Banner

Sürücülərin bəhanələri əlindən alındı

Gündəm 20 Oktyabr 2018 21:30 Oxunub 1664
Sürücülərin bəhanələri əlindən alındı
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Gələn il müəyyən qiymətləndirmənin nəticəsindən sonra bu məsələ öz təsdiqini tapacaq

Azərbaycanda vətəndaş nəqliyyat vasitəsini texniki baxışdan keçirmədən idarəetməyə görə inzibati məsuliyyətə cəlb olunduqda, nəqliyyat vasitəsini 10 gün deyil, 20 gün müddətində texniki baxışdan keçirməlidir. Nazirlər Kabinetinin (NK) rəsmi saytına istinadən xəbər verilir ki, Baş nazir Novruz Məmmədov "Nəqliyyat vasitələrinə və onların qoşqularına dövlət texniki baxışının keçirilməsi qaydaları haqqında nümunəvi Əsasnamə"də dəyişiklik edib.

Əsasnamənin 7-ci (Məsuliyyət) bəndinə əsasən, istismarı qadağan edilən nəqliyyat vasitələrini idarə etməyə və onu vaxtında texniki baxışdan keçirmədən idarə etməyə görə nəqliyyat vasitələrinin sahibləri və ya sürücüləri qanunvericiliklə müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar. Avtosfer.az xəbər verir ki, nəqliyyat məsələləri üzrə ekspert Azər Allahverənov sözügedən dəyişikliklə bağlı açıqlamasında bildirib ki, təklifi irəli sürən aidiyyəti icra qurumları bu təklifi irəli sürərkən onların əlində konkret qiymətləndirmə olur:  "Bəzən 10 gün ərzində qoyulan müddət hansısa obyektiv və subyektiv səbəblərə görə yetmir. Görünür, sürücülər üçün 10 gün möhlət o qədər də çox deyilmiş. Elə bu səbəbdən onlar hər hansı bir formada texniki baxışdan keçmək imkanından məhrum olurdular. Düşünürəm ki, bu, ilk əvvəl sürücülərin maraqlarına cavab verən bir dəyişiklikdir. Sürücülər əgər əvvəllər vaxtın qısa olduğunu, zamanlarının məhdud olduğunu deyir və texniki baxışdan keçməmək üçün məxtəlif bəhanələr gətirirdilərsə, şübhəsiz ki, 20 gün müddətin təyin olunması ilə müəyyən mənada onların bu kimi bəhanələrinin qarşısı alınmış olacaq. Bəlkə də ola bilsin ki, həqiqətən də hansısa şəxslər üçün o müddət kifayət etmirdi. Səfərə gedənlər olur, müəyyən səbəblər ola bilər və s.  Amma artıq dövlət nəqliyyat vasitələrini 20 gün ərzində texniki baxışdan keçirmələri üçün həmin şəxslərə daha çox zaman yaradır. Məncə, bu, həmin şəxslərin texniki baxışdan keçmələri üçün yetərli müddətdir. Fikrimcə, aidiyyəti strukturlar gələn il bu məsələni yenidən nəzərdən keçirməklə, dəyərləndirmə aparandan sonra müəyyən edəcəklər ki, vaxt qıtlığını bəhanə gətirən şəxslərin sayı azalıb, ya yox. Yəni gələn il müəyyən qiymətləndirmənin nəticəsindən sonra bu məsələ öz təsdiqini tapacaq. Mən sadəcə təxmin edirəm ki, bundan sonra texniki baxışdan zamanında keçməyən nəqliyyat vasitələrini idarə edən şəxslərin sayı azalacaq. Amma bunun nə dərəcədə müsbət nəticələr verəcəyini zaman göstərəcək. Mənim dediklərim sadəcə olaraq bir fikirdir".

ŞƏRH YAZ
Ad

E-mail

Şərh