Naxçıvandan Pakistana qatarla getmək mümkün olacaq? – Detallar AÇIQLANDI

Gündəm 13 Avqust 2026 09:30
Naxçıvandan Pakistana qatarla getmək mümkün olacaq? – Detallar AÇIQLANDI
WhatsApp kanalımıza abunə olun

Naxçıvanla İran və Pakistan arasında dəmir yolu əlaqəsinin yaradılması regionda yeni nəqliyyat imkanları aça bilər. Dəhlizlərin və müvafiq dəmir yolu xətlərinin istifadəyə verilməsi ilə perspektivdə Naxçıvandan Pakistana sərnişin qatarlarının hərəkəti də gündəmə gələ bilər.

Avtosfer.az xəbər verir ki, nəqliyyat eksperti Rauf Ağamirzəyev bu marşrutun texniki baxımdan mümkünlüyünü qiymətləndirib.

Ekspertin sözlərinə görə, burada əsas məsələlərdən biri Azərbaycan, İran və Pakistanın dəmir yollarında fərqli iz enlərinin tətbiq olunmasıdır.

Belə ki, Azərbaycan və Naxçıvanda 1520 mm, İranda 1435 mm, Pakistanda isə 1676 mm-lik dəmir yolu izindən istifadə edilir. Bu isə marşrut boyunca qatarların birbaşa hərəkəti üçün texniki uyğunlaşdırma tələb edir.

Rauf Ağamirzəyev bildirib ki, iz enlərinin dəyişdirilməsi ilə bağlı artıq praktikada istifadə olunan texnologiyalar mövcuddur. 2018-ci ildə Gürcüstanın Axalkalaki şəhərində Stadler Rail tərəfindən sərnişin vaqonları üçün avtomatik təkər dəsti dəyişdirmə sistemi tətbiq edilib.

Bu sistem vaqonun bögilərini dəyişmədən təkər cütlərinin iz eninin avtomatik şəkildə 1520 mm-dən 1435 mm-ə uyğunlaşdırılmasına imkan verir. Proses qatarın aşağı sürətlə hərəkəti zamanı həyata keçirilir.

Ekspert hesab edir ki, oxşar texnologiyanın gələcəkdə Culfa istiqamətində tətbiqi Naxçıvan–İran dəmir yolu bağlantısı baxımından maraqlı həll ola bilər. Belə olan halda marşrut təxminən bu şəkildə formalaşa bilər:

Naxçıvan – 1520 mm → Culfa – iz eninin 1520 mm-dən 1435 mm-ə dəyişdirilməsi → İran – 1435 mm → Pakistan – 1676 mm.

Rauf Ağamirzəyev qeyd edib ki, Pakistan istiqamətində isə əlavə texniki məsələ yaranır. Çünki İran dəmir yollarında istifadə olunan 1435 mm-lik iz eni Pakistanın 1676 mm-lik sistemi ilə uyğun gəlmir.

“Pakistan istiqamətində 1435 mm-dən 1676 mm-ə keçid üçün ayrıca uyğunlaşdırılmış dəyişən izli təkər sistemi və müvafiq infrastruktur tələb olunacaq”, – deyə ekspert bildirib.

Bu baxımdan Culfa gələcəkdə sadəcə sərhəd-keçid məntəqəsi deyil, həm də müxtəlif dəmir yolu iz enlərinin uyğunlaşdırıldığı strateji nəqliyyat qovşağına çevrilə bilər.

Ekspert hesab edir ki, texnologiya baxımından Naxçıvandan İran üzərindən Pakistana fasiləsiz sərnişin dəmir yolu bağlantısı prinsipcə mümkündür. Lakin bunun reallaşması üçün yalnız dəmir yolu xətlərinin tikintisi kifayət etmir. Müxtəlif iz enlərinin uzlaşdırılması, sərhəd və gömrük prosedurları, infrastrukturun uyğunlaşdırılması, vaqon parkı və beynəlxalq sərnişin daşımalarının təşkili də həll edilməli olan əsas məsələlərdəndir.

Beləliklə, Naxçıvan–İran–Pakistan marşrutunda dəmir yolu ilə sərnişin daşımalarının təşkili texniki baxımdan mümkünsüz deyil. Əsas məsələ fərqli dəmir yolu sistemlərinin vahid və səmərəli nəqliyyat konsepsiyasında birləşdirilməsidir.

Eltac Zülfüqaroğlu

Oxunub : 320
ŞƏRH YAZ
Ad

E-mail

Şərh