İran-ABŞ barışığı niyə mümkün deyil? - Razılaşmaya mane olan dörd məsələ

Gündəm 20 İyun 2026 19:51
İran-ABŞ barışığı niyə mümkün deyil? - Razılaşmaya mane olan dörd məsələ
WhatsApp kanalımıza abunə olun

ABŞ Prezidenti Donald Tramp İranla bütün fikir ayrılıqlarının qarşıdakı 60 günlük danışıqlar zamanı yoluna qoyula biləcəyi barədə nikbin olsa da, bəzi mürəkkəb və mübahisəli məsələlər razılaşmanın əldə edilməsinə mane ola bilər.

Avtosfer.az Teleqraf-a istinadən xəbər verir ki, bu barədə “The Times” yazıb.

Ekspertlərin fikrincə, yekun razılaşmanın baş tutmamasını dörd əsas məsələ əngəlləyə bilər. Birincisi Livan məsələsidir. Bu, həm İranın dünən səsləndirdiyi xəbərdarlıqlardan, həm də İsrailin anlaşma memorandumunu tənqid etməsindən sonra Vaşinqtonla Təl-Əviv arasındakı gərginlikdən aydın görünür.

İran tələblərinin səviyyəsini yüksəldərək, yekun razılaşmanı İsrailin Livandan tam çıxması ilə əlaqələndirib. Məlumata görə, bu, razılaşmanın mətninə Livanın suverenliyi və ərazi bütövlüyünə hörmət edilməsinin vacibliyini vurğulayan bənd əlavə edildikdən sonra baş verib.

Baş nazir Benyamin Netanyahu bildirib ki, o, Vaşinqtonla Tehran arasında əldə olunan razılaşmanı İsrail üçün məcburi hesab etmir və qoşunları Livanın cənubundan çıxarmaq niyyətində deyil.

İsraillə “Hizbullah” arasında dünən atəşkəs barədə razılığın əldə olunduğu elan edilsə də, bu gün İsrail Livanın cənubundakı kənd və qəsəbələrə hava zərbələri davam etdirib.

İkinci məsələ İranın nüvə proqramı və ona qarşı tətbiq edilən sanksiyaların ləğvi ilə bağlıdır. Bu, texniki baxımdan ən mürəkkəb mövzu hesab olunur.

Anlaşma memorandumu uranın zənginləşdirilməsi və yüksək səviyyədə zənginləşdirilmiş uran ehtiyatlarının taleyi ilə bağlı müzakirələri gələcəkdə keçiriləcək texniki danışıqlara saxlayıb. Çünki əsas çətinlik məhz detallardadır. Bu detallara zənginləşdirmənin nə qədər müddətə dayandırılacağı, 400 kiloqram zənginləşdirilmiş uranın ölkədən çıxarılıb-çıxarılmayacağı və ya onun zənginləşdirilmə səviyyəsinin azaldılıb-azaldılmayacağı, bombardmana məruz qalmış və qismən zərər görmüş obyektlərdə yoxlama və təsdiqləmə proseslərinin necə həyata keçiriləcəyi kimi məsələlər daxildir.

Üçüncüsü, sanksiyaların hər bir addım qarşılığında necə mərhələli şəkildə yumşaldılmasının tənzimlənməsi də prosesi mürəkkəbləşdirir, bura Vaşinqtondakı çətinliklər də əlavə olunur. Tramp mümkün istənilən yekun razılaşmanı Konqresə göndərəcəyini deyib.

ABŞ-nin əsas sanksiyalarının ləğvi Konqresin razılığını tələb etdiyindən, qanunvericilik prosesi özü də bir maneəyə çevrilə, hətta razılaşmanı pozan amilə də dönə bilər.

Dördüncüsü, Hörmüz boğazı məsələsi də razılaşmanı poza biləcək əsas düyünlərdən biridir. İranın bu həyati əhəmiyyətli su yoluna rəsmi nəzarət və ya idarəetməsinin tanınmasını tələb etməsi gələcək toqquşmalar üçün əlverişli şərait yarada bilər.

Hazırkı fonda ən dəqiq görünən odur ki, qarşıdakı günlər sürprizlər gətirə bilər.

Dünən İsveçrədə keçirilməsi gözlənilən texniki danışıqlar İsrailin Livana hava zərbələri endirməsi səbəbindən təxirə salınıb. Ardınca vasitəçilər – Qətər və Pakistan danışıqların yenidən başladılması üçün səyləri gücləndirib.

Oxunub : 88
ŞƏRH YAZ
Ad

E-mail

Şərh