Buzlu yollarda ölüm - Cavabdeh qurumlar və sürücülər hələ də hazırlıqsızdır - AÇIQLAMA

Son günlər rayon yollarında buzlaşma müşahidə olunur və bu, sürücülər üçün ciddi təhlükə yaradıb. Yol-nəqliyyat hadisələrinin artması da göz önündədir. Milli Hidrometeorologiya Xidməti xəbərdarlıq edib ki, şaxtalı hava şəraiti ilə əlaqədar gecə və səhər bəzi dağlıq və dağətəyi ərazilərdə yolların buz bağlaması ehtimalı yüksəkdir, xüsusilə ayın 5-i gecə bəzi dağlıq bölgələrdə sürücülərin diqqətli olması tövsiyə olunur.
Bu vəziyyət sürücülər üçün çətinlik yaradır və təhlükəsiz hərəkət üçün xüsusi tədbirlər görmək vacibdir. Bəs görəsən buzlu yolda hərəkət edən sürücülərin diqqət etməli olduqları məqamlar hansılardır? Aidiyyatı qurumlar təhlükəsiz nəqliyyat hərəkətini təmin edə bilirmi?

Məsələ ilə bağlı nəqliyyat eksperti Elməddin Muradlı Avtosfer.az-a bildirib ki, yolların buz bağlamasına qarşı vaxtında tədbir görülmür deyə qəza riskləri artır: “Rayon yollarında, xüsusən də şimal bölgəsində, eləcə də Şamaxı–İsmayıllı-Qəbələ yolunda baş verən hadisələr onu göstərir ki, yol təsərrüfatına cavabdeh qurumlar yenə də hazırlıqsızdırlar. Vaxtında müdaxilə edə bilmirlər. Gözləyirlər ki, yollar buzlaşsın, vəziyyət daha da ağırlaşsın, yalnız bundan sonra texnikanı əraziyə cəlb edirlər. Texnikanın sayı isə yetərli deyil. Bunu biz illərdir deyirik. Onlar isə bəzən etiraz edərək bildirirlər ki, guya hər şey qaydasındadır və yaxşı iş görülür. Əgər hər şey qaydasındadırsa, onda niyə hər il eyni problemlərlə üzləşirik? Yüzlərlə insan yollarda, aşırımlarda qalır, qəzalar baş verir, ölüm və xəsarət halları yaşanır. Bu, məsələnin görünən tərəfidir. Görünməyən tərəf isə ondan ibarətdir ki, sürücülərimiz nə qədər iddialı danışsalar da, hər 10 sürücüdən 7-si qarlı hava şəraitində avtomobil idarə etməyə hazır deyil. Son 3–4 ildə apardığımız təhlillər də bunu açıq şəkildə göstərir ki, sürücülər hazırlıqsızdırlar və taleyin ümidinə yola çıxırlar. Biri baxır ki, qonşusu Şahdağdan şəkil paylaşıb, o da ailəsini yığıb yola düşür ki, “qonşu gedibsə, mən niyə getməyim?”. Bu cür yanaşmalar yaxşı nəticə vermir və çox hallarda ciddi fəsadlara yol açır”.
Ekspertin sözlərinə görə, aidiyyəti qurumların məsuliyyətsiz yanaşması hər il ağır qəzalar və insan itkiləri ilə nəticələnir: “Ümumilikdə, avtomobillərdə qış təkərləri məsələsi mənə elə gəlir ki, qanunvericilik səviyyəsində çox ciddi şəkildə müzakirə olunmalıdır. Bu mövzu o həddə çatmalıdır ki, qış təkərlərinin istifadəsi məcburi olsun. Əks halda, bizi çox ciddi problemlər və böyük itkilər gözləyir. Burada söhbət ilk növbədə, insan itkisindən gedir. Qəza baş verirsə, itkisiz ötüşməsi mümkün deyil. İstər maddi zərər olsun, istər mənəvi zərər, istərsə də ölüm və xəsarət halları - bunların hamısı itkidir. Tövsiyəm odur ki, sürücülər məsələyə peşəkar yanaşsınlar. Bu, nəqliyyat vasitəsidir, xizək deyil ki, sürüşəsən və istədiyin yerdə dayanasan. Burada kiçik bir səhv ölümə, dərənin dibinə yuvarlanmağa səbəb ola bilər. Ona görə də bu məsələlərə ciddi yanaşılmalıdır.
Aidiyyəti qurumlar laqeydliyi bir kənara qoysa, düşünürəm ki, yaxşı nəticələr əldə etmək olar. Təəssüf ki, hər il eyni problemləri yaşayırıq, qarlı havalarda yollar eyni vəziyyətə düşür, amma heç nə dəyişmir. Görünür, aidiyyəti qurumlara qarşı ciddi bir cəza mexanizmi tətbiq olunmalıdır ki, öz işlərinə məsuliyyətlə yanaşsınlar. Ən azından dərk etməlidirlər ki, onlar dövlət qurumudur və insanların həyatı qarşısında cavabdehdirlər. Onların səhvi ucbatından insan həyatını itirə bilər. Məncə bunu anlayırlar. Sadəcə yeyinti və digər xoşagəlməz hallar bu işlərə vicdanla yanaşmağa imkan vermir”.
Nurcan Babək
Zaqatalada güclü külək FƏSADLAR YARATDI: Aşman ağaclar avtomobil yolunu bağladı - FOTOLAR
Xanım sərnişin taksidə siqaret çəkmək istədi – Sürücü... - VİDEO
Bakıda yeniyetməni oğurluğa cəlb edən şəxs 6 il azadlıqdan məhrum edildi
“TikTok”da canlı yayım açıb tülküyə işgəncə verdi: “Hədiyyə göndərməsəniz…” - VİDEO
Mərdəkanda dənizdə 4 nəfər batdı; 3-nün meyiti tapıldı - YENİLƏNİB
“Dərnəgül”də təhlükəli anlar: Piyada az qala avtobusun altında qalırdı - VİDEO
Bilgəhdə hərəkətdə olan avtomobil qəfil alovlandı - VİDEO
Keçiddən keçməyən piyada qəzaya səbəb oldu - REAL VİDEO
Maşınların şüşəsini qırıb oğurluq edən şəxs SAXLANILDI - FOTO - VİDEO
Dəhşətli qəza ilə bağlı şahidlər danışdılar: "Hadisə səkinin üzərində baş verib" - VİDEO
Maşına minmək istəyirdi, ilanla qarşılaşdı - VİDEO











