İctimai nəqliyyatda yeni tələblər gəlir: Bəzi avtobuslar məcburi xətdən çıxarılacaq

Son illərdə Bakıda və regionlarda istismar müddəti çoxdan başa çatmış avtobusların hələ də xəttə buraxılması sərnişinlərin ciddi narazılığına səbəb olur. Xüsusilə avtobuslardakı oturacaqların yararsız vəziyyətdə olması və texniki problemlər vətəndaşların gündəlik gediş-gəlişini çətinləşdirir.
Mövzu ilə bağlı nəqliyyat üzrə ekspert Rauf Ağamirzəyev bildirib ki, hazırda ölkə üzrə avtobus parkı arzuolunan səviyyədə deyil, nəqliyyat vasitələrinin böyük əksəriyyəti köhnədir:
“Bu il “İctimai nəqliyyat” Məqsədli Büdcə Fondu yaradılıb və yeni mexanizm çərçivəsində daşıyıcılar hər kilometrə görə maliyyə ilə təmin ediləcək. Bu yanaşma daşıyıcıların avtoparkını yeniləməsini stimullaşdıracaq”.
Rauf Ağamirzəyev əlavə edib ki, bankların bu sahəyə daha aşağı faizlə kredit verməsi üçün dövlət zəmanəti də nəzərdə tutulur:
“Bu mexanizm nəticəsində bir tərəfdən vətəndaşlar gediş haqqı ödəyəcək, digər tərəfdən isə dövlət hər kilometrə görə subsidiya ayıracaq və ictimai nəqliyyat sektoru daha cəlbedici biznes sahəsinə çevriləcək”.
Ekspert bildirib ki, ilkin mərhələdə bu müqavilə mexanizminin Bakı, Sumqayıt, Gəncə, Naxçıvan, Xankəndi, Abşeron, Ağdam, Şuşa və Laçın şəhər və rayonlarında tətbiqi nəzərdə tutulur:
“Avtoparkın yenilənməsi istiqamətində artıq real addımlar atılıb. Bu il Gəncə şəhərində avtobus parkı yenilənib, Naxçıvanda isə proses tamamlanmaq üzrədir. Bakı şəhərində avtoparkın yenilənməsi davam edir və gələn il bu prosesin daha aktiv mərhələyə keçəcəyi gözlənilir. Eyni zamanda Sumqayıt və Xırdalan şəhərlərində də avtoparkın yenilənməsi sürətlə həyata keçirilir. İşğaldan azad edilmiş ərazilərdə “Böyük Qayıdış” proqramı çərçivəsində ictimai nəqliyyatın müasir və keyfiyyətli formada təşkili planlaşdırılır”.
Rauf Ağamirzəyev yerli istehsal avtobuslarının əhəmiyyətinə də diqqət çəkib:
“Çin şirkəti ilə Sumqayıt Texnologiya Parkında elektrik avtobuslarının yığılması ilə bağlı razılaşma əldə olunub. Bundan əlavə, Hacıqabul Sənaye Məhəlləsində Özbəkistanla birgə istehsal olunan avtobuslar, eləcə də qazla işləyən orta tutumlu nəqliyyat vasitələri istehsal edilir”.
Ekspertin sözlərinə görə, yeni qaydalara əsasən avtobusların istismar müddəti 15 il müəyyən edilib.
O vurğulayıb ki, dizel və ya sıxılmış təbii qazla işləyən avtobuslar maksimum 1,2 milyon kilometr, elektroavtobuslar isə 1 milyon kilometr yürüş etməlidir:
“Bu həddə 15 ildən tez çatıldığı halda belə, avtobusların xətdən çıxarılması məcburi olacaq. Qeyd olunan tələblər 1 yanvar 2026-cı ildən qüvvəyə minəcək”.
Rauf Ağamirzəyev qeyd edib ki, brutto müqavilə sisteminə keçid dünyada təxminən 40 ildir tətbiq olunur və ilk dəfə London şəhərində istifadə edilib:
“Azərbaycanda bu modelə keçid gələn ildən başlayacaq və bu da avtoparkın sistemli şəkildə yenilənməsinə imkan yaradacaq. Yeni mərhələdə ekoloji cəhətdən təmiz nəqliyyat vasitələrinə üstünlük veriləcək. Yerli və xarici istehsal avtobuslarının xəttə buraxılması köhnə avtobusların tamamilə istismardan çıxarılmasına və ictimai nəqliyyat sisteminin yenilənməsinə şərait yaradacaq”./teleqraf.az
“Kəndlərdə əkin-biçin sahəsi qalmayıb, hamısı...” – Ekspert tıxacların səbəbindən danışdı
ABŞ və müttəfiqləri Çinin Yaxın Şərqdəki məsələlərdə vasitəçi olmasını niyə istəmir? – POLİTOLOQ
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb
Braziliyada rus dizelinə maraq göstərilmədi
Dublin görüşünün pərdəarxası: Bakı və İrəvan hansı razılaşmalara yaxınlaşır? - RƏY
Avropa ilə yeni əməkdaşlıq, Ermənistanla sülh: Dublində nələr müzakirə olundu? – AÇIQLAMA
Azərbaycanın qaz ixracında yeni hədəf: Avropaya nə qədər qaz satılacaq?
Britaniya ilə əməkdaşlıqda yeni hədəflər: Azərbaycan Avrasiyanın tranzit mərkəzinə çevrilir? – ŞƏRH
Orta Dəhlizin dayanıqlılığı üçün alternativ yollar niyə vacibdir? – ARAŞDIRMA
Bakı-Tbilisi qatarlarına tələbat niyə artıb? – EKSPERT - VİDEO
Bu yollarda tıxac var - SİYAHI












