Metro və avtobuslarla bağlı vəziyyət dəyişdi – Vacib DETALLAR

Ötən il Azərbaycanda metro ilə müqayisədə avtomobil və avtobusla sərnişin daşımalarında artım müşahidə olunub. Belə ki, metrodan istifadə edən sərnişinlərin sayı 1,4 faiz azalaraq 226,8 milyon nəfər təşkil edib. Avtomobil nəqliyyatı ilə daşınan sərnişinlərin sayı isə 1 973,8 milyon nəfərə çatıb ki, bu da əvvəlki illə müqayisədə 6,9 faiz artım deməkdir. Avtobuslarla daşınan sərnişinlərin sayı 1 879,8 milyon nəfər olub. Bu göstərici ötən illə müqayisədə 7,1 faiz artıb. Taksi xidmətlərindən istifadə edən sərnişinlərin sayı isə 94 milyon nəfərə çatıb və 2024-cü illə müqayisədə 3,5 faiz artım qeydə alınıb.
Vəziyyət niyə bu qədər dəyişib? Bu proses yollarda nəqliyyat sıxlığının daha da artacağına işarə edirmi?
İqtisadçı Eyyub Kərimli deyib ki, bu artım təkcə Bakı şəhərini deyil, ümumilikdə bütün ölkə ərazisini əhatə edir.
Onun sözlərinə görə, statistik göstəricilərdə müşahidə olunan dəyişikliklərin formalaşmasının bir neçə əsas səbəbi var:
“Xüsusilə metroda sərnişin sayının azalması fonunda avtomobil nəqliyyatı, avtobus və taksi xidmətlərində artımın qeydə alınması diqqət çəkir. Ölkə üzrə ictimai nəqliyyatda, xüsusilə avtobusla sərnişindaşıma sahəsində artım əsasən xidmət keyfiyyətinin yüksəldilməsi ilə bağlıdır. Son illərdə yeni, daha rahat və komfortlu avtobuslar gətirilib, müasir yollar salınıb. Xüsusilə paytaxtda marşrut şəbəkəsinin genişləndirilməsi ünvandan ünvana birbaşa və daha rahat hərəkət imkanları yaradıb. Bu gün sərnişinlər evdən ofisə, gündəlik hərəkət etdikləri ünvanlara daha komfortlu avtobuslarla çata bilirlər. Avtobuslarda kondisionerlərin mövcudluğu da bu nəqliyyat növünə marağı artıran əsas amillərdəndir. Bu tendensiya təkcə Bakı ilə məhdudlaşmır”.
İqtisadçı bildirib ki, regionlarda da avtobusla sərnişindaşıma artmaqdadır:
“Məsələn, Gəncədə “BakuBus” MMC-nin fəaliyyətə başlaması, yeni marşrutların açılması və müasir avtobusların istismara verilməsi regionlarda da ictimai nəqliyyatın keyfiyyətini yüksəldib. Eyni zamanda, işğaldan azad edilmiş ərazilərdə yeni marşrutların istifadəyə verilməsi, sərnişindaşıma sahəsində əvvəl mövcud olan neqativ halların aradan qaldırılması və bu sahənin tam rəsmiləşdirilməsi də statistik artıma ciddi təsir göstərib. Sərnişindaşıma sahəsində yayınma hallarının minimuma endirilməsi nəticəsində real göstəricilər statistikalarda öz əksini tapmağa başlayıb”.
E.Kərimli qeyd edib ki, digər mühüm məqam taksi daşımalarında müşahidə olunan artımla bağlıdır:
“Bu artımın əsas səbəblərindən biri rəqəmsal platformaların geniş yayılmasıdır. Hazırda rəqəmsal taksi platformaları təkcə şəhərlərdə deyil, regionlarda və hətta kəndlərdə də aktiv şəkildə istifadə olunur. Bununla yanaşı, taksi sektorunda aparılan ciddi tənzimləmələr qeyri-rəsmi məşğulluğun qarşısının alınmasına, fəaliyyətin leqallaşdırılmasına və hesabatlılığın artmasına imkan yaradıb. Bu da əvvəl qeydə düşməyən göstəricilərin rəsmi statistikaya daxil edilməsinə səbəb olub. Eyni zamanda Qarabağ bölgəsinə səfərlərin artması da həm avtobus, həm də taksi daşımalarına olan tələbatı yüksəldir. Ümumilikdə ölkə əhalisinin say artımı da nəqliyyat xidmətlərinə olan tələbatın yüksəlməsində rol oynayan amillər sırasındadır”.
Müsahibimizin sözlərinə görə, Bakıda metroda sərnişin sayının azalması əsasən alternativ ictimai nəqliyyat vasitələrinin daha komfortlu olması ilə əlaqədardır:
“Kondisionerli avtobusların fəaliyyəti, marşrutların genişlənməsi, avtobus yollarının salınması və ünvana birbaşa çatdırılma imkanları bəzi hallarda sərnişinlərin metrodan avtobusa yönəlməsinə səbəb olur. Bu vəziyyət eyni zamanda metro xətlərinin və stansiyalarının genişləndirilməsinə ehtiyac yarandığını da göstərir. Son illərdə ölkəyə ekoloji cəhətdən təmiz “eko-avtobuslar” gətirilib və onlar artıq Bakıda fəaliyyət göstərir. Naxçıvanda da bu istiqamətdə ciddi işlər aparılıb, avtobus parkı yenilənib. Bu addımlar sərnişindaşımanın keyfiyyətini, rahatlığını və sürətini daha da artırıb və insanların bu nəqliyyat növünə üstünlük verməsinə şərait yaradıb. Bütün bu prosesləri yalnız yol tıxaclarının artması ilə əlaqələndirmək tam düzgün olmaz. Çünki söhbət təkcə Bakı şəhərindən deyil, ümumilikdə respublika üzrə aparılan statistik müşahidələrdən gedir. Bundan əlavə, əvvəlki illərlə müqayisədə nəqliyyat sahəsində tənzimləmə və şəffaflığın artırılması statistik məlumatların daha dəqiq aparılmasına imkan verib və bu da rəqəmlərdə artım kimi görünür”.
İqtisadçı paytaxtda taksilərin sayının azaldığını da vurğulayıb:
“Əvvəllər 70 mindən çox olan taksi sayı hazırda 25-30 min civarındadır. Bu isə şəhər üzrə taksi gedişlərinin süni şəkildə artmasına imkan vermir. Əksinə, qeyri-qanuni taksi fəaliyyətinin qarşısı ciddi şəkildə alınıb. Ümumi taksi gedişlərinin artımı isə respublika üzrə aparılan tənzimləmə və rəsmiləşdirmə tədbirlərinin nəticəsidir. Həm də yeni elektron taksi platformalarının tətbiqi bu nəqliyyat vasitəsindən istifadəni xeyli asanlaşdırıb. Həmçinin xidmət haqlarının münasib olması bir çox hallarda şəxsi avtomobildən istifadə etmək əvəzinə, taksiyə üstünlük verilməsini stimullaşdırır”./global.info
Motosiklet qəzaları artır - İntizam çatışmazlığı əsas səbəbdir? - AÇIQLAMA
Misir Mərdanova Ramiz Mehdiyevin həyat yoldaşının vəzifəsi verildi
Azərbaycanda benzin ucuzlaşacaq? - AÇIQLAMA
Maşındakı bu funksiyanı qışda aktivləşdirməyin, görmənizə təsir edir - ARAŞDIRMA
Bakıda tıxacların həlli üçün yeni yol SXEMİ – Hansı istiqamətlərdə tətbiq olunacaq?
"Qarabağ" "Ayntraxt"a qalib gəldi
İslam Səfərli küçəsi piyadalar üçün necə əlverişli ola bilər? – EKSPERT AÇIQLADI
İlham Əliyev Ümumdünya İqtisadi Forumu çərçivəsində panel iclasda iştirak edib - FOTOLAR
Qəzaların olmaması üçün hansı tədbirlər görülməlidir? - AÇIQLAMA - FOTO
Ana-bacı söyüşü söyənlər niyə məsuliyyətə cəlb edilmir? – Vəkildən AÇIQLAMA
Elektromobillərin batareyalarını neçə il istifadə etmək mümkünür? - ARAŞDIRMA











