Sərnişindaşıma qaydaları ilə bağlı yeni tələblər nələrdir? – Ekspert AÇIQLADI - VİDEO

Gündəm 14 Aprel 2026 09:00
Sərnişindaşıma qaydaları ilə bağlı yeni tələblər nələrdir? – Ekspert AÇIQLADI - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Artıq bir müddətdir ki, ölkədə sərnişindaşıma fəaliyyəti istiqamətində nəzarət tədbirləri ilə bağlı addımlar atılır. Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən də ötən həftə açıqlanan qərarda da bildirildi ki, sifarişli sərnişindaşımalarda tələblər dəyişdirilib.

Edilən dəyişikliklərlə bağlı nəqliyyat eksperti Elməddin Muradlı Avtosfer.az-ın sosial şəbəkə hesablarında məlumat verib. O bildirib ki, Son vaxtlar qeyri-müntəzəm sərnişindaşıma və yükdaşıma ilə bağlı qəza hallarının artması müşahidə edilib. Bunlara bir neçə nümunə göstərmək olar: ötən ilin sentyabrında Biləcəri körpüsündə icazəsi olmayan yük avtomobili minik avtomobilinin üzərinə aşdı, dekabr ayında Sahil qəsəbəsi ərazisində qanunsuz sərnişindaşıma fəaliyyəti göstərən avtobus qəzaya uğradı, eyni ayda Şəmkirdə də işçiləri daşıyan mikroavtobus su kanalına aşdı. Bütün bu hadisələr nəticəsində isə həlak olanlar və xəsarət alanlar olub.

“Dəyişiklikdən əvvəl icazə almaq tələb olunan sənədlər fərdi sahibkar olduqda, şəxsiyyəti təsdiq edən sənəd; hüquqi şəxs olduqda, hüquqi şəxslərin dövlət reyestrindən çıxarış; vergi ödəyicisi kimi uçota alınması haqqında şəhadətnamə idi. Bu isə sifarişli yük və sərnişindaşımaya nəzarətin həyata keçirilməsində çətinlik yaradırdı. Sifarişli sərnişindaşımaya misal olaraq turist və ya rayonlararası sifarişli daşıma həyata keçirən avtobusları, mikroavtobusları və minik avtomobilləri, korporativ servis xidmətlərini və özəl tədbirlər üçün kirayələnən nəqliyyat vasitələrini göstərmək olar.

Daşıma fəaliyyəti icazə almaq üçün tələb olunacaq əlavə sənədlər:

1.Sürücünün narkotik sərxoşluq vəziyyəti barədə tibbi müayinəsinin nəticəsi haqqında məlumat;

2.Avtonəqliyyat vasitələrinin texniki vəziyyətinin reysqabağı yoxlanılması;

3.Sürücülərin reysqabağı tibbi müayinəsi; 

4.Sürücülərin xüsusi hazırlıq keçməsini təsdiq edən sənədlər. Yəni sürücülər AYNA-nın Təlim-Tədris Mərkəzində xüsusi hazırlıq keçməli və Dövlət İmtahan Mərkəzində imtahan verməlidir;

5.Avtonəqliyyat vasitəsi ilə daşınan sərnişinlərin fərdi qəza sığortası;

6.Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin, həmçinin avtonəqliyyat vasitəsi sürücüsünün bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta;

7.“B” və ya “BE” kateqoriyaları üzrə nəqliyyat vasitələrini idarə etmək hüququnu təsdiq edən sürücülük vəsiqəsi, yaşı 21-dən çox və minimum 2 il sürücülük təcrübəsi tələb olunur.

Neçə gündür bu məsələlər müzakirə olunur. Hamı deyir ki, bu sənədlərə görə taksidə qiymətlər artacaq. Çünki artıq taksi sürücüsündən fərdi qəza sığortası və başqa sənədlər tələb olunur. Bu xərclər toplanacaq və taksi sifarişi bahalaşacaq. Lakin AYNA-nın paylaşdığı məlumatda qeyd olunur ki, Nazirlər Kabinetinin 7 aprel tarixli 210 nömrəli qərarı yalnız sifarişli qeyri-müntəzəm sərnişindaşıma fəaliyyətinə aiddir və taksi sahəsini əhatə etmir”.

Elməddin Muradlının canlı yayımdan həmin videosunu sizə təqdim edirik.

Səfər

Oxunub : 430
ŞƏRH YAZ
Ad

E-mail

Şərh