Banner

Dəmir yolu ilə hansı rayonlara əlavə reyslər təşkil edilməlidir? – Deputatdan TƏKLİF

Gündəm 12 Noyabr 2026 16:48
Dəmir yolu ilə hansı rayonlara əlavə reyslər təşkil edilməlidir? – Deputatdan TƏKLİF
WhatsApp kanalımıza abunə olun

Regionlar arasında dəmir yolu əlaqələrinin genişləndirilməsi sərnişinlərin rahat və əlçatan nəqliyyat xidmətlərinə çıxışının təmin olunması baxımından mühüm əhəmiyyət daşıyır. Gəncə–Mingəçevir–Gəncə marşrutu üzrə əlavə qatar reyslərinin təyin edilməsi də bölgələrarası sərnişindaşıma imkanlarını gündəmə gətirir.

Avtosfer.az xəbər verir ki, digər rayonlar üzrə də əlavə qatar reyslərinin təşkilinə ehtiyac olub-olmaması, eləcə də regionlarda dəmir yolu nəqliyyatının əlçatanlığının artırılması məsələləri ilə bağlı suallar yaranır. Bəs bu sahədə hansı addımların atılmasına ehtiyac var?

Mövzu ilə bağlı Milli Məclisin deputat Arzuxan Əlizadə Avtosfer.az-a açıqlamasında bildirib ki, Gəncə–Mingəçevir–Gəncə marşrutu üzrə əlavə qatar reyslərinin təyin edilməsi bölgələrdə dəmir yolu nəqliyyatına marağın və sərnişin tələbatının nəzərə alınması baxımından müsbət addımdır:


''Nəzərə alaq ki, noyabrın 8-i Zəfər Günü və Dövlət Bayrağı Günü ilə əlaqədar əlavə reyslərin təşkil olunması sərnişinlərin rahat və təhlükəsiz hərəkətinə imkan yaradır. Ümumilikdə, regionlararası dəmir yolu əlaqələrinin genişləndirilməsi həm əhalinin gündəlik gediş-gəlişini asanlaşdırar, həm də bölgələrin sosial-iqtisadi inkişafına, turizm potensialının reallaşdırılmasına müsbət təsir göstərər. Düşünürəm ki, bu istiqamətdə əsas diqqət qatarların hərəkət qrafikinin sərnişinlərin gündəlik tələbatına uyğunlaşdırılmasına, reyslərin sayının artırılmasına, stansiyalarda xidmət səviyyəsinin yüksəldilməsinə və müasir qatarların istifadəsinə yönəldilməlidir. Digər rayonlar üzrə də əlavə qatar reyslərinin təşkilinə ehtiyac var. Burada əsas meyar əhalinin sayı, sərnişin axınının intensivliyi, mövcud dəmir yolu infrastrukturu və iqtisadi əlaqələrin səviyyəsi olmalıdır. Gəncə–Mingəçevir–Ağstafa istiqamətində əlaqələrin daha da inkişaf etdirilməsi, Gəncə–Qəbələ marşrutu üzrə imkanların genişləndirilməsi, Yevlax, Ağdaş və digər rayonların dəmir yolu bağlantılarının daha əlçatan olması vacibdir. Eyni zamanda, Bakı–Qazax, Bakı–Balakən və Bakı–Ağdam istiqamətlərində sərnişin tələbatına uyğun reyslərin artırılması da nəzərdən keçirilə bilər. Bu marşrutların inkişafı regionlar arasında iqtisadi, sosial və turizm əlaqələrinin güclənməsinə şərait yaradacaq''.

Deputat qeyd edib ki, dəmir yolu nəqliyyatının inkişafına yalnız paytaxtla bölgələr arasında əlaqə kimi yanaşmaq düzgün olmazdı:
''Regionların öz aralarında birbaşa və rahat nəqliyyat bağlantılarının yaradılması da mühüm əhəmiyyət daşıyır. İnsanlar bir rayondan digərinə getmək üçün mütləq Bakıya üz tutmalı olmamalıdırlar. Bunun üçün mövcud dəmir yolu xətlərinin texniki imkanları qiymətləndirilməli, sərnişin axını mütəmadi təhlil edilməli, zərurət yarandıqca yeni marşrutlar və əlavə reyslər təşkil olunmalıdır. Həmçinin qatarların hərəkət cədvəlinin avtobus və digər ictimai nəqliyyat vasitələrinin qrafiki ilə uzlaşdırılması sərnişinlər üçün əlavə rahatlıq yarada bilər. Nəticə etibarilə, dəmir yolu şəbəkəsinin genişləndirilməsi regionlarda mobilliyin artırılmasına, iqtisadi fəallığın yüksəlməsinə və ölkənin tarazlı inkişafına xidmət edən mühüm amillərdən biridir''.

Fatimə

Oxunub : 40
ŞƏRH YAZ
Ad

E-mail

Şərh