Məktəb direktorunun qohumları tanınmış aktyora hücum etdi – Foto - Yenilənib

22:36
-------
“Dolu” filmindən tanınan və sevilən məşhur aktyor, “Drakon” obrazını canlandıran Rza Rzayevlə problem yaşadığı məktəb direktoru arasında qalmaqal yaşanıb.
Avtosfer.az Azinforum.az-a istinadən xəbər verir ki, hadisə Nizami Rayon Məhkəməsinin qarşısında baş verib. Belə ki, 220 saylı məktəbdə təhsil alan 3 şagirdin valideyni və aktyor arasındakı məhkəmə çəkişməsinin növbəti iclasından əvvəl məhkəmənin qarşısına gələn əvvəllər 220 saylı məktəbin direktor əvəzi olan Tural Mirzəliyev və yaxın qohumunun (qaynı-red.) tərəfindən qarşı tərəfə işlətdikləri ağır ifadələr, təhqir sonda insidentlə nəticələnib. R.Rzayevin AFN-ə verdiyi məlumata görə, sözügedən məhkəmə çəkişməsinin T.Mirzəliyevə heç bir aidiyyatı yoxdur: “Proses mənim iddiam əsasında Cinayət Məcəlləsinin 147 və 148-ci maddələri üzrə 220 saylı məktəbin 3 şagirdinin valideyninə qarşı keçirilir. İclasdan əvvəl hazırda 175 saylı məktəbdə direktor işləyən T.Mirzəliyev və qaynı həmin valideynləri avtomobillə məhkəmə qarşısına gətirmişdi. Həm də bu, ilk dəfə deyil, artıq bu iş üzrə 4-cü prosesdir ki, eyni hal yaşanır. İclasdan əvvəl və sonra hər dəfə ünvanıma təhqir, hədə, sataşma tipli xoşagəlməz ifadələr səslənsə də, səbrimi toplayıb problem olmamasına çalışmışam. Bu dəfə gələndə şəklini çəkdim ki, məhkəməyə təqdim edəm, həm də prosesə aidiyyatı olmadığı halda burda nə işinin olduğunu müvafiq qurumlara araşdırma üçün verəm. Bundan öncəki proseslərdə də məhkəmə qarşısında olduğunu sübut edən fotolarını çəkmişəm. Mənə maraqlıdır, məktəb direktoru iş saatında özünə dəxli olmayan məhkəmə prosesinə niyə qarışır? Bu gün saat 3-də proses olmalı idi, həmin saat faktiki olaraq T.Mirzəliyev üçün iş saatıdır. Həmin saatda o hansı icazə əsasında məhkəmənin qarşısında idi? Bütün bunların araşdırılmasını mediadan xahiş edirəm”.
Qeyd edək ki, bir sıra KİV-lərdə guya təkcə T.Mirzəliyevin xəsarət alması haqda məlumat yayılıb. Lakin R.Rzayev də insident zamanı ağır xəsarət alıb. Onun sağ qolu biləkdən çatlayıb, sağ gözünün ətrafında xəsarət izləri var. Aktyorun qoluna 3 saylı Şəhər Klinik Xəstəxanasında gips qoyulub. R.Rzayev sabah tomoqrafiya olunması üçün başqa xəstəxanaya yaxınlaşacağını bildirib.
Məlumat üçün bildirək ki, T.Mirzəliyev də tibbi yardım üçün 3 saylı Şəhər Klinik Xəstəxanasına müraciət edib.
P.S. İnsident Nizami rayonu 25 saylı polis bölməsi qarşısında da davam edib. T.Mirzəliyevin yaxınları bölmənin qarşısında aktyorun qohumlarına hücum ediblər, polisə dərhal məlumat verilib və o dərhal saxlanılıb. Onun üzərinə baxış keçirilən zaman bir ədəd soyuq silah aşkarlanaraq götürülüb. Binəqədi rayon Polis İdarəsi rəisinin keçmiş müavini Məlik Dadaşlının oğlu olduğu deyilən həmin şəxsin T.Mirzəliyevin qaynı tərəfindən hadisə yerinə çağırıldığı bildirilir.
P.P.S R.Rzayev bundan öncə də T.Mirzəliyevin özünə aidiyyatı olmayan iş üzrə məhkəmənin qarşısına gələrək, aktyora qarşı təhrikedici hərəkətlər etməsi ilə bağlı təhsil naziri Ceyhun Bayramova müraciət ünvanlayıb. Həmin müraciətlə aşağıdakı linkdə tanış ola bilərsiniz.
https://afn.az/xeber/74120-taninan-aktyor-tehsil-nazirine-muraciet-etdi.html
Mövzu diqqətimizdədir.
20:55
-----
"Dolu" filminin məşhur aktyoru "Drakon" obrazını canlandıran Rza Rzayev qalmaqal yaşadığı məktəb direktorunu döyüb.
Avtosfer.az modern.az-a istinadən xəbər verir ki, hadisə Nizami Rayon Məhkəməsinin qarşısında baş verib. Qeyd edək ki, bir neçə ay əvvəl qohumunun işdən çıxarılmasına etiraz edən Rza Rzayev direktora bu qərarını dəyişməsi üçün məktəbə gedərək direktorla mübahisə etmişdi. Hadisə 220 nömrəli məktəb-liseydə baş vermişdi. Belə ki, təhsil müəssisəsinin direktor müavini Zeynəb Rzayeva 29.01.2018-ci il tarixində direktor Tural Mirzəliyev tərəfindən dəvət edilərək, ona təlim-tərbiyə işləri üzrə direktor müavinlərinin vəzifə səlahiyyətlərinin bölgüsündə II yarımildən etibarən dəyişiklik ediləcəyi bildirilib. Amma Zeynəb Rzayeva bu qərara etiraz edib. Daha sonra özünü Zeynəb Rzayevanın qardaşı kimi təqdim edən Rza Rzayev direktorun yanına gələrək məsələni "həll eləməyə" çalışıb. Amma ortaya xoşagəlməz mənzərə çıxmışdı. "Drakon" məktəb direktorunun ünvanına nalayiq ifadələr səsləndirmişdi. Bütün bu olanlar direktorun xidməti otağında açıq şəkildə quraşdırılmış video kameradan görüntülənmişdi. Bu qalmaqal məhkəmə müstəvisinə çıxmış və tərəflər bir-birindən şikayətçi olmuşdular. Bu gün məhkəmə iclasında sonra tərəflər arasında yenidən mübahisə düşüb. Rza Rzayev məktəb direktorunu döyərək ağır bədən xəsarətləri yetirib. Direktor hazırda 3 saylı Sabunçu xəstəxanasındadır. R.Rzayevin isə polis tərəfindən saxlanılıb-saxlanılmaması dəqiq deyil. Məsələ ilə bağlı əlavə məlumat verməyə çalışacağıq.





















