Bu şəxslər vaxtından tez tərxis ola bilər — AÇIQLAMA

Gündəm 11 Aprel 2026 21:36
Bu şəxslər vaxtından tez tərxis ola bilər — AÇIQLAMA
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Hərbi xidmətdən vaxtından əvvəl tərxis olunma qaydaları qanunvericiliklə dəqiq tənzimlənir və bu proses bir neçə əsas amilə əsaslanır. Vətəndaşların xidmət müddəti başa çatmamış ordudan evə göndərilməsi daha çox sağlamlıq durumu və ailə vəziyyəti ilə əlaqədar olur. Səhhətində ciddi problemlər yaranan əsgərlər hərbi həkim komissiyasının rəyi əsasında xidmətə yararsız hesab edilə bilər. Bu zaman müvafiq ekspert qrupu xəstəliyin dərəcəsini və onun xidmətə mane olub-olmadığını araşdırır. Əgər müayinə nəticəsində şəxsin xidmətini davam etdirməsi mümkün deyilsə, o, dərhal tərxis edilir. Avtosfer.az bildirir ki, məsələ ilə bağlı Demokrat.az-a açıqlama verən hərbi ekspert Üzeyir Cəfərov bildirib ki, hərbi xidmətə getdikdən sonra, əgər şəxs həqiqi hərbi xidmət qulluqçusudursa və səhhətində problemlər yaranarsa, o tibbi komissiyaya göndərilir.

"Tibbi komissiyadan keçdikdən sonra şəxs şəhadətləndirilir və komissiyanın rəyinə əsasən onun xidmətə yararlılığı müəyyən olunur. Əgər hərbi xidməti davam etdirməsi mümkün deyilsə, ona sülh dövründə yararlı, sülh dövründə yararsız, müharibə dövründə qismən yararlı və digər diaqnozlar qoyulmaqla tərxis qərarı verilə bilər. Eyni zamanda, cinayət törədildiyi halda da vaxtından əvvəl tərxis mümkün ola bilər. Xüsusilə azadlıqdan məhrum etmə ilə bağlı olmayan və ya məhkumluqla əlaqəli hallarda qanun buna icazə verir".

Ekspert bildirib ki, Azərbaycanda hərbi xidmətə çağırılan şəxslər hərbi qeydiyyata alınır. 

"Hazırda 18 yaşdan 30 yaşa qədər olan Azərbaycan kişi cinsli vətəndaşları hərbi xidmətə cəlb olunur. Əvvəllər bu yaş həddi 18–35 idi, lakin sonradan 18–30 yaşa endirilib. Həmin şəxslər Azərbaycan Silahlı Qüvvələrində xidmətə çağırılır və xidmət müddəti 30 yaşa qədər nəzərdə tutulur. Bu o deməkdir ki, vətəndaş 30 yaşına qədər hərbi xidmətə çağırıla bilər və xidmət müddətinin son həddi təxminən 31 yaş yarımadək davam edə bilər".

Onun sözlərinə görə, bəzi hallarda 30 yaş həddinə yaxın şəxslər də xidmətə çağırıla bilər, hətta 30 yaşın tamam olmasına az qalmış günlərdə belə çağırış mümkündür. 

"Buna görə də xidmət müddətinin son həddi 31 yaş yarım kimi göstərilir. Digər bütün prosedurlar Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli şöbə və idarələri tərəfindən tənzimlənir. Onlar çağırış və azad olunma mexanizmini qanunvericiliyə uyğun şəkildə həyata keçirirlər".

Qeyd edək ki, Müdafiə Nazirliyinin Mərkəzi hərbi həkim komissiyasının sabiq rəisi Rasim Həsənovun dörd illik fəaliyyəti dövründə 50 min manatdan çox rüşvət aldığı üzə çıxıb. Aparılan istintaq nəticəsində mayorun hərbi qulluqçulara saxta rəylər verərək onların vaxtından əvvəl tərxis olunmasını təşkil etdiyi məlum olub. Hazırda vəzifə saxtakarlığı və külli miqdarda rüşvət alma maddələri ilə ittiham olunan ekspert barəsində toplanmış materiallar məhkəməyə göndərilib və onu 10 ildən çox həbs cəzası gözləyir.

Oxunub : 128
ŞƏRH YAZ
Ad

E-mail

Şərh