İranda başlanan münaqişə qlobal gübrə və kükürd ticarətinə necə təsir edib? – Ekspert AÇIQLADI

Gündəm 19 Mart 2026 14:00
İranda başlanan münaqişə qlobal gübrə və kükürd ticarətinə necə təsir edib? – Ekspert AÇIQLADI
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Yaxın Şərqdə artan gərginlik və Hörmüz boğazı ətrafında yaranan blokada riski qlobal bazarlarda yalnız enerji sektoruna deyil, daha geniş miqyasda qida təhlükəsizliyinə də təsir edən ciddi narahatlıqlar yaradıb.

Avtosfer.az xəbər verir ki, nəqliyyat eksperti Rauf Ağamirzəyev bu barədə sosial şəbəkə hesabında paylaşım edərək bildirib ki, mövcud vəziyyətin ən həssas tərəfi çox vaxt diqqətdən kənarda qalan gübrə istehsal zənciridir. Onun sözlərinə görə, qlobal gübrə ticarətinin təxminən dörddə-biri, kükürd ixracının isə yarısı məhz bu strateji dəniz marşrutundan asılıdır. Yaxın Şərqin dünya üzrə kükürd istehsalında əhəmiyyətli paya malik olması isə riski daha da artırır.

Ekspert qeyd edib ki, kükürdün fosfor turşusu və fosfat gübrələrinin istehsalında əsas rol oynaması bu zəncirin qırılması halında kənd təsərrüfatına birbaşa təsir göstərir. Artıq bəzi bazarlarda kükürd qiymətlərinin kəskin şəkildə, hətta 200 faizdən çox artdığı müşahidə olunur. Bununla yanaşı, alternativ marşrutların istifadəsi və sığorta xərclərinin yüksəlməsi logistika sahəsində əlavə yük yaradır. Limanlarda böyük həcmdə gübrənin ilişib qalması və Asiya ölkələrində bəzi zavodların istehsalı azaltması vəziyyətin təkcə qiymət artımı ilə məhdudlaşmadığını, real çatışmazlıq riskinin formalaşdığını göstərir.


Rauf Ağamirzəyev vurğulayıb ki, bu proses zəncirvari təsir yaradır. Təbii qazın bahalaşması ammonyak istehsalını çətinləşdirir, kükürd çatışmazlığı isə fosfor gübrələrinin istehsalını azaldır. Nəticədə gübrə qiymətləri artır, fermerlər daha az istifadə edir və bu da məhsuldarlığın aşağı düşməsinə gətirib çıxarır. Onun fikrincə, xüsusilə düyü kimi əsas ərzaq məhsulları bu prosesdən ciddi şəkildə təsirlənə bilər.

Ekspert əlavə edib ki, vəziyyəti mürəkkəbləşdirən digər amil enerji keçidi fonunda kükürdə olan tələbatın artmasıdır. Bu xammal yalnız kənd təsərrüfatında deyil, həm də elektrikli nəqliyyat vasitələrinin batareyalarında və yaşıl enerji infrastrukturu üçün vacib olan nikel emalında geniş istifadə olunur. Bu isə müxtəlif sektorlar arasında resurs rəqabətini gücləndirir.

Geosiyasi faktorların da təsiri böyükdür. Hörmüz boğazında təhlükəsizlik riskləri, hasilat siyasətləri və bəzi ölkələrin fosforu strateji resurs kimi qiymətləndirməsi vəziyyəti daha da həssas edir. 

Rauf Ağamirzəyevin fikrincə, bu artıq təkcə enerji deyil, eyni zamanda qida təhlükəsizliyi məsələsinə çevrilir.

O bildirib ki, qısa müddətdə gübrə və ərzaq qiymətlərində artım, xüsusilə Asiya bazarlarında tədarük problemləri müşahidə oluna bilər. Uzunmüddətli perspektivdə isə ölkələr tədarük zəncirlərini şaxələndirməyə, alternativ texnologiyalara investisiyaları artırmağa və resursların qorunması siyasətini gücləndirməyə məcbur qalacaqlar.
Ekspert sonda qeyd edib ki, bu böhran bir daha göstərir ki, qlobal qida təhlükəsizliyi yalnız torpaq və su ilə deyil, həm də kimyəvi xammalın əlçatanlığı və logistikanın sabitliyi ilə birbaşa bağlıdır. Enerji böhranı iqtisadiyyata təsir göstərirsə, gübrə böhranı daha geniş miqyasda insanların gündəlik həyatına təsir edir.

Eltac Zülfüqaroğlu

Oxunub : 124
ŞƏRH YAZ
Ad

E-mail

Şərh