Nəqliyyat sistemi modernləşdirilir – Tıxacla mübarizədə başqa addımlar da atılmalıdır

Bakıda ictimai nəqliyyat sisteminin modernləşdirilməsi istiqamətində bir sıra mühüm addımlar atılıb. Şəhərin əsas yollarında yeni, müasir avtobuslar istifadəyə verilib, marşrut şəbəkəsi optimallaşdırılıb və sərnişinlər üçün komfortlu şərait yaradılıb. Lakin bəzi nəqliyyat növləri var ki, xüsüsən də köhnə avtobuslar cəmiyyətdə narazılıqlar yaradır. Nəqliyyat sisteminin modernləşdirməsi çərçivəsində köhnə nəqliyyat vasitələrinin də yenilənməsi mühümdür. Görəsən, bu istiqamətdə başqa hansı addımlar atılacaq?
Nəqliyyat eksperti Adil Nəbiyev Avtosfer.az-a bildirib ki, son illər Bakıda ictimai nəqliyyatın modernləşdirilməsi istiqamətində həyata keçirilən tədbirləri ümumilikdə müsbət və strateji baxımdan düzgün istiqamətdə atılmış addımlar kimi qiymətləndirmək olar:

“Bu sahədə aparılan islahatlar təkcə nəqliyyatın yenilənməsi deyil, həm də şəhərin ümumi hərəkət sisteminin daha səmərəli və dayanıqlı hala gətirilməsinə yönəlib. Xüsusilə avtobus parkının yenilənməsi, elektrikli nəqliyyat vasitələrinin tətbiqi, metro infrastrukturunun genişləndirilməsi və rəqəmsal həllərin tətbiqi bu prosesin əsas sütunlarını təşkil edir. Müşahidə olunan əsas yeniliklərdən biri avtobusların keyfiyyətcə yenilənməsidir. Son illərdə yüzlərlə müasir avtobus, o cümlədən elektrik və sıxılmış qazla (CNG) ilə işləyən nəqliyyat vasitələri istifadəyə verilib. Təkcə son dövrlər paytaxta yüzlərlə çox elektrik avtobusunun gətirilməsi və bu istiqamətdə davam edən layihələr ictimai nəqliyyatın daha ekoloji və komfortlu olmasına xidmət edir. Eyni zamanda, ölkədə elektrikli avtobusların yerli istehsalına başlanılması bu sahədə uzunmüddətli inkişafın planlaşdırıldığını göstərir. Bu addımlar həm xidmət keyfiyyətini artırır, həm də şəhərdə ekoloji yükün azalmasına töhfə verir”.
Ekspertin sözlərinə görə, digər mühüm istiqamət metro sisteminin inkişafıdır: “Hazırda Bakıda 10 yeni metro stansiyasının tikintisi planlaşdırılır və bu, şəhərin nəqliyyat xəritəsində ciddi dəyişikliklər vəd edir. Bununla yanaşı, yeni vaqonların alınması, qatar intervalının azaldılması və rəqəmsal informasiya sistemlərinin tətbiqi sərnişin rahatlığını artıran mühüm yeniliklərdir. Uzunmüddətli perspektivdə isə yüngül relsli nəqliyyat xətlərinin yaradılması planları şəhərin nəqliyyat sistemini daha da şaxələndirməyi hədəfləyir”.
Bununla belə, Adil Nəbiyev hesab edir ki, yeni nəqliyyat vasitələrinin istifadəyə verilməsi tıxac problemini təkbaşına həll etmək gücündə deyil: “Avtobusların sayının artırılması və keyfiyyətinin yaxşılaşdırılması insanların şəxsi avtomobildən imtina etməsinə müəyyən qədər təsir göstərə bilər. Lakin bu, yalnız kompleks yanaşmanın bir hissəsidir. Əgər şəhərdə avtomobillərin sayı sürətlə artmağa davam edirsə və yol infrastrukturu eyni tempdə inkişaf etmirsə, tıxac problemi qalmaqda davam edəcək. Tıxacların azalması üçün daha geniş və sistemli addımların atılması vacibdir. İlk növbədə, ictimai nəqliyyatın sürət və etibarlılıq baxımından rəqabət qabiliyyəti artırılmalıdır. Bunun üçün xüsusi avtobus zolaqlarının genişləndirilməsi və ciddi nəzarət altında saxlanılması mühüm əhəmiyyət daşıyır. Avtobuslar tıxacda qalırsa, vətəndaş üçün ictimai nəqliyyat cəlbedici olmur. Bundan əlavə, nəqliyyatın inteqrasiyası gücləndirilməlidir. Metro, avtobus və gələcəkdə planlaşdırılan LRT xətlərinin bir-biri ilə koordinasiyalı işləməsi, vahid marşrut planlaması və rahat keçid imkanları sərnişin axınını daha düzgün yönləndirə bilər. Bu baxımdan, artıq tətbiq olunan vahid ödəniş sistemi də mühüm addımdır və bu istiqamət daha da inkişaf etdirilməlidir. Digər vacib məsələ şəhərsalma və nəqliyyat siyasətinin uyğunlaşdırılmasıdır. Şəhərin mərkəzinə avtomobil axınının azaldılması üçün parklanma siyasətinin sərtləşdirilməsi, “park et və davam et” (park&ride) sistemlərinin qurulması və alternativ nəqliyyat vasitələrinin – velosiped və piyada infrastrukturlarının inkişafı da vacibdir. Eyni zamanda, ictimai nəqliyyatın istifadə mədəniyyətinin formalaşdırılması da diqqətdən kənarda qalmamalıdır. İnsanlar üçün ictimai nəqliyyatın daha rahat, təhlükəsiz və vaxt baxımından sərfəli olması təmin olunarsa, şəxsi avtomobildən istifadənin azalması daha real olar. Nəticə olaraq demək olar ki, Bakıda ictimai nəqliyyatın modernləşdirilməsi istiqamətində görülən işlər düzgün istiqamətdə atılan ciddi addımlardır və artıq müəyyən nəticələr verməkdədir. Lakin tıxac probleminin həlli üçün təkcə yeni avtobusların alınması kifayət deyil. Bu məsələ yalnız kompleks yanaşma infrastruktur idarəetmə, nəzarət və davranış dəyişikliklərinin birlikdə tətbiqi ilə effektiv şəkildə həll oluna bilər".
Fatimə Dadaşova
Bu qəsəbədə yol sürücülərin kabusuna çevrilib - Maddi ziyan qaçılmazdır - VİDEO
Bakıda avtobus zolaqları genişlənəcək - Ekspert açıqladı
“Nizami” metrosunun qarşısında velosipedçilərin təhlükəsizliyi təmin edildi - VİDEO
Robert Köçəryanın Qarabağla bağlı dedikləri Ermənistanı çalxalayıb - POLİTOLOQ
Ramazan ayının iyirmi yeddinci gününün duası: İmsak və iftar vaxtı
Çin maşınlarının satışı azalıb; səbəb bu imiş - RƏSMİ
Netanyahu hakimiyyətdən getmə qorxusu ilə hər dəfə müharibə başladır - POLİTOLOQ
İntensiv qar yağacaq, 17 dərəcə şaxta olacaq - PROQNOZ
Dünyanın ən güclü xüsusi təyinatlıları - SİYAHI
Paytaxtda 20 istiqamətdə tıxac var - SİYAHI
Azərbaycanda ətin qiyməti artır: Əsas səbəblər və bazardakı vəziyyət AÇIQLANDI










