İranda gizlənən yaralı pilotu belə xilas edibmişlər - Detallar

İranın hava məkanında vurulan “F-15E Strike Eagle” qırıcı təyyarəsinin ikinci heyət üzvünün xilas edilməsi əməliyyatı hazırda dünya mediasında müzakirə edilən əsas mövzulardan birinə çevrilib.
Avtosfer.az xəbər verir ki, artıq müxtəlif mənbələr əməliyyatın detallarını açıqlayıblar.
Belə ki, qırıcı təyyarə aprelin 3-də İranın cənub-qərbindəki Zaqros dağları üzərində vurulub. Pilotlardan biri hadisədən bir neçə saat sonra xilas edilsə də, ikinci zabit (silah sistemləri zabiti) bir gündən çox İran ərazisində gizlənməli olub. Onu təkcə amerikalı xüsusi təyinatlılar deyil, həm də İran tərəfi, o cümlədən yerli sakinlər axtarıb. İran hakimiyyəti hətta pilotun sağ tutulmasına görə 60 min dollar (102 min AZN) mükafat da vəd edib.
ABŞ ordusunun polkovniki olan həmin ikinci ekipaj üzvü ağır yaralı olmasına baxmayaraq, bir gündən artıq müddət ərzində gizlənməyi bacarıb. Üzərində tapança, rabitə vasitəsi və izləmə mayakından başqa heç nə olmayan hərbçi ələ keçməmək üçün dəniz səviyyəsindən təxminən 2100 metr yüksəklikdə olan dağlıq əraziyə dırmanmağı bacarıb.
ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi isə (CIA) İran Silahlı Qüvvələrinin diqqətini xilasetmə əməliyyatından yayındırmaq üçün genişmiqyaslı dezinformasiya kampaniyası təşkil edib. Belə ki, qırıcının ekipaj üzvü hələ aşkar edilməmişdən əvvəl kəşfiyyat artıq onun tapılıb təxliyə edildiyi barədə məlumat yayıb. Yalnız bundan sonra ekipaj üzvünün dəqiq yerini müəyyən etmək mümkün olub.
Beləliklə, pilotun əsir düşməsinə yol verməmək üçün ABŞ xilasetmə əməliyyatına yüzlərlə xüsusi təyinatlı cəlb edib. Əməliyyata İsrail Müdafiə Qüvvələri də kəşfiyyat məlumatları ilə dəstək veriblər.
Bununla belə, xilasetmə əməliyyatı bir sıra çətinliklərlə yadda qalıb. Əvvəlcə, İran tərəfi “Black Hawk” helikopterlərinin və “C-130 Hercules” təyyarəsinin iştirak etdiyi əməliyyatın uğursuzluğa düçar olduğunu iddia edib. Daha sonra ABŞ hərbi qulluqçuları yerə endikdən sonra palçığa batmış uçuş aparatlarının İran tərəfinin əlinə keçməməsi üçün onları məhv etmək məcburiyətində qalıblar. Bəzi mənbələr iki ədəd C-130 nəqliyyat təyyarəsinin, digər mənbələr isə 2 təyyarə və 2 helikopterin partladıldığını açıqlayıb.
“Nəticədə komandanlıq yaralı pilotun və xüsusi təyinatlı bölmələrin Küveytə təxliyəsi üçün əlavə üç təyyarə göndərməli olub”, - “ABC News” telekanalı öz mənbələrinə istinadən məlumat yayıb.
“Fox News”un xəbərinə görə isə xilasetmə əməliyyatı zamanı yerdə döyüşlər baş verib, lakin amerikalı hərbçilər arasında itki olmayıb. Əvəzində şahidlər axtarışda iştirak edən İran qüvvələri arasında itkilərin olduğunu bildiriblər.
Bundan başqa, xilasetmə əməliyyatını havadan dəstəkləyən “A-10 Warthog” təyyarəsinin Küveyt ərazisində qəzaya uğradığı açıqlanıb. Həmin təyyarənin pilotunun da uğurla katapult etdiyi bildirilir.
Nəticədə, ABŞ komandoları film ssenarisini xatırladan əməliyyat nəticəsində “F-15E Strike Eagle” qırıcı təyyarəsinin ikinci ekipaj üzvünü xilas etməyə nail olublar. Yaralı polkovnik isə tibbi yardım göstərilməsi üçün Küveytdə xəstəxanaya çatdırılıb.
Daha sonra ABŞ lideri Donald Tramp qırıcının ikinci heyət üzvünün xilas edilməsini təsdiqləyib. O, pilotu xilas etmək üçün İran səmasında yeddi saat keçirdiklərini qeyd edib.
Bakıda avtobus ağır qəzaya düşdü - Yaralılar var - VİDEO - YENİLƏNİB
Kristal Abşeronun həyətində xaos: Hərəkət çətinləşdi - FOTO
Avtobus palçıqlı yolda batdı - VİDEO
Gəncədə itə qarşı amansızlıq: İşgəncəyə məruz qalan heyvan öldü - VİDEO
Gənc qadın 90-lıq yolda təhlükəli anlar yaşatdı - ANBAAN VİDEO
Maşında həyat yoldaşına şiddət göstərən rəqqas SAXLANILDI - VİDEO - YENİLƏNİB
TIR sürücüsü beton piltəni magistral yolda sürüdü - VİDEO
Xəbər aparıcısı polisdən qaçarkən qəza törətdi - FOTO
Bu qəsəbədə sürücülər asfaltsız yoldan, piyadalar səkisizlikdən əziyyət çəkir - VİDEO
Xırdalanda avtomobil qadını vurub ÖLDÜRDÜ
Mingəçevirdə avtomobil qadını vurub xəstəxanalıq etdi - VİDEO











