WUF13-ə başa çatdı; Azərbaycan forumdan nə əldə etdi? - AÇIQLAMA

Bakıda keçirilən WUF13 (Ümumdünya Şəhərsalma Forumu) çərçivəsində təşkil olunan konfrans sessiyası Azərbaycanın beynəlxalq tədbirlərə ev sahibliyi etmək imkanlarını bir daha nümayiş etdirib. Tədbirin təşkilatçılığını uğurla yerinə yetirən Bakı bu gün tədbirin 5-ci, son günündə daha çox qonağın ziyarətinə şahidlik etdi.
Avtosfer.az xəbər verir ki, WUF sessiyaları tarixində Bakıdakı forum iştirakçı sayına görə ən çox ziyarətçi qəbul edən müzakirə platformalarından biri kimi qeydə alınıb. Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri, tədbirin milli koordinatoru Anar Quliyev mətbuata açıqlamasında bildirib ki, forumda 58 minə yaxın insan aktiv şəkildə iştirak edib. Ümumilikdə 180 ölkədən ziyarətçilərə qapılarını açan Bakı 11 ölkənim rəhbəri və nazirləri qəbul edib.
Mövzu ilə bağlı deputat Vüqar Bayramov Avtosfer.az-a açıqlamasında bildirib ki, Azərbaycan bu sessiyanı təşkil etməklə beynəlxalq tədbirlərə ev sahibliyi etmək baxımından daha bir uğura imza atdı:

"Nəzərə alsaq ki, Ümumdünya Şəhərsalma Forumunun tarixində bu sessiya iştirakçı sayına görə ən böyük sessiyalardan biri olub. Fərqli sahələri təmsil edən həm hökumət, həm qeyri-hökumət təşkilatları, həm özəl sektor nümayəndələri, həm də beynəlxalq qurumlar və beyin mərkəzləri tədbirə qatıldı, müxtəlif təqdimatlar keçirildi. Təbii ki, bu, Azərbaycanın beynəlxalq nüfuzunun daha da artmasına səbəb olan amillərdən biridir. Çünki iştirakçı sayına görə bu tədbir dünyada ən böyük beynəlxalq platformalardan biri hesab olunur. Bu baxımdan, kifayət qədər ciddi beynəlxalq tədbirdir. Sözsüz ki, bunun iqtisadi tərəfləri də var. Azərbaycan öz potensialını və imkanlarını təqdim etdi. Xüsusilə qeyri-neft sektoruna xarici investisiyaların cəlb olunması baxımından bu cür tədbirlər mühüm əhəmiyyət daşıyır.

Çünki potensialın təqdim olunması xarici sərmayənin cəlbi üçün vacib amillərdən biridir. Bu tədbir bir daha təsdiq etdi ki, Azərbaycan beynəlxalq tədbirlərə uğurla ev sahibliyi etmək gücündə olan ölkədir. Növbəti dövrlərdə də digər beynəlxalq təşkilatların tədbirlərinin Azərbaycanda keçirilməsinin şahidi olacağıq. Bu isə Azərbaycanın artan beynəlxalq nüfuzunun daha da möhkəmlənməsinə xidmət edəcək".
Nəqliyyat eksperti Rauf Ağamirzə bildirib ki, bu növ beynəlxalq tədbirlərin keçirilməsi Azərbaycanın həm tanınmasına, həm də bu cür tədbirlərin artıq mütəmadi şəkildə keçirilməsi ilə bölgədəki nüfuzuna verilən bir dəyərdir:

“Eyni zamanda, bu, çox yaxşı platformadır ki, şəhərsalma mövzusunda fərqli ekspertlər bir araya gəlsin. Həm Azərbaycan öz təcrübəsini bölüşə bilər, həm də digər dövlətlərin təcrübəsini dinləmək üçün çox gözəl imkan yaranır. Bilirik ki, müasir şəhərlərin müxtəlif çağırışları var. Burada iqlim dəyişikliyi əsas rol oynayır. İnsanların böyük şəhərlərə meyil etməsi, ekoloji və səs çirkliliyi, tıxacların artması, avtomobildən asılılıq, insan yönümlü həllərə üstünlük verilməsi kimi məsələlər müzakirə olunur. Azərbaycanın da bu sahədə öz nümunələri var. Bu mənada həm Ağ Şəhər layihəsi, həm Qarabağda aparılan yenidənqurma işləri, həm də Bakıda həyata keçirilən yeni transformasiyalar düşünürəm ki, dünyanın diqqətinə təqdim oluna biləcək uğurlu nümunələrdir".
Milli Məclisin deputatı Vüqar İskəndərovun fikrincə, Azərbaycan artıq beynəlxalq tədbirlərin keçirildiyi mərkəzə çevrilib. Artıq ölkəmiz keçirilən tədbirlərin hazırlanması, təşkili və keçirilməsi baxımından nümunə və brend formalaşdırır. Bu dəfə keçirilən WUF13 indiyədək təşkil olunan BMT-nin ən yüksək səviyyədə hazırlanmış və keçirilmiş qlobal tədbirlərindən biri kimi tarixdə qalacaq:

"Biz bu tədbiri keçirməklə, həmişə olduğu kimi, öz dəyərlərimizi də buraya daşıdıq və yeniliklər təqdim etdik. O cümlədən dövlət başçısının təşəbbüsü ilə “Liderlər Konfransı”, “Baku Urban Awards” mükafatı yaradıldı və bu mükafat hər il təqdim olunacaq. Təbii ki, digər bir çox məqamlar da var ki, WUF tarixində bunlar yalnız Azərbaycanda, Bakı şəhərində təşkil olundu. Biz həmçinin dünyanın şəhərlərdə yaşamaq, mənzil problemi, inklüzivlik və gələcəyin şəhərlərinin necə olması ilə bağlı məsələlərin müzakirəsində fəal iştirak etdik. Azərbaycanın bu sahədə öz təcrübəsi var. Dünyanın bir çox ölkələrinin yalnız düşünə bildiyi “ağıllı kənd” və “ağıllı şəhər” konsepsiyalarını biz artıq həyata keçirmişik və bunlar forumda təqdim olundu".

Deputatın sözlərinə görə, Azərbaycanın, xüsusilə Bakı şəhərinin timsalında müasir şəhərlə qədim irsin vəhdətini necə təşkil etdiyini göstərdik. Eyni zamanda Azərbaycanın keçdiyi işğal yolunu, torpaqlarımızın işğal olunmasını, şəhər və kəndlərimizin dağıdılmasını, daha sonra isə möhtəşəm qələbəmizi, ədalətin və beynəlxalq hüququn bərpasını nümayiş etdirdik. Həmçinin postmüharibə dövründə şəhər və kəndlərimizin yenidən qurulmasını, onların hansı formatda və necə inşa edildiyini təqdim etdik. Bütün bu məsələlərin və təcrübələrin bölüşdürülməsi WUF13 kimi qlobal tədbiri daha işgüzar səviyyəyə yüksəltdi. Burada müzakirə olunan yeniliklər və məsələlər gələcəkdə şəhər problemlərinin həlli üçün nəzərə alınacaq. WUF13, əslində, dünyamızın gələcəyi, insan yaşayışının yeni çağırışları, müasir şəhərlərin hansı təhdidlərlə üzləşəcəyi və bu problemlərin həlli yollarının axtarıldığı mühüm platforma oldu. Azərbaycanın burada təqdimatı, eləcə də Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən müasir layihələrin nümayişi ölkəmizin tanıdılmasında əvəzsiz rol oynadı.
Qeyd: Material Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin (MEDİA) maliyyə dəstəyi ilə "Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi" istiqaməti üzrə hazırlanıb.

Fatimə Dadaşova
WUF13 məhz təşkilatçılıqda rolu olanların kollektiv ruhu əsl mənasını verib - ANAR QULİYEV - FOTO
Bakı-Tbilisi-Bakı qatarının sərnişinlərinə ŞAD XƏBƏR
Kart dələduzluğu artır? – Ekspertdən XƏBƏRDARLIQ
WUF13-ün bağlanış mərasiminə dair mətbuat konfransı keçirildi - FOTO
Qobustanda körpünün çökdüyü ərazidən son görüntülər - VİDEO
“Fast-food” qidaları sağlamlıq üçün nə dərəcədə təhlükəlidir? – EKSPERT
Belə xalqa və paytaxta sahib olduğunuz üçün bəxtəvərsiniz - Mira Bondemade - FOTO
Bakıda bu zolaqlar qüvvədən düşür - SABAHDAN
Tbilisi qatarında bu sərnişinlər maneəsiz səyahət edəcək - FOTOLAR
Tarixi qatar yenidən yola çıxır; detalları açıqlandı - FOTO
Bərdədəki yol infrastrukturunun vəziyyəti; asfalt yarımçıq çəkilib - VİDEO










