Banner

Tıxacda avtomobillər arasında neçə metr məsafə olmalıdır? – EKSPERT

Gündəm 4 Noyabr 2026 15:48
Tıxacda avtomobillər arasında neçə metr məsafə olmalıdır? – EKSPERT
WhatsApp kanalımıza abunə olun

Avtomobillər arasında təhlükəsiz ara məsafəsinin qorunması yol hərəkəti təhlükəsizliyinin əsas şərtlərindən biridir. Lakin bir çox sürücü xüsusilə sıx nəqliyyat şəraitində qarşıdakı avtomobillə kifayət qədər məsafə saxlamır. Bu isə qəfil əyləcləmə zamanı yol-nəqliyyat hadisələrinin başvermə riskini artırır.

Avtosfer.az xəbər verir ki, sürücülərin təhlükəsiz ara məsafəsinə əməl etməməsinin səbəbləri, bunun qəza risklərinə təsiri və düzgün məsafənin müəyyənləşdirilməsi qaydaları ilə bağlı suallar yaranır. 
Bəs sürücülər ara məsafəsini seçərkən hansı məqamlara diqqət etməlidirlər?

Mövzu ilə bağlı qəza əleyhinə kursların məşqçisi Aqil Rəhimov Avtosfer.az-a açıqlamasında bildirib ki, sürücülərin avtomobil idarə edərkən ara məsafəsini qoruması yol hərəkəti təhlükəsizliyinə birbaşa təsir göstərir:

''Təəssüf ki, şəhər şəraitində, xüsusilə sıx tıxaclarda sürücülər bu qaydaya əməl etmirlər və bir sıra səhvlərə yol verirlər. Qabaqdakı avtomobil bir qədər hərəkət etdikdə arxadakı sürücü sürəti kəskin artırır, həmin avtomobilə çatdıqda isə qəfil əyləc verir. Halbuki belə hallarda sürücülər sürəti tədricən artırmalı, avtomobilin ətalətlə hərəkət etməsinə imkan verməli və qarşıdakı nəqliyyat vasitəsinə çatmamış dayanmalıdırlar. Məsələn, şəhər daxilində avtomobilin sürətinin üçdə biri qədər məsafənin metr hesabı ilə saxlanılması tövsiyə olunur. Yəni saatda 30 kilometr sürətlə hərəkət edən avtomobil qarşıdakı nəqliyyat vasitəsindən təxminən 10 metr məsafədə olmalıdır. Tıxac zamanı sürət saatda 5-6 kilometr olduqda isə bu məsafə təxminən 2 metr təşkil etməlidir''.

Mütəxəssis qeyd edib ki, çəhərdən kənar yollarda isə ara məsafəsinin sürətin yarısı qədər metr olması tövsiyə edilir:

''Məsələn, saatda 90 kilometr sürətlə hərəkət edən sürücü qarşıdakı avtomobillə təxminən 45 metr məsafə saxlamalıdır. Təəssüf ki, sürücülər hər zaman bu qaydalara əməl etmirlər. Bəzi sürücülər yüksək sürətlə hərəkət edərkən belə qarşıdakı avtomobilin arxa fənərlərinə qədər yaxınlaşırlar. Sürücülər arasında belə bir yanlış fikir də formalaşıb ki, ara məsafəsi saxladıqları halda digər avtomobillər mütləq həmin boşluğa daxil olacaq. Bu cür yanaşma isə yol-nəqliyyat hadisələrinə səbəb ola bilər''.

Fatimə

Oxunub : 270
ŞƏRH YAZ
Ad

E-mail

Şərh