Süni intellekt də Bakı tıxacı ilə bacara bilmir — "Möcüzə mümkün deyil"

Gündəm 26 Fevral 2026 22:03
Süni intellekt də Bakı tıxacı ilə bacara bilmir — "Möcüzə mümkün deyil"
WhatsApp kanalımıza abunə ola bilərsiniz

“Ağıllı işıqforlar ənənəvi işıqforlarla müqayisədə daha effektivdir. Onlar müəyyən gecikmələri azalda və pik saatlarda hərəkətin daha səmərəli tənzimlənməsinə kömək edə bilər. Lakin bu o demək deyil ki, süni intellektlə idarə olunan ağıllı işıqforlar bir anda möcüzə yaradaraq yollardakı sıxlığı tam aradan qaldıracaq. Bu mümkün deyil. Çünki yol infrastrukturu və avtomobil axınının həcmi də buna imkan verməlidir. Yol polisinin rolu isə hər halda qalır və qalmalıdır. İnsan faktoru burada həlledici rol oynayır. Texniki vasitələr qayda pozuntusunu qeydə ala bilər, lakin onun hüquqi qiymətləndirilməsi, hansı səbəbdən baş verməsi, doğrudan da pozuntu olub-olmaması və qanunvericiliyin hansı maddəsinə uyğun gəlməsi kimi məsələləri polis əməkdaşları müəyyən edir”. Avtosfer.az xəbər verir ki, bunu demokrat.az-a açıqlamasında nəqliyyat eksperti Eldəniz Cəfərov deyib.

O, bildirib ki, texnologiya nə qədər inkişaf etmiş olsa da, hüquqi qiymətləndirməni tam həyata keçirə bilməz:

“Məsələn, kütləvi tədbirlər, yolun bağlanması və ya fövqəladə hallar zamanı mütləq insan müdaxiləsinə ehtiyac yaranır. Belə sistemlər daha çox sıxlıq olan küçələrdə, bir neçə küçənin kəsişdiyi ərazilərdə, çoxzolaqlı yollarda və xüsusilə pik saatlarda daha effektiv olur. Gələcəkdə onların əsasən yüklənmə olan ərazilərdə quraşdırılması məqsədəuyğundur və praktikada da bu istiqamətdə addımlar atılır. Eyni zamanda qəza ocaqları olan ərazilərdə də bu sistemlərin tətbiqi daha səmərəli nəticə verə bilər. Lakin bilinməlidir ki, ağıllı işıqforlar mövcud yol polisinə alternativ deyil. Onlar sadəcə hərəkətin tənzimlənməsində köməkçi alət rolunu oynayır və nəqliyyat axınının optimallaşdırılmasına xidmət edir”.

Qeyd edək ki, Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi tərəfindən paytaxtın Binəqədi rayonu ərazisində, Cəfər Xəndan küçəsi ilə Azadlıq prospektinin, eləcə də Azadlıq prospekti ilə Məsud Davudoğlu küçəsinin kəsişmələrində pilot layihə çərçivəsində 115 nömrəli tam orta məktəbin qarşısındakı piyada keçidi də daxil olmaqla ümumilikdə 8 kəsişmədə süni intellekt əsaslı “ağıllı işıqfor” sistemi sınaq rejimində tətbiq edilir. Sistem sensor, kamera və radarlar vasitəsilə nəqliyyat axınını real vaxt rejimində analiz edərək yaşıl işığın müddətini avtomatik tənzimləyir, sıxlıq və qəza hallarında buraxılış qabiliyyətini artırır, nəqliyyat zəif olduqda isə lazımsız gözləməni minimuma endirir və təhlükəsizlik amilini prioritet saxlayır.

Oxunub : 178
ŞƏRH YAZ
Ad

E-mail

Şərh