Banner

Sumqayıt yolu tıxacdan qurtulacaq? - Bakı üçün strateji plan

Gündəm 23 Yanvar 2026 14:06
Sumqayıt yolu tıxacdan qurtulacaq? - Bakı üçün strateji plan
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Bakıda tıxacları azaltmaq üçün bir neçə yolun, yol ötürücüsünün və tunelin inşası nəzərdə tutulub. Paytaxtda tıxacların yaranmasına səbəb olan yollardan biri də Sumqayıt şossesi ilə bağlıdır. Bu yolun Bakıya aid olan hissəsində gündüz və axşam saatlarında tıxac yaranır və bu tıxac şəhərin bəzi yollarında yüklənməni, gərginliyi artırır. 
Bəs tıxacların azaldılması üçün Sumqayıt şossesinin bu hissələrində hansı dəyişikliklər edilməlidir?
Məsələ ilə bağlı nəqliyyat eksperti Rauf Ağamirzəyev açıqlama verib. Ekspertin fikrincə, ümumiyyətlə, bu yola düşən yükün azaldılması və ciddi alternativlərin formalaşdırılması yönündə işlər görülməlidir:
“Bakı ilə Sumqayıtı əlaqələndirən yol həm də Bakıdan şimal istiqamətində olan magistral yolun bir hissəsidir. Düşünürəm ki, şimaldan cənuba və cənubdan şimala gedən sıxlığı şəhərdən kənara çıxarmaq lazımdır. Bunun üçün R6 Tağıyev-Sahil yolunun dörd zolağı uyğun təmin edilməlidir ki, şimaldan Sumqayıta və Bakıya daxil olmadan birbaşa Sahil qəsəbəsi üzərindən cənuba, yaxud cənubdan şimala getmək imkanı olsun. Nəzərə alsaq ki, M4 Bakı-Şamaxı-Yevlax magistralı da həmin yolu kəsir, Şamaxıdan gələnlər üçün də istər şimala, istərsə də cənuba, Bakıya daxil olmadan sürətli hərəkət təmin edilməlidir. Bu, mövcud Bakı-Sumqayıt yolunun yükünün bir hissəsinin həmin yol vasitəsilə ötürülməsinə səbəb olacaq. Digər tərəfdən, Bakı-Sumqayıt və Xırdalanı əlaqələndirən dəmir yolunun təkmilləşdirilməsi, yük trafikinin sərnişin trafikindən ayrılması və səhər 6-dan gecə 12-yə qədər 15-20 dəqiqə intervallı hərəkətin təmin edilməsi vacibdir. Əlavə stansiyaların da istifadə üçün infrastruktur yaradılmalı və onları digər nəqliyyat növləri ilə, yəni avtobuslarla rahat inteqrasiya etmək lazımdır. Vağzal meydanları daha əlçatan olmalı, baryerlər isə aradan qaldırılmalıdır. Bu, layihədə ciddi təsir göstərəcək, çünki yerüstü metro funksiyasını daşıyacaq və mövcud yolun yükünə birbaşa təsir edəcək”.
Mütəxəssis digər əsas layihənin yarımdairəvi yolların tikintisinin olduğunu bildirib. O, layihələrdən birinin bu il ərzində tamamlanacağını vurğulayıb: 
“Pirşağı-Xırdalan M1-M4 magistralı həm Şamaxıdan, həm də Sumqayıtdan gələnlərin 20 Yanvara daxil olmadan havalimanına çıxışını təmin edəcək. Bundan başqa, Bakının öz yarımdairəvi yollarının tamamlanmasına ehtiyac var. Bakı Dairəvi 1 Lökbatan dairəsi Biləcəri istiqamətində tikilib, amma davamı tamamlanmadığı üçün bütün yük məcburi olaraq həmin yola düşüb və oradan 20 Yanvar və Ziya Bünyadov prospektinə yönəlib. Ona görə Biləcəri-Binəqədi-Sabunçu-Ramana dairəvi istiqamətində 4 zolaqlı yolun tikilməsinə ehtiyac var. Bu, yarımdairəni tamamlayaraq aeroport yoluna çıxacaq. Oradan isə Beton Yol-Zığ dayrəsi havalimanın magistralına və şəhərə daxil olmadan sürətli çıxış imkanı yaradacaq. Digər yollardan biri də Biləcəri yolu və Dərnəgül istiqamətindədir. Bu yollar da həmin yolun yükünün parçalanmasına səbəb olacaq. Həmçinin yol boyu olan yaşayış məntəqələrini əlaqələndirən ictimai nəqliyyatın, avtobus seqmentinin həm avtoparkının yenilənməsi, həm dayanacaqların əlçatanlığı, həm də digər yaşayış məntəqələri ilə əlaqələndirilməsi təmin edilməlidir. Bu, yola çıxan avtomobillərin sayına birbaşa təsir edəcək. Çünki insanlar ciddi alternativlər gördükdə, stabil və hava şəraitindən asılı olmayan ictimai nəqliyyat növləri inkişaf etdikcə, insanlar bunu dəyərləndirəcək. Stabil qrafiklə hərəkət edən dəmir yolu, sürətli avtobuslar və baryersiz, davamlı yol təmin olunduqda çoxluq ictimai nəqliyyata yönələcək. Lakin bu yolda aktiv işlər görülməlidir. Bəzi hərəkətin təşkilində dəyişikliklərin edilməsi də nəzərdə tutulub”./sfera.az

Oxunub 346
ŞƏRH YAZ
Ad

E-mail

Şərh