Bu ilin səs-küylü cinayətləri - Onların həbsi hamını şoka saldı - FOTO

Sabah başa vurmağa hazırlaşdığımız 2025-ci il həm də Azərbaycanın hüquq-mühafizə orqanlarının keçirdiyi çoxsaylı əməliyyatlar, səs-küylü həbslərlə yadda qaldı. Hətta bu il elə cinayətlərin üstü açıldı, özünü “toxunulmaz” sayan elə oliqarxların tifağı dağıldı ki, yatsalar, yuxularına belə girməzdi.
Qafqazinfo bu dəfə ölkə gündəmini dəyişən həmin hadisələri yada salır:
Ramiz Mehdiyev: Nəinki ilin, az qala, əsrin ən sensasiyalı cinayət fiquru
Uzun illər möhkəm mövqedə olan Prezident Administrasiyasının keçmiş rəhbəri Ramiz Mehdiyevə cinayət işi başlanaraq ev həbsinə alınması ölkə gündəmini silkələdi. Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən hakimiyyəti zorla ələ keçirməyə yönələn hərəkətlər, dövlətə xəyanət kimi ağır cinayətlərdə ittiham olunan “boz kardinal” hazırda istintaq altındadır. İllərdir alışdığı vəziyyətdən fərqli olaraq bu dəfə sorğulanan Mehdiyev özüdür.
.jpg)
Adnan Əhmədzadə: İlk dəfə eşidəndə heç kim inanmadı
Bu il yalnız ölkədə deyil, dünyada tanınan iş adamı Adnan Əhmədzadənin cinayət əməllərinin də üstü açıldı. Əhmədzadə Azərbaycan neftinin digər xam neft məhsulları ilə qarışdırılmasından sonra ifşa edildi. Bir il əvvəl yeni ili xarici ölkələrdə şampan partlatmaqla qeyd edən Əhmədzadə 2026-nı DTX təcridxanasında qarşılayacaq.
.jpg)
Əli Kərimli və Eldar Əmirov
Ramiz Mehdiyev zərərsizləşdiriləndən sonra onun adamları olduğu deyilən şəxslərə də növbə çatdı. AXCP sədri Əli Kərimli və R.Mehdiyevin köməkçisi Eldar Əmirov da elə keçmiş PA rəhbəri ilə eyni cinayət işi üzrə ittiham olunaraq həbs edildilər.
.jpg)
Abbas Abbasov
Ramiz Mehdiyevin DXT-də istintaq olunan cinayət işi üzrə Baş nazirin sabiq birinci müavini Abbas Abbasovun da qanunsuz əməllərinin üstü açılıb. Abbasov ölkədə olmadığından hələlik həbs edilməsi mümkün olmayıb. İstintaqdan gizləndiyi üçün onun barəsində axtarış elan edilib.

Musa Şəkiliyev və İslam Rzayev
DTX bir neçə illik aradan sonra məhz 2025-ci ildə iki rayonda icra başçıları ilə əlaqədar əməliyyat keçirdi. Qara maskalılar bu dəfə Qax və Balakən İcra Hakimiyyətlərinə girdilər. Əməliyyat nəticəsində icra başçıları Musa Şəkiliyev və İslam Rzayev qandallandı. Eks-məmurlar qulluq mövqeyindən istifadə etməklə xüsusilə külli miqdarda mənimsəmədə, təkrar rüşvət almaqda təqsirləndirilirlər.

Saleh Səmədov: Ağsaqqalın ifşası
Faşizm üzərində Qələbə Günü – mayın 9-da tədbirdə SSRİ bayrağı altında, sinəsində rus imperiyasının rəmzi olan “Georgi lenti” ilə çıxış edən İmişli Rayon Ağsaqqallar Şurasının keçmiş sədri Saleh Səmədov da bu il həbs edilib. Ağ saqqalına yaraşmayan hərəkətləri ilə yadda qalan Səmədov külli miqdarda dövlət vəsaitini mənimsəməkdə ittiham olunur.
.jpg)
Ruslan Eyyubov: Xəzər dənizinin onlardan təmizlənmə əməliyyatı
2025-ci ilin bitməsinə az qalmış Baş Prokurorluq keçirdiyi geniş əməliyyatlarla gündəmi yenidən dəyişdi. Bu dəfə ölkəyə dəniz vasitəsilə daşınan milyonlarla manatlıq siqaret qaçaqmalçılığının üstü açıldı. Şok sayılan detal isə odur ki, bu cinayətin arxasından tanınmış iş adamı, Prezidentin Təhlükəsizlik Xidmətinin keçmiş rəisi Bəylər Eyyubovun qardaşı oğlu Ruslan Eyyubov da çıxdı. Bədii ifadə etsək, Eyyubov hazırda Kürdəxanı təcridxasında barəsindəki çoxsaylı ittihamları oxuyur.

Rəşad Daşdəmirov
Ruslan Eyyubovun qaçaqmalçılığa şərait yaratmaqda ittiham olunan limanının rəisi Rəşad Daşdəmirov da eyni cinayətlərlə bağlı həbsə göndərildi.

Yusif Baqiyev
Bu il də polis və prokurorluq orqanları qanunsuz mərc oyunlarına qarşı silsilə əməliyyatlar keçirib. Bu əməliyyatlar nəticəsində “qumar kralı” kimi tanınan Yusif Baqiyev həbs edildi. Qumardan gələn pullarla çoxsaylı əmlaka sahiblənən Yusifin cinayət işi məhkəmə araşdırmasındadır.

Rəqsanə İsmayılova
İlan ili şou-biznes nümayəndələrindən də bəzilərinin yolunu təcridxanaya saldı. Onlardan məşhur müğənni Rəqsanə İsmayılova polis tərəfindən 1 milyonluq dələduzluq ittihamı ilə həbsə düşdü.

Beləliklə, yekun olaraq onu deyə bilərik ki, bütün həbslər ən başlıcası bir mesaj verir: “Heç kim qanundan üstün deyil!” Sən Ramiz Mehdiyev, Adnan Əhmədzadə olsan belə, qanunu pozduğun halda əvvəl-axır özünü soyuq məhkəmə divarları arasında tapacaqsan.













