WUF13 bu sahələrə CİDDİ TƏSİR göstərəcək - Qazanc götürmək istəyirsinizsə...

17–22 mayda Bakıda keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü sessiyası (WUF13) yaxınlaşdıqca şəhərin ritmi dəyişir. Təhlükəsizlik və təşkilati səbəblərlə əlaqədar olaraq bəzi küçələrdə hərəkət məhdudlaşdırılır, bəzilərində isə marşrutların istiqamətləri dəyişdirilir. Bu, bəzi piyada və sürücülərin narazılıqlarına səbəb olur.
Paytaxtdakı təhsil müəssisələrində tədris prosesinə də dəyişiklik edilir. Proses tam dayandırılmasa da, Bakıdakı ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qrupları və ibtidai sinifləri üçün tətil tətbiq olunacaq.
Bu dəyişikliklər paytaxt sakinlərinin gündəlik həyatına birbaşa təsir edir.
Onları əsasən tədbirin təhsil prosesinə, nəqliyyata təsiri və iqtisadi önəmi maraqlandırır.
Mövzunun təhsil tərəfindən ekspert Elçin Əfəndi danışıb.
O bildirib ki, bu tədbirlə əlaqədar yaranan sıxlığın qarşısını almaq və eyni zamanda təhlükəsizlik məqsədilə qəbul edilən distant təhsilə keçid qərarını düzgün hesab edir.
“Həmin vaxtda sıxlığın olmaması üçün bu qərar vacib idi. Ən azından təhsil dayanmır, davam edir və fasilə yaranmır, tədris prosesini həyata keçiririk. Düşünmürəm ki, qəbul edilmiş qərar proqramdan geri qalmaqla bağlı hansısa çətinlik yaratsın, çünki dərslər əvvəlki qaydada tədris olunacaq. Artıq COP29 dönəmindən belə bir təcrübəmiz var”.
Nəqliyyat məsələləri üzrə ekspert Elməddin Muradlı isə məsələnin nəqliyyat tərəfindən danışıb.
O, açıqlamasında vurğulayıb ki, WUF13-lə bağlı artıq dövlət qurumları tərəfindən əlaqələndirilmiş şəkildə proqram açıqlanıb:
"Məlum olur ki, polis və digər aidiyyəti qurumlar yollarda hərəkəti tənzimləmək üçün səfərbər olunublar, hərtərəfli hazırlıq keçiblər. Yolların harada bağlanması, harada açılması və hansı tarixdə istiqamətlərin dəyişdirilməsi məsələsi artıq öz həllini tapıb. Ona görə bununla bağlı hər hansı ciddi problem olmayacaq. Sadəcə vətəndaşların bu məsələdə anlayış göstərməsi xahiş olunur, çünki bu, beynəlxalq bir tədbirdir və dövlətin marağındadır. Biz də bir neçə gün davam edəcək tədbir müddətində dövlətimizə öz dəstəyimizi göstərməliyik. Ciddi bir problem olmayacaq, sadəcə müəyyən yolların istiqamətinin dəyişdirilməsi nəzərdə tutulur. Yəni tam qapanmadan söhbət getmir. COP29 daha böyük formatda keçirilən tədbir idi, WUF13 isə o qədər də sıxlıq yaradacaq bir tədbir olmayacaq. Həm də əvvəlki təcrübələr daha yaxşı nəticələr əldə etməyə imkan verəcək”.
Tədbirə sayılı günlər qalıb və diqqətlə baxsaq görərik ki, artıq şəhərdə fərqli bir hərəkətlilik hiss olunur. Xaricdən gələn qonaqlar, dolu hotellər, restoranlarda yaranan izdiham Bakıya qısamüddətli dinamika gətirir. Paytaxta üz tutanlar potensial turistə çevirmək ölkə turizminə böyük töhfə verə bilər.
Tədbirin iqtisadi tərəflərindən də iqtisadçı Akif Nəsirli danışıb.
O bildirib ki, bu vəziyyətdə klassik “lokal inflyasiya effekti” yaranır: yəni qiymət artımı bütün ölkəyə yayılmır, yalnız konkret zonalarda və xidmət sahələrində qısamüddətli sıçrayış kimi görünür:
“Hotel sahibi qiyməti qaldırır, amma hoteldə işləyən resepsiyonistin maaşı dəyişmir. Taksi bahalaşır, amma sürücünün gündəlik planı da artır, ona əlavə pul qalmır. Restoran menyunun qiymətini qaldırır, amma yerli müştəri gəlmir, yalnız əcnəbi həmin məkana gedir. Yəni orta statistik vətəndaş üçün forum günləri neytraldır, amma mərkəzdə yaşayan və xidmət alan təbəqə üçün 1 həftəlik inflyasiya şoku ola bilir. Evlərin kirayə qiymətləri da müvəqqəti qalxır, çünki ev sahibləri evi günlük icarəyə verib qazanc götürmək istəyir. Tədbir bitəndən sonra qiymətlər 80-90 faiz geri qayıdır”.
Akif Nəsirli hesab edir ki, bu tip qiymət dəyişikliyi real iqtisadi böyümə deyil, daha çox “qısamüddətli bazar reaksiyasıdır” və əsas effekt tədbir bitən kimi zəifləyir:
“COP29 təcrübəsi göstərdi ki, belə tədbirlərin iqtisadi təsiri iki yerə bölünür: qısamüddətli nağd axın və uzunmüddətli imic dividendi. Qısa müddətdə dövlət hava limanı, yol, kommunal, təhlükəsizlik, tədbir məkanına milyard xərcləyir. Bu pulun böyük hissəsi xarici podratçıya, avadanlıq icarəsinə, texniki heyətə gedir. Yerli biznesə isə hotel, iaşə, nəqliyyat, tərcümə, logistika, təmizlik, mühafizə kimi sahələrdə 10-15 günlük dövriyyə yaranır. COP29-da Bakı hotelləri 95 faiz doldu, restoranların gündəlik dövriyyəsi 3-4 dəfə artdı, taksi şirkətləri planı ikiqat elədi. Dövlət büdcəsinə vergi şəklində qayıdış oldu, amma bu, xərclənən vəsaiti tam örtmədi. Çünki məqsəd birbaşa gəlir yox, ölkənin beynəlxalq vitrinə çıxarılması idi”.
Akif Nəsirlinin fikrincə, bu tip tədbirlərdə əsas məqsəd birdəfəlik qazanc yox, ölkənin gələcək investisiya cəlbediciliyini artırmaqdır. Uzunmüddətli təsir daha vacibdir.
“Bu tip forumlar daha çox kimə fayda verir sualının cavabı belədir: xərc dövlətin, qısa qazanc yerli biznesin, uzun qazanc isə yenə dövlətin olur. Dövlət infrastruktur qurur, təhlükəsizliyi təmin edir, reklam edir. Forum vaxtı hotel sahibi, taksi şirkəti, restoran, gül dükanı, çap mərkəzi, tərcüməçi pul qazanır. Amma onlar vergi ödəyir, işçi tutur, dövriyyə yaradır. Dövlət də həmin vergini, imic dividendini və gələcək investisiyanı geri götürür. Yəni biznes nağdı indi alır, dövlət nəticəni sonra götürür.
Problem odur ki, fayda bərabər paylanmır. 5 ulduzlu hotel dolur, hostelin xəbəri olmur. Mərkəzdəki restoran növbə ilə işləyir, Yasamaldakı kiçik biznes üçün isə günlər adi keçir. Taksi şirkəti qazanır, ictimai nəqliyyat sürücüsü eyni maaşla qalır. Ona görə COP29-dan sonra kiçik biznesi də prosesə qoşmaq üçün tenderlərin strukturunda dəyişikliklər edildi, yerli sahibkarlara daha çox imkan verilməyə çalışıldı. Qısası, düzgün idarə olunarsa, bu cür tədbirlərə xərclənən hər manat bir neçə il sonra daha böyük iqtisadi və investisiya dəyəri kimi geri qayıda bilər”.
COP29-dan sonra Azərbaycanda “yaşıl enerji” və davamlı inkişaf mövzusu daha çox gündəmə gəldi. Günəş və külək enerjisi layihələrinə maraq artdı, bu sahədə beynəlxalq əməkdaşlıqlar genişləndi. Eyni zamanda, ölkənin beynəlxalq imici gücləndi, Azərbaycan iqlim məsələlərində aktiv iştirak edən ölkə kimi daha çox tanınmağa başladı. Bu, təkcə tədbirin keçirilməsi ilə yox, onun yaratdığı diqqət və əlaqələrin davam etməsi ilə bağlı idi.
WUF13 də oxşar bir nöqtədə dayanır. Bu forumun təsiri də yalnız həmin günlərlə ölçülməyəcək. Əgər COP29 enerji və iqlim sahəsində bir istiqamət yaratdısa, WUF13 şəhər mühiti və urban inkişaf üçün belə bir rol oynaya bilər. Burada müzakirə olunan ideyalar real layihələrə çevrilərsə, bu, Bakının gələcək inkişafına təsir göstərə bilər.
Ümumilikdə, WUF13 şəhərdə iki paralel hiss yaradır. Bir tərəfdə gündəlik həyatda hiss olunan dəyişikliklər var – yollarda hərəkət istiqamətinin, məktəblərdə dərs rejiminin dəyişdirilməsi, digər tərəfdə isə gələcəyə yönəlmiş imkanlar və ideyalar dayanır. Bu iki tərəfin necə balanslaşacağı isə forumun real nəticəsini müəyyən edəcək.
Əgər bu tədbirdən sonra şəhər daha yaxşı planlaşdırılmış, daha rahat və yaşamaq üçün daha uyğun bir məkana çevrilərsə, insanlar bu günləri daha xoş xatırlayacaqlar. Əks halda isə WUF13-də yaddaşlarda böyük, amma gündəlik həyata az toxunan bir hadisə kimi qalacaq.
Qeyd edək ki, məzmununa və əhatə dairəsinə görə bu Forum BMT-nin İqlim Dəyişikliyi üzrə Tərəflər Konfransından (COP) sonra ikinci ən böyük və strateji əhəmiyyətli qlobal platforma hesab olunur. Bu mühüm tədbirin Bakıda təşkili yalnız regional deyil, həm də qlobal miqyasda şəhərsalma, dayanıqlılıq və ətraf mühit sahələrində Azərbaycanın artan liderliyini nümayiş etdirir./ednews.az
Bakı və Abşeron sakinlərinə ŞAD XƏBƏR: 40 dayanacaq olacaq - VİDEO
Yollarda təmir işləri niyə gecikir? – RƏSMİ AÇIQLAMA
Süni intellekt əmək bazarında rəqabətliliyə necə təsir edir? – Ekspert AÇIQLADI
Bu küçədə yaşıllıq görməni məhdudlaşdırır - Sürücülər qəza riski ilə üzləşir - VİDEO
Süni intellektlə hazırlanan materialların paylaşılmasına nəzarət gücləndirilir – YENİ QANUN
İşə maşınla gedənlərin NƏZƏRİNƏ!
“BlackBerry”nin avtomobillər üçün yeni texnologiyası GÜNDƏM OLDU - FOTO
Bu şəxslərə hər ay 1500 manat veriləcək – ADLAR
Bakı nəqliyyatında vahid idarəetmə nə vəd edir? - AÇIQLAMA
Yaşlı əhalinin sosial təminatı sahəsində hansı problemlər var? – SOSİOLOQ AÇIQLADI
“Qurtuluş 93”ün yamaqlı yolları sürücüləri təngə gətirib – Yığılan pullar hara sərf olunur? - VİDEO








