Banner

Orta Dəhlizin cəlbediciliyi üçün vahid rəqəmsal platforma vacibdir - Ekspert

Gündəm 15 Yanvar 2026 19:39
Orta Dəhlizin cəlbediciliyi üçün vahid rəqəmsal platforma vacibdir - Ekspert
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Blokçeyn texnologiyalarının tətbiqi bir neçə il əvvəl Gürcüstan və Bakı Limanı arasında nəzərdə tutulsa da, Orta Dəhliz üzrə hələlik vahid yanaşma formalaşmayıb. Rəqəmsallaşma sahəsində isə hər bir ölkə öz milli sistemini qurur. Bu sistemlərin vahid platforma üzərindən inteqrasiyası isə olduqca vacibdir. Avtosfer.az xəbər verir ki, bu fikirləri AZƏRTAC-a açıqlaması zamanı nəqliyyat üzrə ekspert Rauf Ağamirzəyev bildirib.

Ekspertin sözlərinə görə, konteyner dövriyyəsində artım artıq müşahidə olunur. Ötən ilin sonunda Ələt Limanında 100 mininci konteyner qarşılanıb, ilin sonuna qədər isə bu rəqəm 105 minə çatıb.

“Bu artım dinamikası uzun illərdir davam edir və böyük ehtimalla bu il də yüksələcək. Çin istiqamətindən Azərbaycana doğru hərəkət edən blok qatarların sayı artıb və yaxın illərdə bu tendensiyanın davam edəcəyi gözlənilir. Bunun üçün real zəmin mövcuddur. Belə ki, ötən ilin sonunda Gürcüstan ərazisində bir sıra mühüm infrastruktur layihələri istifadəyə verilib. Xüsusilə Gürcüstanın şərqini və qərbini birləşdirən Tbilisi–Maxinjauri dəmir yolu xətti tranzit imkanlarını əhəmiyyətli dərəcədə genişləndirib. Bu xəttin ötürücülük qabiliyyəti 27 milyon tondan 48 milyon tona yüksəldilib, eyni zamanda, tranzit vaxtı azaldılıb”, - deyə Rauf Ağamirzəyev əlavə edib.

Ekspert qeyd edib ki, rəqəmsallaşma ilə yanaşı, avtomobil yolları üzrə də irəliləyişlər var: “Gürcüstanda “Şərq–Qərb” marşrutunun ən çətin hissəsi hesab olunan Rikoti aşırımı artıq istifadəyə verilib. Bu, Tbilisidən Qara dəniz limanlarına çıxışı xeyli sürətləndirib. Hazırda 62 kilometrlik yolun yalnız kiçik bir hissəsi qalıb ki, o da ya bu il, ya da gələn ilin ortalarına qədər tamamlanacaq. Bu isə konteyner daşımalarının həcminin artmasına əlavə imkan yaradacaq. Ümumilikdə quru nəqliyyatında ən vacib amil tranzit vaxtıdır. Tranzit vaxtına isə iki əsas faktor təsir edir: infrastruktur və rəqəmsallaşma. İnfrastrukturda mövcud dar boğazlar aradan qaldırıldıqdan sonra rəqəmsal həllərin ölkələr arasında sinxronlaşdırılması Orta Dəhlizi daha cəlbedici edəcək və konteyner dövriyyəsini artıracaq”.

R.Ağamirzəyev bildirib ki, eyni zamanda sərhəd-keçid məntəqələrində də birgə fəaliyyət gücləndirilməli, rəqəmsallaşma prosesi sürətləndirilməlidir.

“Sərhəd-keçid stansiyalarının optimallaşdırılması vacibdir. Xüsusilə Gürcüstan ərazisində uzun dəmir yolu stansiyalarının tikintisinə ehtiyac var. Çünki blok qatar stansiyaya tam yerləşmədikdə onun bölünməsi tələb olunur ki, bu da əlavə xərclərə və əməliyyat səmərəliliyinin azalmasına səbəb olur. Uzun stansiyalar inşa edildikdən və sərhəd-keçidlərdə rəqəmsal proseslər tam tətbiq olunduqdan sonra həm daha sürətli keçid, həm də daha böyük həcmdə yük daşınması mümkün olacaq. Digər mühüm məqam isə Azərbaycanda nəqliyyat marşrutlarının şaxələndirilməsidir. Bu istiqamətdə görülən işlər yaxın iki il üçün müsbət perspektiv yaradır. Zəngəzur dəhlizinin tam fəaliyyətə başlaması gözlənilir. Bu da Türkiyə istiqamətində alternativ nəqliyyat marşrutu yaradacaq. Nəticədə Orta Dəhlizin dayanıqlılığı artacaq, yük axını genişlənəcək və şaxələndirilmiş nəqliyyat sistemi formalaşacaq”, - deyə ekspert diqqətə çatdırıb.

Oxunub 116
ŞƏRH YAZ
Ad

E-mail

Şərh