Sonsuz tıxac, tarıma çəkilən əsəblər və rəhbəri yeni dəyişilən qurum: Xəbərdarlıqsız təmirə görə kimə "təşəkkür edək"?

Şənbə günü, fevralın 7-si axşam saatlarında Bakı-Sumqayıt avtomobil yolunda sürücülərin səbəbini anlaya bilmədiyi, kilometrlərlə uzanan tıxac yarandı. Üstəlik, paytaxtın Tbilisi, Moskva, Azadlıq prospektlərində, 3-cü mkr dairəsində hərəkət, demək olar ki, dayanmışdı. Doğrudur, adi günlərdə də sözügedən istiqamətdə sıxlıq müşahidə olunur və sürücülər mənzilbaşına gec çatırlar. Lakin şənbə günü belə bir vəziyyət təbii çaşqınlıq yaratdı. Sonradan məlum oldu ki, bu xaos təsadüfi deyil, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) xəbərdarlıq etmədən həyata keçirdiyi işin nəticəsi idi.
Avtosfer.az oxu.az-a istinadən xəbər verir ki, sürücülər saatlarla tıxacda qalarkən vəziyyətlə bağlı heç bir rəsmi açıqlama verilmədi. Yalnız bazar günü səhər saatlarında Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) məsələ ilə bağlı məlumat yaydı. Bildirildi ki, Bakı-Sumqayıt yolunun Sulutəpə dairəsi istiqamətində asfalt örtüyünün yenilənməsi ilə əlaqədar müvəqqəti təmir-bərpa işləri aparılır və həmin ərazidə nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq edilib.
Məsələ də elə buradan başlayır. Yol təmir-bərpa işləri bazar günü aparılacaqdısa, AAYDA niyə səssiz qalmışdı? Halbuki belə hallarda azı bir gün öncədən ictimaiyyətə rəsmi xəbərdarlıq edilməli, nəqliyyatın hərəkəti planlaşdırılmalı və yaranacaq sıxlığın qarşısı alınmalı idi.
Bazar günü ailəsi ilə istirahətə, şəhərdən kənara getmək istəyənlər və işə tələsən sürücülər faktiki olaraq AAYDA-nın xəbərdarlıq etmədən verdiyi qərarın "girovu"na çevrildilər. İnsanların vaxtı, planları və psixoloji durumu nəzərə alınmadı. Bu isə artıq texniki çətinlik yox, açıq-aşkar idarəetmə və kommunikasiya böhranıdır.
Diqqətçəkən məqamlardan biri də odur ki, bu hadisə AAYDA-ya bir neçə gün əvvəl yeni rəhbər - Vüsal Nəsirlinin təyin olunmasından dərhal sonra baş verib. Bu fakt ictimaiyyətdə haqlı suallar doğurur: baş verənlər yeni rəhbərliyin iş stilinin göstəricisidir, yoxsa qurumun hansısa məsul şəxsi xəbərdarlıq etməyi unudub?
Peşəkar yol təsərrüfatı idarəçiliyində bu cür işlər əvvəlcədən planlaşdırılır. Təmir barədə ictimaiyyətə günlər öncə məlumat verilir, alternativ marşrutlar təqdim olunur, yol polisi ilə koordinasiya aparılır və nəqliyyatın intensivliyi mütləq nəzərə alınır. Bir çox hallarda isə belə işlər yol yükünün minimal olduğu gecə saatlarında həyata keçirilir. Sulutəpə dairəsində isə bu prinsiplərin heç biri tətbiq olunmayıb.
Baş verənlər fonunda AAYDA-nın susqunluğu vəziyyəti daha da ağırlaşdırır. Qurum tərəfindən nə sürücülərə xitabən üzrxahlıq edilib, nə də yaşanan xaosla bağlı izahat verilib. Sosial şəbəkədə yayılan çoxsaylı video və paylaşımlar narazılığın miqyasını açıq şəkildə göstərir.
Yol infrastrukturu yalnız asfalt çəkməkdən ibarət deyil. Bu sahə planlama, şəffaflıq, operativ məlumatlandırma və vətəndaşa hörmət tələb edir. Əgər bu prinsiplər gözardı edilirsə, istənilən təmir işi ictimai narazılığa və haqlı tənqidə çevrilir.
Məsələ ilə bağlı Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) Mətbuat Xidmətinin rəhbəri Anar Nəcəfli bildirib ki, təmir ötən gün səhər başlayıb, axşam bitib:
"Təmir işi üçün də iş günləri deyil, sırf hərəkətin azaldığı bazar günü, istirahət günü seçilib. Maksimum dərəcədə də çalışılıb ki, tez yekunlaşdırılsın.
Təmir müddətində əks istiqamət üzrə hərəkət təşkil edilmişdi. Yol hərəkətinin təhlükəsizliyi ilə bağlı yol polisi ilə birgə işlər görüldü".
Hərəkət iştirakçılarının əvvəlcədən məlumatlandırılmaması barədə sualımıza cavab olaraq isə A.Nəcəfli qeyd edib ki, bütün müvafiq instansiyalara bu barədə məlumat göndərilib.
İranın öldürülən generalları - SİYAHI
Bu yollarda tıxac var - SİYAHI
Görmə məsafəsi məhdudlaşacaq - Sürücülərin nəzərinə!
Benzinin qiyməti pandemiyadan əvvəlki ən yüksək həddə çata bilər - NƏŞR
Xameneini əvəzləyən Əlirza Ərafi kimdir? - Qarabağla bağlı görün nələr deyib
Qar yağacaq, 18 dərəcə şaxta olacaq - Sabahın havası
Kütləvi toplaşma yerlərindən uzaq durun - XİN-dən Yaxın Şərqdəki vətəndaşlara müraciət
Bakıda ev qiymətinə olan qarajlar - VİDEO
"Yalnız rəsmi məlumatları yayın" - Jurnalistlərə xəbərdarlıq
Xameneinin ölümünə görə İranda MATƏM ELAN EDİLDİ
İran Dövlət Televiziyası Xameneinin öldüyünü təsdiqlədi - SON DƏQİQƏ









