Banner

Hansı anaların müavinətləri 100 manata qaldırılacaq? – RƏSMİ

Gündəm 6 Noyabr 2026 15:48
Hansı anaların müavinətləri 100 manata qaldırılacaq? – RƏSMİ
WhatsApp kanalımıza abunə olun

Sığortalanan analara 3 yaşınadək uşağa qulluğa görə ödənilən aylıq müavinətin məbləğinin 37 manat 58 qəpikdən 100 manata qaldırılması təklif olunur. Bu dəyişiklik reallaşarsa, anaların sosial təminatına təsir göstərə bilər.

Avtosfer.az xəbər verir ki, müavinətin artırılması təklifinin iqtisadi və sosial baxımdan hansı nəticələrə səbəb olacağı, eləcə də bu ödənişdən yararlanan şəxslərin dairəsinin genişləndirilməsinə ehtiyac olub-olmadığı müzakirə mövzusudur.
Bəs üç yaşınadək uşağa qulluq edən sığortalı ana dedikdə hansı qadınlar nəzərdə tutulur? Bu kateqoriyaya üç yaşınadək uşağa qəyyumluq və ya himayədarlıq edən xala, bibi və nənələr də daxildirmi?

Mövzu ilə bağlı Dövlət Sosial Müdafiə fondunun mətbuat katibi Rəşad Mehdili Avtosfer.az-a açıqlamasında bildirib ki, uşağa bilavasitə qulluq edən valideynlərdən biri, yaxud ailənin başqa üzvü uşağın üç yaşı tamam olanadək ona qulluq etməkdən ötrü qanunvericiliklə müəyyən edilmiş məbləğdə müavinət verilən qismən ödənişli sosial məzuniyyət almaq hüququna malikdirlər:

''Həmçinin uşağa qulluq edən işçi yazılı ərizəsi əsasında qismən ödənişli sosial məzuniyyət hüququndan tam, yaxud hissə-hissə istifadə edə bilər. 
Uşağa qulluq sığorta hadisəsi hesab olunur və qanunvericilikdə əks olunmuş yaş həddinə çatana qədər uşağa qulluqla əlaqədar müavinət ödənilir. 2026-cı ilin 9 ayı ərzində 44 mindən çox sığortaolunanın (işləyən şəxsin) bu müavinəti almaq hüququ yaranıb və Əmək Məcəlləsinin şərtlərinə uyğun olaraq bundan istifadə edilib''.

Sosioloq Yusif Nəbiyevin fikrincə isə, realist olsaq, qəbul etməliyik ki, müasir iqtisadi şərtlər altında, xüsusilə inflyasiya və gündəlik istehlak məhsullarının, uşaq qidalarının, xüsusi gigiyena vasitələrinin (uşaq bezləri və s.) qiymətlərini nəzərə aldıqda, bir uşağın ilkin ehtiyaclarının qarşılanması üçün 100 manat heç kifayət deyil:
''Hələlik bu məbləğ daha çox simvolik dəstək xarakteri daşıyır. Bu yardım uşağın aylıq xərclərinin yalnız çox kiçik bir hissəsini kompensasiya etməyə imkan versə də, əslində, dövlətin bu kateqoriyadan olan vətəndaşlara yönəlmiş sosial siyasətinin istiqamətini göstərir.
Əvvəlki 37 manat 58 qəpiklik məbləğ illərdir cəmiyyətdə daha çox ironiya və ya gülüşlə qarşılanırdısa, məbləğin 100 manata yüksəldilməsi dövlət qayğısının real ünvanlılığının artırılmasına doğru atılmış ilk və vacib addım sayıla bilər. Anaların sosial vəziyyətinə təsirinə gəldikdə isə, bu məbləğ bir qadının iqtisadi müstəqilliyini tam təmin etməsə də, onların psixoloji və sosial təzyiqlərini müəyyən qədər yüngülləşdirə bilər''.

Fatimə

Oxunub : 46
ŞƏRH YAZ
Ad

E-mail

Şərh