“Şəhər nəqliyyatını iflic etmək olmaz” - Deputatdan ÇAĞIRIŞ

Şəhərlərdə nəqliyyat sıxlığı artıq yalnız yol hərəkəti və infrastruktur problemi kimi deyil, insanların gündəlik həyatına birbaşa təsir edən sosial məsələ kimi də müzakirə olunur. Sıxlıq səbəbindən ictimai nəqliyyatın həddindən artıq dolması, insanların uzun müddət yolda qalması, taksi xidmətlərinin bahalaşması və nəticədə vətəndaşların işə, dərsə və digər vacib ünvanlara gecikməsi gündəlik həyatın keyfiyyətinə ciddi təsir göstərə bilir.
Məsələnin insan hüquqları aspektindən maraqlı tərəfi isə budur: vətəndaşın işinə və ya təhsil müəssisəsinə vaxtında çata bilməməsi, nəqliyyat xidmətlərinin müəyyən insanlar üçün maddi baxımdan əlçatmaz olması və şəhər daxilində təhlükəsiz və əlçatan hərəkət imkanlarının məhdudlaşması hansı həddə hüquqi problem hesab edilə bilər?
Mövzu ilə bağlı danışan Milli Məclisin insan hüquqları komitəsinin üzvü Hikmət Babaoğlu bildirdi ki, cəmiyyətdə, ictimai nəqliyyatda, ictimai münasibətlərdə üzləşdiyimiz hər hansı problemin mütləq hüquqi aspekti var:
"Çünki hüquq vətəndaşlara tanınmış haqqdır. Amma həm də vəzifə anlayışını unutmadan hüquqlarımızı tələb etməliyik. Hüquqlarımız nədir, vəzifələrimiz nədir? Bu iki anlayışı bir-birindən ayırmadan bütün məsələlərə şamil etsək, mənə elə gəlir ki, ən müxtəlif problemləri ən qısa müddətdə həll etmək mümkündür. Şübhəsiz ki, hər bir Azərbaycan vətəndaşının ictimai nəqliyyatdan istifadə etmək və optimal vaxtda A nöqtəsindən B nöqtəsinə çatmaq hüququ var. Bunu təmin edən isə, şübhəsiz ki, yol və nəqliyyat infrastrukturu sahəsində məsul olan şəxslərdir. Onlar bu hüququ təmin etməklə mükəlləfdirlər".
Millət vəkili qeyd etdi ki, hazırda tıxacların yaranmasının obyektiv və subyektiv səbəbləri var:
"Obyektiv səbəbləri biz bilirik. Subyektiv səbəblər isə bundan ibarətdir ki, şəhər nəqliyyatının idarə olunması ilə bağlı müasir metodların tətbiqində hələ də problemlər var. İkincisi, Azərbaycan Prezidenti tərəfindən təsdiq olunmuş 2030-cu ilə qədər Bakı şəhərinin nəqliyyat infrastrukturunun yenilənməsi prosesinin icra edilməsində problemlər var. Bu iki məsələ qısa müddətdə həllini tapmalıdır ki, nəhayət, hamını narahat edən bu problemlərdən xilas olaq. Ona görə “problem nədir?” sualının cavabı budur: Doğrudur, proqram 2030-cu ilə qədər yekunlaşmalıdır. Amma bu, o demək deyil ki, hazırda Bakı şəhərinin bir sıra ərazilərində olduğu kimi yolu bağlayıb, tunel çəkmək üçün qazma işləri aparıb, sonradan işi davam etdirmədən 2030-cu ili gözləmək lazımdır. Yəni “onsuz da 2030-cu ilə altı ay qalana qədər bu işləri başa çatdıra bilərəm, qoy bu il də belə qalsın” məntiqi doğru deyil. Mənə elə gəlir ki, əgər Ziya Bünyadov adına prospektə paralel prospektin çəkildiyi istiqamətə diqqət etsək, dediyim problemi orada çox aydın görmək olar. Bu da digər paralel yollar üzərində təzyiq yaradır".
Müsahibimizin sözlərinə görə, ardıcıllıq məsələsinə də xüsusi diqqət yetirmək lazımdır.
"Eyni vaxtda nəzərdə tutulan bütün layihələri başlayıb şəhər nəqliyyatını iflic etmək olmaz. Burada ardıcıllıq və optimal vaxt rejimi tətbiq olunmalıdır. İşlər növbəli şəkildə həyata keçirilməlidir ki, biri digərinin ardınca bağlansın və digər nəqliyyat arteriyaları yükü öz üzərinə götürə bilsin. Mənə elə gəlir ki, bununla bağlı müvafiq qurumlar ictimaiyyətə hesabat təqdim etməlidirlər ki, biz bu prosesi necə həyata keçiririk. Burada xaos varmı, yoxsa ardıcıllıq və planlı şəkildə işin davam etdirilməsi varmı? Hansı iş nə üçün və hansı növbəliliklə həyata keçirilir? Yəni bunu ictimaiyyətə izah etmək lazımdır ki, vətəndaşlarda bir rahatlıq hissi yaransın. Əgər tənqidi istiqamətlər varsa, onlar da öz həllini tapsın.
Təsadüfi deyil ki, bütün dövlət qurumlarında ictimaiyyətlə əlaqələr şöbələri var və bunların vəzifəsi məhz ictimaiyyəti görülən işlərlə bağlı məlumatlandırmaqdır. Belə olan halda həm prosesi icra edən qurumların məsuliyyəti artar, həm də ictimai rəydə bir əminlik, yəqinlik və rahatlıq yaranar ki, bu problem keçicidir. Ona görə də mən düşünürəm ki, Azərbaycan Prezidentinin müvafiq qurumlar qarşısında qoyduğu bu məsələ qeyd etdiyimiz məsuliyyətlə icra olunarsa, qısa müddətdə biz bu nəqliyyat problemini uyğun qrafik üzrə həll edə bilərik", - deyə H.Babaoğlu vurğuladı./redaktor.az
Tıxacda saatlarla qalan sürücülərə pis xəbər – XƏBƏRDARLIQ!
Sürücülərin NƏZƏRİNƏ! - Bu küçələrdə tıxac var - FOTO
Dünyanın gündəmi son 6 ildə necə dəyişib? - POLİTOLOQ
Bakının yeni tramvay marşrutu - Məhəmmədi, Binəqədi, "28 May"... - FOTO
Neftin qiymətində artım büdcə gəlirlərinə necə təsir edəcək? – DEPUTAT
Azərbaycan TDT üçün niyə mühüm ölkədir? – POLİTOLOQ
DYP-dən traktor və kənd təsərrüfatı texnikalarının sürücülərinə XƏBƏRDARLIQ
Ukraynanın hücumları Rusiya seçkilərinə necə təsir etdi? – Politoloq
Abşeron sahillərində nəqliyyat yükü necə azaldılmalıdır? – EKSPERT
Bir zolaq ləğv edilsin, yerinə velosiped yolu çəkilsin – TƏKLİF
Bu yollarda tıxac var - SİYAHI - FOTO












