İctimai nəqliyyatda yeni modelə keçilir - Nələr dəyişəcək?

Bakı və Abşeron ərazisini əhatə edən mövcud marşrut şəbəkəsində inteqrasiyanın zəif olması, təkrar marşrutların mövcudluğu və əhalinin əhəmiyyətli hissəsinin avtobus şəbəkəsinə çıxış imkanlarının məhdudluğu ictimai nəqliyyatın qarşısında duran əsas problemlərdən biridir.
Yeni avtobus şəbəkəsinin tətbiqi və “brutto müqavilə” modelinin həyata keçirilməsi isə bu sahədə keyfiyyətin artırılması, maliyyə dayanıqlığının təmin edilməsi və ictimai nəqliyyat xidmətlərinin daha cəlbedici və əlçatan hala gətirilməsi istiqamətində mühüm addım kimi qiymətləndirilir.
Bu barədə bir çox məqamları Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) İdarə Heyətinin sədri Anar Rzayev Prezident İlham Əliyevin avtomobil nəqliyyatı ilə müntəzəm sərnişin daşınması sahəsinin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında fərmanından irəli gələn məsələlərə həsr edilən brifinqdə jurnalistlərin suallarını cavablandırarkən deyib.
A. Rzayev qeyd edib ki, "brutto müqavilə" modelinin tətbiqindən sonra daşıyıcının riskləri azalacaq, xidmət keyfiyyəti və əlçatanlıq artacaq, bazar amillərindən asılılıq azalacaq, sahənin "kölgə" iqtisadiyyatından çıxması daha da sürətlənəcək, ictimai nəqliyyat xidmətlərinin cəlbediciliyi artacaq, yol hərəkəti təhlükəsizliyi artacaq, ətraf mühitə mənfi təsir azalacaq.
Nəqliyyat üzrə ekspert Elməddin Muradlı bildirib ki, İctimai nəqliyyatda “Brutto müqavilə” modeli tətbiq edilən zamanda subsidiya şəklində daşıyıcı şirkətlərə dəstək göstərilir:
“Bu, uzunmüddətli gözlənilən bir proses idi. Çünki dünya təcrübəsində də görünür ki, daşıyıcı şirkətlər dövlət dəstəyi olmadan fəaliyyətlərini davam etdirə bilmirlər. Əvvəlki dövrdə bu şirkətlər üçün daha rahat idi. Onlar köhnə avtobuslarla ürəkləri istədiyi formada xidmət göstərirdilər və bu, onlar üçün normal sayılırdı. Sınıq-salxaq avtobuslar və keyfiyyətsiz ictimai nəqliyyat həmin dövrdə qəbul edilirdi. Amma bu gün biz bunu qəbul etmirik və deyirik ki, keyfiyyətli avtobus olmalıdır, kondisioner sistemi işləməlidir, isitmə-soyutma sistemi təmin olunmalıdır. Bundan əlavə, avtobuslar qazla və ya elektriklə işləməli, ekoloji baxımdan da təmiz olmalıdır. Əgər bu tələblər qoyulursa, dövlət də məcburdur ki, onlara müəyyən dəstək göstərsin”.
E.Muradlı hesab edir ki, mexanizm elə qurulmalıdır ki, əlçatan və davamlı olsun:
“Hazırda dəstəyin mexanizmi elə qurulur ki, ictimai nəqliyyata ayrılan subsidiya bir növ avtobusdan istifadə etməyən insanların üzərinə düşür. Belə ki, sən şəxsi avtomobildən istifadə edirsən, amma ictimai nəqliyyata da dolayısı ilə dəstək göstərmiş olursan. Çünki ödənişli zonalara daxil olduqda pul ödəyirsən, yanacaq alarkən əlavə ödənişlər edilir və həmin məbləğlər xüsusi fonda köçürülür. Bu fonda toplanan pullar isə ictimai nəqliyyata dəstək məqsədilə istifadə olunur. Yəni bu, bir növ avtomobili olan insanların ictimai nəqliyyata ödədiyi vəsaitdir”.
Ödənişsiz zonaların yaradılması məsələsinə toxunan ekspert qeyd edib ki, bununla bağlı hələ tam detallı məlumat yoxdur:
“Çünki onların işlənib hazırlanması üçün üç ay vaxt tələb olunur. Amma ictimai nəqliyyata dəstək mexanizmi gələn ildən tətbiq olunacaq”,- deyə E.Muradlı bildirib.(metbuat.az)
İnternet sürəti vəd ediləndən aşağıdır: Abonentlərin hansı hüquqları var? – AÇIQLAMA
Çin avtomobillərinin artması ehtiyat hissələrinin qiymətinə necə təsir edəcək? – AÇIQLAMA
Azərbaycanda benzin və dizellə işləyən maşınlarla bağlı QƏRAR VERİLDİ
Daha bir ölkədə Ebola aşkarlandı
Yağış sularının idarə olunmasında əsas problem nədir? – AÇIQLAMA
Bakının bu küçələrində hərəkət məhdudlaşdırıldı: Yeni qaydalar necə olacaq? – VİDEO
Bakının bu küçələrində tıxac var - SİYAHI
Rəcəb Tayyib Ərdoğan İlham Əliyevə zəng edib
Əhalinin kredit borclarının artması risklidir, yoxsa zəruri? - AÇIQLAMA
Bakıda kütləvi tədbirlər zamanı ictimai nəqliyyat necə təşkil olunmalıdır? – EKSPERT
Övladı doğulduğu üçün maşınını bəzəyənlər 500 manat cərimələnirlər? - VİDEO












