Hava limanına da qatarla gedə biləcəyik - AÇIQLAMA

Gündəm 21 May 2026 23:33
Hava limanına da qatarla gedə biləcəyik - AÇIQLAMA
WhatsApp kanalımıza abunə olun

AYNA sədri Anar Rzayev bildirib ki, "Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025-2030-cu illər üçün Dövlət Proqramı" çərçivəsində geniş layihələr həyata keçirilir. Bu layihələr tamamlandıqdan sonra paytaxtda nəqliyyat yükünün azalacağı gözlənilir.
Avtosfer.az-ın məlumatına görə, nəqliyyat eksperti Eldəniz Cəfərov Demokrat.az-a açıqlamasında bildirib ki, bu proqram çərçivəsində bəzi işlər artıq başlayıb, proses gedir:
“Bəziləri isə layihələndirmə mərhələsindədir. Məsələn, Bakının ictimai nəqliyyatında xeyli irəliləyiş var. İctimai nəqliyyatın avtobus seqmentində marşruta buraxılan avtobusların qısa müddətdə yenilənməsi, həm də onların ekoloji cəhətdən təmiz avtobuslarla əvəz olunmasını qeyd etmək olar. Burada əlamətdar məqam ondan ibarətdir ki, artıq yalnız dövlətin balansında olan daşıyıcı şirkətlər deyil, özəl daşıyıcı şirkətlər də həvəsləndirilib və stimullaşdırılıb. Onlar da yeni, komfortlu, müasir tələblərə cavab verən, ekoloji cəhətdən təmiz avtobusların gətirilib marşrutlara buraxılmasında maraqlıdırlar və bunu həyata keçirirlər. Daha sonra dəmir yolunun özü artıq ictimai nəqliyyatın köməkçi vasitəsinə çevrilib. Hətta bəzi hallarda sürətli qatarlar ictimai nəqliyyat funksiyasını yerinə yetirir. Qısa müddətdə Bakı və ətraf ərazilərdə sürətli qatarların təmin olunması, yeni stansiyaların tikilməsi də müsbət amillərdəndir. Dərnəgül metro stansiyası ilə yanaşı artıq Dərnəgül dəmir yolu stansiyası da fəaliyyət göstərir. Bu isə vətəndaşların və sərnişinlərin hərəkətini daha rahat, komfortlu və proqnozlaşdırılan edir. Yaxın gələcəkdə isə perspektivdə Heydər Əliyev adına Hava Limanına dəmir yolunun çəkilməsi də nəzərdə tutulur. Bununla sərnişinlər və şəhərin qonaqları qatar vasitəsilə hava limanına rahat şəkildə səfər edə biləcəklər”.
O deyib ki, insanların fərdi avtomobillərdən daha çox ictimai nəqliyyata və mikromobillik vasitələrinə skuterlərə, velosipedlərə üstünlük vermələri üçün də şərait yaradılıb:
“Bakıda mikromobillik zolaqlarının təşkili artıq öz nəticəsini verir. Xüsusilə gənclər arasında elektrosamokatlara maraq artıb və statistika göstərir ki, elektromikromobillik vasitələrindən istifadə edənlərin sayı getdikcə çoxalır. Bu da onu göstərir ki, insanlar tıxacda qalmaqdansa alternativ nəqliyyat vasitələrinə üstünlük verməyə başlayıblar. Dövlət proqramı çərçivəsində yollarda yeni zolaqların çəkilməsi, ağıllı svetoforların və ağıllı radarların quraşdırılması da həyata keçiriləcək işlər sırasındadır. Ənənəvi olaraq Bakının giriş hissəsində Şamaxinka adlanan ərazidən 20 Yanvar istiqamətinə qədər dairəvi yolların çəkilməsi nəzərdə tutulur. Xırdalanın özündə, eləcə də Bilgəh, Novxanı, Sabunçu və Sulutəpə istiqamətlərində də dairəvi yollar olacaq. Bu yollar imkan verəcək ki, Sumqayıt, Xırdalan və digər ərazilərdən gələn avtomobil axını zərurət olmadığı halda şəhər mərkəzinə daxil olmadan birbaşa lazımi istiqamətlərə yönələ bilsin. Yəni sürücülər artıq şəhərin mərkəzi küçələrinə daxil olmadan dairəvi yollar vasitəsilə mənzil başına çata biləcəklər. Tıxac və nəqliyyat sıxlığı problemini həll etmək üçün artıq konkret yol xəritəsi mövcuddur. Həmin yol xəritəsi məhz bu dövlət proqramıdır və orada hansı qurumun hansı işi, hansı müddətə qədər həyata keçirəcəyi detallı şəkildə göstərilib. Məqsəd 2030-cu ilə qədər qarşıya qoyulan hədəflərə nail olmaqdır. Ümid edilir ki, uğurla başlayan bu layihə eyni şəkildə uğurla da başa çatacaq”.

Oxunub : 90
ŞƏRH YAZ
Ad

E-mail

Şərh