Ermənistan seçkiləri sülh prosesinə necə təsir edəcək?- AÇIQLAMA

Gündəm 2 İyun 2026 14:48
Ermənistan seçkiləri sülh prosesinə necə təsir edəcək?- AÇIQLAMA
WhatsApp kanalımıza abunə olun

Ermənistanda keçiriləcək parlament seçkilərinə sayılı günlər qalıb. Seçkiqabağı aparılan sorğular və siyasi qüvvələrin aktivliyi nəticələrin necə olacağı ilə bağlı müzakirələri daha da artırıb.
Avtosfer.az xəbər verir ki, son sorğular Nikol Paşinyanın rəhbərlik etdiyi Vətəndaş Müqaviləsi Partiyasının müəyyən üstünlüyə malik olduğunu göstərir. Bununla belə, müxalif düşərgədə müşahidə olunan fəallıq seçkinin nəticələri ilə bağlı müxtəlif müzakirəslərə səbəb olur.
Bəs seçkinin qalibi kim olacaq? Nikol Paşinyan hakimiyyətini qoruya biləcək, yoxsa müxalifət siyasi səhnədə üstünlük qazanacaq? 
Mövzu ilə bağlı Milli Məclisin Deputatı Azər Badamov Avtosfer.az-a açıqlamasında bildirib ki, Ermənistanda keçiriləcək növbəti parlament seçkiləri həm ölkənin daxili siyasi inkişafı, həm də Cənubi Qafqazda formalaşan yeni geosiyasi reallıqlar baxımından mühüm əhəmiyyət kəsb edir. Seçkilərin nəticələri Ermənistanın xarici siyasət kursuna, region ölkələri ilə münasibətlərinə və xüsusilə Azərbaycanla sülh prosesinin gələcək taleyinə birbaşa təsir göstərə bilər:


''Mövcud siyasi vəziyyətə nəzər saldıqda, Baş nazir Nikol Paşinyanın rəhbərlik etdiyİ "Mülki Müqavilə Partiyası"nın seçkilərdə qalib gəlmək ehtimalının digər siyasi qüvvələrlə müqayisədə daha yüksək olduğu görünür. Müxtəlif beynəlxalq və yerli sosioloji sorğular da Paşinyanın və onun komandasının hələ də Ermənistan cəmiyyətində ən yüksək siyasi dəstəyə malik qüvvələrdən biri olduğunu göstərir. Bunun əsas səbəbləri sırasında müxalifətin parçalanmış vəziyyətdə olması, alternativ siyasi proqramların zəifliyi və Paşinyanın son illərdə həyata keçirdiyi islahatlar dayanır''.
Deput qeyd edib ki, əgər Nikol Paşinyan yenidən hakimiyyətdə qalarsa, Azərbaycan-Ermənistan münasibətlərinin mövcud danışıqlar formatı çərçivəsində davam edəcəyi gözlənilir:
“Son illərdə tərəflər arasında aparılan müzakirələr nəticəsində bir sıra istiqamətlər üzrə müəyyən irəliləyişlər əldə olunub və Paşinyan hakimiyyətinin bu prosesi davam etdirməkdə maraqlı olduğu müşahidə edilir. Bu baxımdan, iki ölkə arasında münasibətlərin mərhələli şəkildə normallaşması və sülh sazişinin imzalanması istiqamətində danışıqların davam etməsi ehtimalı yüksəkdir.
Digər tərəfdən, müxalif qüvvələrin hakimiyyətə gəlməsi halında da regionda formalaşmış geosiyasi reallıqların ciddi şəkildə dəyişəcəyi gözlənilmir. Çünki Ermənistanın iqtisadi inkişafı, nəqliyyat kommunikasiyalarının açılması və regional layihələrdə iştirak etməsi ölkənin strateji maraqlarına uyğundur. Bu baxımdan, Zəngəzur dəhlizi və digər nəqliyyat-kommunikasiya layihələrinin həyata keçirilməsi məsələsində müəyyən taktiki fərqlər yaransa belə, onların tamamilə dayandırılması real görünmür.
Eyni zamanda, Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanması prosesi tərəflərin qarşılıqlı maraqları və regionda yaranmış yeni siyasi reallıqlar əsasında formalaşır. Azərbaycanın irəli sürdüyü əsas prinsiplər, qarşılıqlı ərazi bütövlüyünün tanınması, sərhədlərin delimitasiyası və kommunikasiyaların açılması və danışıqların əsas istiqamətlərini təşkil edir. Bu məsələlər üzrə yekun razılaşma əldə olunmadan sülh müqaviləsinin imzalanması çətin görünür”.
Azər Badamovun fikrincə, Ermənistanda hansı siyasi qüvvənin hakimiyyətə gəlməsindən asılı olmayaraq, ölkənin uzunmüddətli inkişaf perspektivləri regional əməkdaşlıqdan və qonşu dövlətlərlə münasibətlərin normallaşdırılmasından keçir:
“Əgər Ermənistan sülh prosesinə konstruktiv yanaşarsa, yeni iqtisadi imkanlar əldə edə, regional layihələrdə iştirakını genişləndirə və nəqliyyat-kommunikasiya marşrutlarından faydalana bilər. Əks halda, siyasi manipulyasiyalar və ya proseslərin uzadılması cəhdləri Ermənistanın regional iqtisadi layihələrdən kənarda qalmasına və mövcud problemlərin daha da dərinləşməsinə səbəb ola bilər. Ermənistan parlament seçkilərinin nəticələri ölkənin daxili siyasi kursuna müəyyən təsir göstərəcək olsa da, Azərbaycan-Ermənistan münasibətlərinin gələcəyi ilk növbədə regionda formalaşmış geosiyasi reallıqlar, iqtisadi maraqlar və sülh prosesinə yanaşma ilə müəyyən olunacaqdır. Bu baxımdan, həm hakimiyyət, həm də müxalifət üçün əsas çağırış Ermənistanın regional əməkdaşlıq imkanlarından istifadə etməsi və davamlı sülhün təmin olunmasına töhfə verməsidir”.
Politoloq Zeynal Əmrəliyev isə bildirib, Ermənistanda keçiriləcək parlament seçkiləri ilə bağlı mövcud sorğular göstərir ki, Baş nazir Nikol Paşinyan hələlik müəyyən üstünlüyə malikdir:


“Lakin hazırkı mənzərə onu deməyə əsas verir ki, seçkilərdən sonra koalisiya hökumətinin formalaşdırılması ehtimalı yüksəkdir. Çünki müxalifət son dövrlərdə fəallığını əhəmiyyətli dərəcədə artırıb
Xüsusilə, Samvel Karapetyan əlində olan siyasi və informasiya resurslarından istifadə edərək öz mövqeyini gücləndirməyə çalışır. Onun fəaliyyəti parlamentdə müxalifətin təmsilçiliyinin artırılmasına yönəlib. Bu isə hakim “Vətəndaş Müqaviləsi Partiyası”nın nüfuzuna mənfi təsir göstərə biləcək amillərdən biri hesab olunur. 
Mövcud vəziyyəti nəzərə alaraq demək olar ki, seçkilərdə Nikol Paşinyanın qalib gəlmək şansı daha yüksəkdir. Bununla belə, o, hökuməti təkbaşına formalaşdırmaqda çətinlik çəkə və digər siyasi qüvvələrlə əməkdaşlığa məcbur qala bilər. Bu prosesdə əsas amillərdən biri Rusiyanın mövqeyidir.
Zeynal Əmrəliyev son olaraq qeyd edib ki, son dövrlərdə Moskva İrəvana siyasi və diplomatik təzyiqlərini artırıb və Ermənistanın Qərbə inteqrasiya meyllərinin qarşısını almağa çalışır:
“Buna misal olaraq, Rusiya Prezidenti Vladimir Putinin Avrasiya İqtisadi Forumunda etdiyi çıxışı göstərmək olar. Həmin çıxışda Ermənistanın geosiyasi seçim qarşısında olduğu vurğulanıb və ölkənin ya Qərbə, ya da Rusiyaya yaxınlaşmalı olduğu mesajı verilib. Bu vəziyyət Ermənistanda daxili siyasi gərginliyin artmasına səbəb ola bilər”.

Fatimə Dadaşova

Oxunub : 88
ŞƏRH YAZ
Ad

E-mail

Şərh