Ölkəmizdə ictimai təhlükəsizlik və kriminal durum tam nəzarət altındadır - ŞƏRH

Gündəm 4 İyul 2026 22:38
Ölkəmizdə ictimai təhlükəsizlik və kriminal durum tam nəzarət altındadır - ŞƏRH
WhatsApp kanalımıza abunə olun

Azərbaycan polisi son illərdə ciddi şəkildə modernləşərək müasir tələblərə uyğun xidmət göstərən bir quruma çevrilib. Təbii ki, 1990-cı illərdə polis orqanları ilə bağlı müəyyən neqativ hallar mövcud idi və bu səbəbdən cəmiyyətdə polisə münasibət birmənalı deyildi, hətta bəzi hallarda qorxu və ehtiyat hissi də yaranırdı. Lakin Ulu Öndər Heydər Əliyevin hakimiyyətə gəlişindən etibarən və sonrakı dövrdə Prezident İlham Əliyevin diqqət və qayğısı nəticəsində daxili işlər orqanlarında ardıcıl islahatlar aparıldı. Bu islahatlar nəticəsində polis orqanları öz fəaliyyətini təkmilləşdirərək struktur və peşəkarlıq baxımından davamlı inkişaf yolu keçdi və bu gün daha müasir, səmərəli və etibarlı xidmət səviyyəsinə çatıb. Avtosfer.az xəbər verir ki, bunu AZƏRTAC-a açıqlamasında “Jurnalistika və İnkişaf Mərkəzi” İctimai Birliyinin sədri, nəqliyyat eksperti Elməddin Muradlı deyib.

Təşkilat sədrinin sözlərinə görə, polis-vətəndaş münasibətlərində ünsiyyət əsas amildir. Polisin artıq vətəndaşla ünsiyyətinin nə dərəcədə səmimi və insani dəyərlər üzərində qurulduğu göz önündədir. Xarici dil biliklərinə daha çox üstünlük verilir. İstər post-patrul xidməti, istər çevik polis alayı, yol-patrul xidməti və Daxili İşlər orqanlarının digər qollarında xidmət aparan əməkdaşlarının bu cür bilik və bacarıqları həmişə yüksək qiymətləndirilir. Bu gün bir çox ölkələrdən Azərbaycana gələn turistlər rahat şəkildə öz paylaşımlarında bunu qeyd edirlər ki, Azərbaycan polisi günün 24 saatı iş başındadır, xidmətdədir və daim xarici qonaqların təhlükəsizliyini də təmin edir. Yəni Azərbaycan vətəndaşlarına polis necə qayğı göstərirsə, onların təhlükəsizliyini necə təmin edirsə, xarici vətəndaşlara da bu cür yanaşır.

E.Muradlı bildirib ki, Daxili İşlər orqanlarına işə qəbul prosesində şəffaflığı xüsusi vurğulamaq lazımdır. Daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov tez-tez bölgələrdə, elə paytaxt Bakıda sıra baxışları keçirir. Yüzlərlə gənc Daxili İşlər orqanlarında işə qəbul olunur, növbəti mərhələlərə keçid qazanırlar. Təbii ki, bu əməkdaşlar təlimlərə cəlb edilir, müxtəlif təlim proseslərindən sonra onlar xidmətə çıxa bilirlər. Peşəkar heyətin seçilməsi kriminal vəziyyətin tamamilə nəzarət altında olmasına gətirib çıxarır.

"Bu gün polisin maddi-texniki bazası o qədər güclü inkişaf edib ki, bunu bir çox ölkələrə nümunə göstərə bilərik. Məsələn, kibertəhlükəsizliklə bağlı məsələlərdə, sosial şəbəkələrdə baş verən neqativ hallara qarşı mübarizədə biz Azərbaycan polisinin nə qədər irəli getdiyini, nə qədər təkmilləşdiyini görə bilirik.

Bu gün polis əməkdaşlarının sosial müdafiəsi yüksək səviyyədədir. Müasir texnologiyalar, intellektual idarəetmə sistemləri, yüksək hazırlıqlı kadrlar sayəsində biz polisin operativ və effektiv fəaliyyətini görürük. Daxili İşlər Nazirliyinin 102 xidməti vətəndaşların ümid yeridir. Ən kiçik bir problemlə üzləşəndə belə artıq vətəndaş bilir ki, hara müraciət etməlidir.

Ən ağır faciələr, fövqəladə hallar, dəhşətli yanğınlar, sel, daşqınlar zamanı biz Azərbaycan polisinin alovun, suyun içində, öz həyatını təhlükəyə ataraq necə xidmət etdiyini, insanlara dayaq olduğunu, onların həyatını xilas etdiyini görmüşük. Bunları heç vaxt unutmaq olmaz.

Bu gün xalq-polis birliyi göz önündədir. Polislərin göstərdiyi xidmət vətəndaşların rəğbəti ilə ölçülür. Qanun keşikçisi kimi yanaşdığımız polis həm də insanların bəzi problemlərinin həllində köməkçi kimi iştirak edir.

Beynəlxalq sahədə də Azərbaycan polisinin uğurları var. Transsərhəd ərazilərdə müxtəlif cinayətkar birləşmələrin fəaliyyəti, narkotiklərin dövriyyəsi daim polisin nəzarətindədir, onlara qarşı tez-tez əməliyyatlar keçirilir, neqativ hallar dərhal aradan qaldırılır. Bu onu göstərir ki, Azərbaycan polisinin artıq ölkə sərhədlərindən kənarda da geniş imkanları var, bir çox ölkələrlə səmərəli əməkdaşlıq nəticəsində axtarışda olan şəxslərin tapılması, məsuliyyətə cəlb olunması təmin edilir. Narkotiklərlə mübarizədə polisin amansız fəaliyyətini, yəni heç bir güzəştsiz yanaşmasını görürük. Əminəm ki, bu cür mübarizə üsulları tezliklə cinayətkarlığın, narkotik şəbəkəsinin daha da zəifləməsinə gətirib çıxaracaq ki, bu, bizi sevindirəcək, çünki bu sahədə qətiyyətli addımlar atılır. Tam əminliklə deyə bilərəm ki, ölkəmizdə ictimai təhlükəsizlik və kriminal durum tam nəzarət altındadır", - deyə ekspert bildirib.

Azərbaycan polisinin xidmətlərinin bununla bitmədiyini qeyd edən mütəxəssis Azərbaycanın ərazi bütövlüyünün təmin olunmasında Daxili İşlər orqanlarının rolundan danışıb. Bildirilib ki, həm Birinci, həm də İkinci Qarabağ müharibələrində Azərbaycan polisinin, Daxili Qoşunların şəxsi heyətinin ön cəbhədə fədakarlığı, çoxlu sayda şəhid verməsi danılmaz faktdır: "Bu gün Daxili Qoşunlar həm cəbhə zonasında öz fədakarlığı ilə böyük nüfuz qazanıb, eyni zamanda, ictimai asayişin qorunmasında, kütləvi iğtişaşların yatırılmasında da onların böyük xidmətləri var.

Təbii ki, Azərbaycanda qarışıqlıq yaratmaq istəyən qüvvələr olub, buna fərqli yollarla cəhdlər ediblər. Lakin Azərbaycan polisi və Daxili Qoşunlar həmişə ayıq-sayıqlığı ilə bu cür neqativlərin qarşısını alıb.

Bundan başqa, 2020-ci ildə pandemiya, müharibə şəraiti, komendant saatı, təhlükəsizliyin təmin olunması - bunlar o qədər ağır işlər idi ki, Azərbaycan polisi qətiyyətlə, yorulmadan bunların öhdəsindən uğurla gəldi.

Azərbaycan polisi təkcə ictimai asayişin qorunmasında deyil, həm də hər zaman ekoloji terrora qarşı mübarizədə də xalqın yanındadır. Bu gün ekoloji problemlərin həllində də polisin müstəsna xidmətləri var. Məsələn, meşələrin qırılmasına, qanunsuz ova qarşı polis həmişə ayıq-sayıqdır, mübarizə aparır. Bu nöqteyi-nəzərdən Azərbaycan polisinin xidmətlərini qiymətləndirmək lazımdır.

Bununla yanaşı, ölkəmiz müxtəlif genişmiqyaslı tədbirlərə ev sahibliyi edir. Həmin tədbirlərin keçirildiyi dövrlərdə Daxili İşlər orqanlarının əməkdaşları gücləndirilmiş iş rejimində xidmət aparırlar. Bunlar isə bir fədakarlıqdır, yəni xidmətdən daha artıq yanaşmadır".

Oxunub : 302
ŞƏRH YAZ
Ad

E-mail

Şərh