Finlandiya müdafiə nazirinin açıqlaması ölkəni Rusiya tərəfdaşı kimi göstərir? – Deputat AÇIQLADI

Gündəm 4 İyun 2026 12:18
Finlandiya müdafiə nazirinin açıqlaması ölkəni Rusiya tərəfdaşı kimi göstərir? – Deputat AÇIQLADI
WhatsApp kanalımıza abunə olun

Finlandiya kəşfiyyatı Ukraynanın ötən gün Sankt-Peterburqa həyata keçirdiyi dron hücumu barədə məlumatlı olub. Avtosfer.az xəbər verir ki, bu barədə Finlandiyanın müdafiə naziri Antti Hakkanen açıqlama verib. O, həmçinin Finlandiyanın hava məkanını pozacaq pilotsuz uçuş aparatlarını (PUA) vurmağa hazır olduqlarını diqqətə çatdırıb.

“Hansı kəşfiyyat sistemlərindən və digər üsullardan istifadə etdiyimiz barədə təfərrüata varmaq istəmirəm, amma bizim dron hücumu barədə məlumatımız var idi və kifayət qədər hazırlıqlı idik”, - nazir deyib.
Helsinki Ukraynaya siyasi, humanitar və hərbi dəstəyini davam etdirsə də, Finlandiyanın əsas məqsədi öz təhlükəsizliyini təmin etmək və müharibənin genişlənməsinin qarşısını almaqdır. Bəs Finlandiyanın bu mövqeyi onu müharibənin mümkün təsirlərindən tam qorumağa kifayət edəcəkmi? Müdafiə nazirinin açıqlaması Finlandiyanı Rusiya-Ukrayna müharibəsində Rusiyanın tərəfində göstərə bilərmi?
Mövzu ilə bağlı Milli Məclisin deputatı Elman Nəsirov Avtosfer.az-a açıqlamasında bildirib ki, Rusiya-Ukrayna müharibəsində Avropa İttifaqı və NATO Ukraynanı dəstəkləyir. Düzdür, Ukrayna nə Avropa İttifaqının, nə də NATO-nun üzvüdür, lakin tərəfdaşlıq səviyyəsi onu göstərir ki, bu qurumlar və onların üzv dövlətləri Ukraynaya ciddi dəstək verirlər:


"Bu dəstək həm hərbi texnika və silah-sursat, həm də maliyyə yardımı şəklində həyata keçirilir. NATO-nun aparıcı üzvü olan ABŞ ilə Avropa arasında son dövrlərdə müəyyən fikir ayrılıqları müşahidə olunsa da, Ukraynaya dəstək davam edir. Avropa ölkələri ABŞ-dan aldıqları silahları və hərbi texnikanı Ukraynanın müdafiəsi üçün yönləndirirlər.
Finlandiyaya gəldikdə isə, o da NATO üzvüdür və bu baxımdan Alyansın ümumi mövqeyini bölüşür. Finlandiya ayrıca və müstəqil şəkildə bu müharibənin tərəfi deyil. Ölkənin resursları da belə bir rolu təkbaşına üzərinə götürməyə imkan verməz. Onun iştirakı yalnız NATO çərçivəsində və müttəfiqlərlə birlikdə mümkündür".
Deputat qeyd edib ki, təkcə Finlandiya deyil, heç bir NATO və ya Avropa İttifaqı ölkəsi Ukraynanı təkbaşına müdafiə etmir.
“Onlar mənsub olduqları təşkilatların qərarları və siyasəti çərçivəsində mövqelərini ortaya qoyurlar. Müharibənin gedişi göstərir ki, proses getdikcə daha kritik mərhələyə daxil olur. Ukrayna Prezidenti Volodimir Zelenski də bəyan edib ki, birbaşa Rusiya Prezidenti Vladimir Putinlə danışıqlara hazırdır. Bu isə tərəflərin resurslarının müəyyən qədər tükəndiyini və diplomatik həll yollarının aktuallaşdığını göstərir. Digər tərəfdən, Zelenskinin də qeyd etdiyi kimi, ABŞ-ın Ukraynaya dəstəyi əvvəlki səviyyədə deyil. Vaşinqtonun gündəmində İran və Yaxın Şərq məsələləri də mühüm yer tutur. Bütün bunlar müharibənin gedişatına təsirsiz ötüşmür. Bu baxımdan Finlandiyanı prosesin əsas oyunçularından biri hesab etmək doğru olmaz. Münaqişədə daha böyük siyasi və hərbi gücə malik dövlətlər iştirak edir və əsas qərarlar da məhz onların mövqeləri əsasında formalaşır”.
Fatimə Dadaşova

Oxunub : 100
ŞƏRH YAZ
Ad

E-mail

Şərh