Zəngəzur dəhlizi ilə bağlı fəallıq artır: TRIPP həm də sülhün qarantıdır

Gündəm 6 İyun 2026 20:45
Zəngəzur dəhlizi ilə bağlı fəallıq artır: TRIPP həm də sülhün qarantıdır
WhatsApp kanalımıza abunə olun

Zəngəzur dəhlizinin reallaşdırılması istiqamətində mühüm proseslər yaşanmaqdadır. Ermənistandakı seçkilər, İranla ABŞ arasında qarşıdurmanın kəskinləşməsi, Rusiyanın təzyiqləri artırması fonunda "Tramp marşrutu" (TRIPP) ilə bağlı ortaya qoyulan pessimist mövqelər olsa da, reallıq fərqlidir. Əksinə, bölgədə cərəyan edən sürətli geosiyasi proseslər fonunda Zəngəzur dəhlizinə maraq daha da artıb.

Avtosfer.az mövzu ilə bağlı "Kaspi" qəzetinin məqaləsini təqdim edir:

Zəngəzur dəhlizi mütləq inşa ediləcək

Azərbaycan da layihənin uğurla həyata keçəcəyindən əmindir. Prezident İlham Əliyev 31-ci Bakı Enerji Forumunun rəsmi açılış mərasimində çıxışı zamanı bu məsələyə də toxunub:

"Dəmir yolu və avtomobil yolu infrastrukturuna investisiya qoymaqla nəqliyyat üçün yeni dəhlizlər açırıq".

Zəngəzur dəhlizi ilə bağlı fəallıq artır: TRIPP həm də sülhün qarantıdır

Şərq-Qərb Dəhlizinin uğurla fəaliyyət göstərdiyini xatırladan dövlət başçısı qeyd edib:

"Şərq-Qərb dəhlizinin digər bir qolu olacaq Zəngəzur dəhlizi avqustun 8-də (2025-ci il - red.) Ağ Evdə ABŞ Prezidenti, Ermənistanın Baş naziri və mənim aramda imzalanmış sənədə əsasən mütləq inşa ediləcək".

Bu əminliyin ciddi əsasları var. Vaşinqtonun da sözügedən dəhlizin reallaşdırılması ilə bağlı ardıcıl addımları bu qənaəti formalaşdırır. Bu günlərdə Azərbaycan və ABŞ arasında Orta Dəhlizin genişləndirilməsi, Zəngəzur dəhlizinin inkişafı istiqamətində görülən və planlaşdırılan işlər, bu proseslərdə ABŞ şirkətlərinin iştirak perspektivləri müzakirə edilib. Bunu rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev "X" sosial şəbəkəsindəki hesabında bildirib. Müzakirələr R.Nəbiyevin ABŞ Dövlət katibinin iqtisadiyyat, enerji və biznes məsələləri üzrə köməkçisi Kaleb Orrun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşündə baş tutub.

Sülh müqaviləsinin lövbəridir

Zəngəzur dəhlizi məsələsi ABŞ daxilində, xüsusilə Senatda da ciddi maraq oyadıb. Dövlət katibi Marko Rubio Senatın Xarici Əlaqələr Komitəsində keçirilən dinləmələr zamanı bildirib ki, TRIPP layihəsi Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin lövbəridir:

"Biz indi bu işdə çox fəal iştirak edirik. Biz sözün əsl mənasında müqavilə imzaladıq və bu, Amerika şirkətlərinə özəl sektorun maraqlarına, Amerika maraqlarına, eləcə də Azərbaycan, Ermənistan və digər regional ölkələrin maraqlarına investisiya qoymağa imkan verəcək..."

Dinləmələr zamanı ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin üzvü, senator Stiv Deyns Mərkəzi Asiya ölkələri ilə münasibətlərə qoyulan Cekson-Venik ticarət məhdudiyyətlərini xatırladıb. O bildirib ki, C5 (Mərkəzi Asiya ölkələri) ilə əlaqələrin gücləndirilməsində əsas maneəyə çevrilən bu məsələ Azərbaycanı da narahat edir. Məhdudiyyətlərin aradan qaldırılması ABŞ-nin Mərkəzi Asiya ilə münasibətlərinə əhəmiyyətli dərəcədə təsir göstərəcək:

"Biz bunun aradan qaldırılmasını istərdik. Düşünürəm ki, bunu gündəmə gətirmək üçün sədr və komitə üzvləri ilə danışmalısınız".

Ermənistan və ABŞ arasında çərçivə sazişi imzalanıb

Xatırladaq ki, bir müddət əvvəl ABŞ dövlət katibinin Ermənistana qəfil səfəri və İrəvanda imzalanan sənədlər də Vaşinqtonun TRIPP layihəsinə verdiyi önəmin göstəricisi kimi qiymətləndirilir.

Səfər zamanı TRIPP layihəsi çərçivəsində Ermənistan və ABŞ arasında strateji tərəfdaşlıq haqqında çərçivə sazişi və iki ölkə arasında mineralların və nadir qazıntıların tədarükünün təmin edilməsi üzrə çərçivə planı imzalanıb. M.Rubio mayın 26-da Ermənistan XİN başçısı Ararat Mirzoyanla keçirdiyi mətbuat konfransında bildirib ki, TRIPP Cənubi Qafqaz regionunda sülh və firavanlığın təmin edilməsinə yönəlib. Bir neçə gün əvvəl isə Ararat Mirzoyan Ermənistan və ABŞ arasında TRIPP layihəsi üzrə çərçivə sazişinin imzalandığını açıqlayıb.

Rusiyanın iddialarına cavab

Xatırladaq ki, istər Ermənistandakı revanşistlər, istərsə də Rusiyanın siyasi dairələri Zəngəzur dəhlizi ilə bağlı İrəvanın layihənin reallaşdırılacağı ərazilərdə suverenliyini itirəcəyini iddia edirlər. Bu səbəbdən hər vəchlə Azərbaycan və Ermənistan arasında sülhün əsas şərtlərindən biri sayılan TRIPP layihəsinin həyata keçirilməsini əngəlləməyə çalışırlar. Bu iddialara ABŞ-dən cavab da özünü çox gözlətməyib.

Kapitolidə keçirilən dinləmələr zamanı dövlət katibi M.Rubio bəyan edib ki, Rusiya Cənubi Qafqazda ABŞ-nin mövcudluğunun güclənməsinə mənfi yanaşır:

"Həmçinin qeyd etmək istərdim və mənə elə gəlir ki, bu, açıq mənbələrdən kifayət qədər yaxşı məlumdur. Rusiya region ölkələri ilə qarşılıqlı əlaqələrimizin fəallaşmasından heç də məmnun deyil".

Rubionun sözlərinə görə, Moskva Vaşinqton və İrəvanın artan əməkdaşlığı fonunda Ermənistandakı hazırkı hakimiyyətin seçkilərdə uduzmasını üstün tutardı. O vurğulayıb ki, ABŞ Ermənistanın suverenliyinə qəsd etmək niyyətində deyil və onun xarici siyasət qərarlarına qarışmır:

"Aydın olsun deyə: biz Ermənistanın suverenliyinə qəsd etmək fikrində deyilik. Onlardan digər ölkələrlə dostluq etməmələrini xahiş etmirik. Biz sadəcə onlarla təkcə sülhə əsaslanmayan münasibətlərə malik olmaq istəyirik. Sülh vacibdir, lakin bu, yalnız başlanğıcdır".

Zəngəzur dəhlizi ilə bağlı fəallıq artır: TRIPP həm də sülhün qarantıdır

Göründüyü kimi, artıq proses geridönməz mahiyyət daşımaqdadır. Ən azından qarşıdakı iki il ərzində Zəngəzur dəhlizi düyününün tamamilə çözüləcəyini proqnozlaşdırmağa ciddi əsaslar var.

Oxunub : 150
ŞƏRH YAZ
Ad

E-mail

Şərh