Müsəlman ölkələri ABŞ və İsrailə qarşı niyə İrana kömək etmir? – Politoloq AÇIQLADI

Gündəm 18 Mart 2026 14:18
Müsəlman ölkələri ABŞ və İsrailə qarşı niyə İrana kömək etmir? – Politoloq AÇIQLADI
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Yaxın Şərq və regionda artan gərginlik fonunda səslənən açıqlamalar diqqət çəkir.

Avtosfer.az xəbər verir ki, politoloq Elxan Şahinoğlu sosial şəbəkə hesabında paylaşım edərək bildirib ki, Əli Laricani ölümündən öncə müsəlman ölkələrin İranı dəstəkləməməsindən narazılığını ifadə edib. Onun sözlərinə görə, mövcud qarşıdurma bir tərəfdə ABŞ və İsrail, digər tərəfdə isə İran və ona yaxın qüvvələr arasında gedir və bu kontekstdə ölkələr mövqelərini müəyyənləşdirməlidir.

Politoloq qeyd edib ki, İranın bu narazılığının səbəblərini ilk növbədə öz siyasətində axtarması daha doğru olardı. O xatırladıb ki, vaxtilə Azərbaycan da bəzi müsəlman ölkələrinin siyasətindən narazı idi. Baxmayaraq ki, İslam Konfransı Təşkilatı çərçivəsində Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən bəyanatlar qəbul edilirdi, praktikada bəzi üzv dövlətlər, o cümlədən İran, Ermənistanla əməkdaşlıq edirdi.

Elxan Şahinoğlu vurğulayıb ki, hazırda müsəlman ölkələri ABŞ və İsrailin İrana qarşı mümkün hərbi əməliyyatlarını dəstəkləməsələr də, Tehranı açıq şəkildə müdafiə etməyə də tələsmirlər. Onun fikrincə, bunun əsas səbəblərindən biri İranın region ölkələrinə qarşı zaman-zaman sərt addımlar atması, o cümlədən raket və pilotsuz uçuş aparatlarından istifadə etməsidir.

Politoloq eyni zamanda regionda digər gərginlik ocaqlarına da diqqət çəkib. Onun sözlərinə görə, Pakistan ilə Əfqanıstan arasında qarşıdurma genişlənməkdədir. Bildirilir ki, Pakistan ordusunun Kabil şəhərinə endirdiyi hava zərbələri nəticəsində çoxsaylı itkilər qeydə alınıb. Rəsmi İslamabad zərbələrin “Taliban”a aid hərbi hədəflərə yönəldiyini açıqlasa da, qarşı tərəf mülki obyektlərin də zərər gördüyünü iddia edir.

Ekspert qeyd edib ki, iki ölkə arasında fevral ayından etibarən davam edən qarşıdurma fasilələrlə də olsa səngimədən davam edir və sərhəd bölgələrində mütəmadi insidentlər qeydə alınır. Vasitəçilik cəhdlərinin isə hələlik nəticə vermədiyi bildirilir.

Elxan Şahinoğlu hesab edir ki, bölgədə eyni vaxtda bir neçə münaqişə ocağının aktivləşməsi – ABŞ və İsrailin İranla gərginliyi, İsrailin Livandakı əməliyyatları, eləcə də Pakistan-Əfqanıstan qarşıdurması – ümumi təhlükəsizlik mühitini daha da mürəkkəbləşdirir.

Politoloqun fikrincə, bu proseslərin davam etməsi humanitar vəziyyəti də ağırlaşdırır. O qeyd edib ki, müharibə və qeyri-sabitlik milyonlarla insanın qaçqına çevrilməsi və ərzaq çatışmazlığı riskini artırır. Birləşmiş Millətlər Təşkilatı tərəfindən verilən proqnozlara görə, Əfqanıstan əhalisinin təxminən yarısı – 21,9 milyon insan bu il humanitar yardıma ehtiyac duya bilər.

Bildirilib ki, mövcud şəraitdə Ümumdünya Ərzaq Proqramı regiona humanitar yardımların çatdırılması üçün alternativ marşrutlar üzərində işləyir. Bu marşrutlar sırasında Türkiyə, Gürcüstan, Azərbaycan, Xəzər dənizi və Türkmənistan üzərindən keçən logistika xətləri nəzərdən keçirilir.

Politoloq sonda vurğulayıb ki, regionda gərginliyin artması həm siyasi, həm də humanitar baxımdan ciddi risklər yaradır və bu vəziyyət beynəlxalq ictimaiyyətin daha fəal mövqe sərgiləməsini zəruri edir.

Eltac Zülfüqaroğlu

Oxunub : 102
ŞƏRH YAZ
Ad

E-mail

Şərh