ki, kirayə götürməsin. Bu, potensial təhlükəyə birbaşa dəstək vermək deməkdir.

 Dünən axşam yaşanan ağır qəza da sübut etdi ki, bu məsələ artıq zarafat mövzusu deyil. Bu cür  hadisələr cəmiyyətə dərs olmalıdır”.

Sonda Elməddin Muradlı qeyd edib ki, hazırda Yol Polisi və Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi preventiv tədbirlərlə çıxış edir:

“Skuter və moped sürücüləri ilə görüşlər keçirilir, onlara qayda pozuntularının real görüntüləri göstərilir. Sosial şəbəkələrdə bu mövzuya həssas yanaşan, şəxslər də var. Onlar deyir ki, mən işləməyə çıxmışam, amma başqalarının səhv hərəkətləri ucbatından bizim reputasiyamıza zərər gəlir. Belələri üçün cərimə sanksiyaları, təhsil və maarifləndirmə tədbirləri birlikdə tətbiq olunmalıdır”. (ed.news)

ŞƏRH YAZ
Ad

E-mail

Şərh