Xətainin heykəlində 33 il sonra üzə çıxan MÜƏMMALI YAZI: Araşdırma başladı - FOTO - YENİLƏNİB

"Bakı şəhəri, Xətai rayonunda yerləşən Şah İsmayıl Xətainin heykəli 1993-cü ildə ucaldılıb. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci il tarixli 132 nömrəli Qərarı ilə ölkə əhəmiyyətli monumental və xatirə abidəsi kimi dövlət mühafizəsinə götürülüb".
Avtosfer.az xəbər verir ki, bunu Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti açıqlayıb.
Bildirilib ki, dövlət mühafizəsində olan abidələrin üzərində onların tarixi, bədii və memarlıq xüsusiyyətlərinə aid olmayan hər hansı əlavə yazı, element və ya müdaxilənin edilməsi yolverilməzdir.
Qeyd olunub ki, belə müdaxilələr abidənin bədii-estetik görünüşünə xələl gətirməklə yanaşı, onun mahiyyətinin, tarixi və mədəni əhəmiyyətinin təhrif olunmasına səbəb olur:
"Heykəlin postamentinin üzərindəki lövhədə yer alan sözügedən yazının əlavə edilməsi məsələsi Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti tərəfindən araşdırılır. Eyni zamanda, məsələ müvafiq yerli icra hakimiyyəti orqanları ilə birgə, həmçinin Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən Təsviri və dekorativ-tətbiqi sənət əsərləri üzrə Ekspert Komissiyası çərçivəsində ətraflı şəkildə nəzərdən keçiriləcək. Araşdırmanın nəticələri barədə əlavə məlumat veriləcək".
***15:16
"Şah İsmayıl Xətainin heykəlinin iki müəllifi var: mən və heykəltaraş İbrahim Zeynalov".
Avtosfer.az xəbər verir ki, bunu "Teleqraf"a açıqlamasında Şah İsmayıl Xətainin heykəlinin müəlliflərindən biri, heykəltaraş Zakir Mehdiyev deyib.

Onun sözlərinə görə, heykəl Ayaz Mütəllibovun prezidentliyi dövründə sifariş olunub, 1993-cü ildə Əbülfəz Elçibəyin hakimiyyəti illərində ucaldılıb:
"Abidə dövlət sifarişi və vəsaiti əsasında hazırlanıb. Ona görə də üzərində əlavə yazı ola bilməzdi. Onda mədəniyyət naziri Polad Bülbüloğlu idi və prosesdən xəbəri vardı. Dövlətin sifarişi və vəsaiti hesabına hazırlanmış heykəlin kiməsə ithaf edilməsi mümkün deyil. Belə bir şey ola bilməz.
2020-ci ildə heykəl rəsmi qurumlar tərəfindən müəyyən edilmiş yerə köçürüldü. Onda da heykəldə Şah İsmayıl Xətainin adından başqa heç bir yazı yox idi. Mən belə bir yazını görməmişəm. Nə heykəl hazırlanarkən, nə də köçürülərkən... İbrahim Zeynalov da belə bir yazı yaza bilməzdi".
Zakir Mehdiyevin fikrincə, həmin yazının sonradan İbrahim Zeynalovun ailəsi tərəfindən əlavə edilməsi mümkündür:
"Amma belə bir əlavə cümlənin heykəl üzərinə yazılması düzgün deyil".
Qeyd edək ki, Şah İsmayıl Xətainin Bakının Xətai rayonu Yusif Səfərov küçəsində 1993-cü ildə ucaldılmış heykəlinin aşağı hissəsində rus dilində "Посвящается внуку Исмаилу Атакушеву - Ибрагим Зейналов" ("Nəvəm İsmayıl Atakişiyevə həsr olunur - İbrahim Zeynalov") ifadəsi həkk edilib.
Bu isə ictimaiyyət tərəfindən müzakirələrə səbəb olub.
Heykəl 2020-ci ildə əvvəlki yerindən yaxınlıqdakı başqa bir əraziyə köçürülüb. Heykəlin qoyulduğu və köçürüldüyü dövrləri əks etdirən fotolarda abidə üzərində əlavə yazı görünmür.
Heykəlin digər həmmüəllifi İbrahim Zeynalov 2008-ci ildə vəfat edib.
***
Sosial şəbəkədə Bakı şəhərindəki Yusif Səfərov küçəsində yerləşən Şah İsmayıl Xətainin heykəli ilə bağlı yayılan görüntülər müzakirələrə səbəb olub.
Avtosfer.az Modern.az-a istinadla xəbər verir ki, ictimai fəal Sənan Nəcəfov Xətainin heykəlinin fotolarını sosial şəbəkədə paylaşaraq abidənin üzərindəki bir yazıya diqqət çəkib.
O bildirib ki, heykəlin üzərindəki "ŞAH İSMAYIL XƏTAİ" sözü yazılmış və kənarları xüsusi ornamentlərlə bəzədilmiş metal lövhədə kiçik hərflərlə "посвящается внуку Исмаилу Aтакушеву - Ибрагим Зейналов" ("nəvəm İsmayıl Atakuşevə həsr olunur - İbrahim Zeynalov") cümləsi də yazılıb.
S.Nəcəfov dövlət vəsaiti ilə ucaldılan monumental abidələrin üzərinə müəlliflərin öz şəxsi ailə üzvlərini, nəvələrini yad etməsinə icazənin verilib-verilmədiyini sual edib.
"İkincisi, abidə tarixi şəxsiyyətə - Səfəvilər dövlətinin banisi Şah İsmayıl Xətaiyə həsr olunub. Belə miqyaslı rəsmi abidələrdən şəxsi xatirə məqsədilə istifadə etmək nə dərəcədə doğrudur?
Mən bildiyim budur: Rəsmi qaydada dövlət vəsaiti ilə ucaldılan monumental abidələrin üzərinə müəlliflərin öz şəxsi ailə üzvlərini, nəvələrini yad etməsi üçün hər hansı xüsusi dövlət icazəsi mövcud deyil və bu, adətən qanunvericiliyə, eləcə də memarlıq-estetik standartlara ziddir.
Digər tərəfdən, belə miqyaslı rəsmi abidələrdən şəxsi xatirə məqsədilə istifadə etmək yaradıcı intizamın və peşəkar etikanın pozulması kimi qiymətləndirilir. Adətən bu cür detallar dövlət komissiyasının qəbulundan gizli şəkildə, sonradan əlavə oluna bilir", - deyə S.Nəcəfov qeyd edib.
Məsələyə sosial şəbəkədəki digər izləyicilərlə yanaşı, Xətai rayonun keçmiş icra başçısı (16 avqust 1992 - 12 iyul 1993) Zəlimxan Məmmədli də münasibət bildirib. O deyib ki, həmin yazı abidəyə sonradan əlavə olunub və bunu düzgün hesab etmir:
"Bu abidəni 1992-ci ilin sonlarında Xətai rayonun icra başçısı olaraq mən sifariş etmişəm. Abidənin açılışı isə 1993-cü ilin iyun ayında baş tutub. İbrahim Zeynalov abidənin müəllifidir. O abidənin açılışının mitinqini şəxsən mən etmişəm, lenti rəhmətlik Bakının o vaxtkı meri Rauf Gülməmmədovla birlikdə kəsmişik. Hər il iyul ayının 17-də - hökmdarın doğum günündə abidəni ziyarət edirəm. Nəvəyə hədiyyə yazısı yenidir. Nə açılışda, nə də sonrakı vaxtlarda görməmişəm. Dövlət sifarişi və vəsaiti ilə ucaldılan abidəni şəxsi emosiyaları təmin etmək üçün istifadəsini doğru hesab etmirəm".
Müzakirəyə qoşulanlar rus dilindəki sözlərin Azərbaycan dilini dövlət dili elan etmiş dövlət başçısının abidəsinin üzərindən silinməsini vacib sayıblar.
Qeyd edək ki, heykəl 1993-cü ildə Bakıda ucaldılıb. Abidənin müəllifləri Azərbaycan heykəltaraşları, Azərbaycan SSR xalq rəssamı İbrahim Zeynalov və Zakir Mehdiyev, memarları isə P.Hüseynov, Q.Əliyev olub.


Bakı əhalisi tıxacda nə qədər pul itirir? - ARAŞDIRMA
Sürücülərə ŞAD XƏBƏR: Cərimə balları ilə bağlı YENİ QƏRAR gözlənilir
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Üç qardaş ölkədən KİBERHƏMLƏ: Hərbi mütəxəssislər vahid komandada - VİDEO - FOTO
Sumqayıtın simvolu sayılan heykəlin son halı narazılıq yaratdı - FOTO
Prezident iki rayona və bir şəhərə icra başçısı TƏYİN ETDİ
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Quduzluqla mübarizə günü və sahibsiz itlər
Dünyada sürücülər nə qədər cərimələnir? - Məbləğlər
Bakıda 5 küçəyə maşınların girişi birdəfəlik qadağan edilir - FOTO
Bakıda səkilər yenilənəcək: Ekspert 60 milyonluq layihədən danışdı











