Sərxoş kişi qaçırdığı maşını dəmiryol stansiyasındakı dirəyə çırpdı

Nərimanov Rayon Məhkəməsində talama məqsədi olmadan qanunsuz olaraq avtomobil ələ keçirmədə təqsirləndirilən İsmixan Vəliyevin (adı və soyadı şərtidir) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.
Avtosfer.az Pravda.az-a istinadən xəbər verir ki, hakim Gültəkin Əsədovanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü ilə İsmixan Vəliyev 3 il 3 ay müddətə azadlıqdan məhrum edilib.
İttihama görə, İsmixan Vəliyev 2025-ci il fevralın 17-də, saat 14 radələrində atasının Nərimanov rayonu, Çəmənzəminli küçəsində yerləşən yaşayış evinin qarşısında saxlanılan, zərərçəkmiş F.F.-ə məxsus olan, lakin etibarnamə əsasında MMC-lərin birinin istifadəsində olan "Hyundai Tucson" avtomobilinin açarının evdə olduğunu bilib. O, açarı gizlincə götürərək maşını talama məqsədi olmadan qanunsuz olaraq ələ keçirib.
Məlumata görə, sözügedən avtomobil MMC tərəfindən həmin evdə kirayədə yaşayan şəxsə ikigünlük icarəyə verilibmiş. Təqsirləndirilən şəxs avtomobili idarə edərək hadisə yerindən uzaqlaşıb və həmin gün saat 15 radələrində nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan, həmçinin alkoqol sərxoşluğu vəziyyətində Bakı şəhəri, Nərimanov rayonu, Keşlə qəsəbəsində yerləşən "Azərbaycan Dəmir Yolları" (ADY) QSC-yə məxsus Keşlə dəmiryol stansiyasının 2 nömrəli daşıyıcı xətti ərazisində avtomobili dəmir yolu relsləri üzərində hərəkət etdirib. Hərəkət zamanı idarəetməni itirən İsmixan maşını dəmir dirəyə çırpıb. Nəticədə avtomobilin ön və arxa hissələrinin, eləcə də təkərlərinin zədələnməsi ilə zərərçəkmiş şəxsə 8 740 manat məbləğində xeyli miqdarda maddi ziyan vurulub.
Araşdırma zamanı, həmçinin müəyyən edilib ki, təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq ümumi təmiz çəkisi 1.05 qram olan, kustar üsulla hazırlanmış, xeyli miqdarda psixotrop maddə hesab edilən metamfetamin əldə edib. O, həmin maddəni 2025-ci il fevralın 17-də qanunsuz ələ keçirdiyi avtomobilin sürücü oturacağının ayaqaltı hissəsində, rezin örtüyün altında gizlədərək saxlayıb və nəqliyyat vasitəsi ilə Keşlə qəsəbəsinə qanunsuz şəkildə daşıyıb.
Avtomobilin dəmir yolu relsləri üzərində qəzaya uğraması ilə bağlı daxil olan məlumat əsasında Biləcəri stansiyasının polis əməkdaşları hadisə yerinə gələrək, 2025-ci il fevralın 17-də saat 16:23-də nəqliyyat vasitəsinə baxış keçiriblər. Baxış zamanı maşının sürücü oturacağının ayaqaltı hissəsindən təqsirləndirilən şəxsə məxsus bir ədəd sellofan bükümdə 1.05 qram ağ rəngli kristalşəkilli metamfetamin, eləcə də üzərində narkotik maddə izləri olan bir ədəd borucuq formalı predmet aşkar edilərək götürülüb.
Qeyd olunan hallarla bağlı təqsirləndirilən şəxsə Cinayət Məcəlləsinin 185.2.4-cü (xeyli miqdarda ziyan vurmaqla əmlakın qəsdən məhv edilməsi və ya zədələnməsi) və 234.1-ci (narkotik vasitələri və psixotrop maddələri satış məqsədi olmadan qanunsuz əldə etmə və saxlama) maddələri ilə ittiham irəli sürülüb.
Məhkəmə iclasında İsmixan Vəliyev özünü qismən təqsirli bilib. O, ifadəsində narkotik maddədən istifadə etdiyini etiraf etsə də, ittiham aktında göstərilən çəkidə narkotik maddə saxlamadığını söyləyib. Təqsirləndirilən şəxs metamfetamini 50 manata aldığını deyib.
Avtobusda 9500 manat tapıb mənimsəyən şəxs saxlanıldı - Pul sahibinə qaytarıldı - VİDEO
Aşınmış və işıqlandırılmayan bu küçə sürücülərə təhlükə yaradır - VİDEO
Rusiyaya zərbələr qlobal inflyasiya riski yaradır
Bakıda nasaz avtobus qəza şəraiti yaratdı, sürücü sərnişinləri təhqir etdi - VİDEO
Paytaxtda yanacaqdaşıyan maşın ALOVLANDI - VİDEO
Bakıda yenə avtobus yandı - VİDEO
Arzum xəstəxanada 21 dəqiqə qalıb - Maşını aeroportdan götürülüb - FOTO - VİDEO
Bu yolda hərəkət işgəncəyə çevrilib: Qazılan hissə bir ildir bərpa olunmur - VİDEO
Paytaxtda maşından meyit tapılıb
Bakıda avtobus sürücüsünün ani diqqətsizliyi faciəyə səbəb olacaqdı - ANBAAN VİDEO
İşıqlandırılmayan yolda dayanan sərxoş piyada təhlükə yaratdı - VİDEO










