Sürücülük imtahanını bir dəfəyə verən azərbaycanlı - FOTO
Bir müddət əvvəl bir azərbaycanlı ailənin Fransada sürücülük imtahanının nəzəri hissəsini uğurla verərək fransızları heyrətə salmasından söz açmışdıq.
Ətraflı bu linkdə:
https://avtosfer.az/az/avtodunya/suruculuk-imtahaninda-fransizlari-heyrete-salan-azerbaycanli-aile-foto-239781
Bu dəfə isə sıra gəldi praktik imtahana.
Avtosfer.az saytına müsahibəsində Asəf Quliyev praktik imtahanı birinci cəhddə verdiyini bildirdi. Doğrudur, həmsöhbətim Azərbaycanda 16 illik sürücülük təcrübəsinə malikdir. Lakin məsələnin başqa tərəfi də var: bizim sürücülük tərzimiz fransızlardan, daha doğrusu avropalılardan ciddi şəkildə fərqlənir. Azərbaycanda 10 il avtomobil idarə edən şəxsin Fransada praktik imtahanı səkkizinci cəhddə verə bildiyinin şahidi olmuşam.
Həmsöhbətim bildirir ki, praktik imtahan 1 saat – 1 saat 30 dəqiqə çəkir. Əvvəlcə iddiaçı 100 nəzəri sualdan üçünə cavab verərək azı 21 bal toplamalıdır. Həmvətənimiz 26,5 bal toplayıb ki, bu da çox yüksək göstərici hesab olunur. Nəzəri suallara düzgün cavab verən iddiaçı praktik olaraq müəyyən manevrləri yerinə yetirdikdən sonra evə yollanır. İmtahan nəticələri haqqında bildiriş iddiaçının elektron poçtuna göndərilir. Bu həm də müvəqqəti sürücülük vəsiqəsi hesab edilir. Bu sənədlə daimi sürücülük vəsiqəsi əldə edilənədək avtomobil idarə etmək mümkündür – lakin yalnız Fransa daxilində.
Sürücülük vəsiqəsini almaq üçünsə təkrar polis prefekturasına getməyə ehtiyac yoxdur. Sənəd bir neçə ay ərzində hazırlanaraq poçtla ünvana göndərilir.
İmtahan yekunlaşanda təlimçi həmyerlimizə bildirib ki, ondan əvvəl imtahan verən fransız praktik imtahanı onuncu cəhddə verib.
Asif Quliyevə düşən nəzəri sual uzaqvuran faralarla bağlı olub. İmtahançı ondan uzaqvuran faraları yandırmağı, korreksiya etməyi, cihazlar lövhəsindəki faranın yandığını göstərən işığı tapmağı tələb edib.
İlk baxışdan yersiz hesab edilə bilər. Amma mən bu yaxınlarda sırf təsadüf nəticəsində bahalı avtomobil sahibi olan 2 qohumumun uzaqvuran faraları yandıra bilmədiyinin şahidi olmuşam. Nə qədər təəccüblü olsa da, hər ikisinin sürücülük stajı 3 ildən artıqdır.
Oxucunun beynində dolaşan “bəs onlar gecə necə maşın sürüblər?” sualına da cavab verməmək doğru olmaz: hər 2 şəxs avtomobil alanda fraları avtomatik rejimə qoyulub. Qaranlıq vaxtı hərəkət zamanı yaxına vuran faralar avtomatik işə düşür.
Bəli, Fransada sürücülük vəsiqəsi almaq bakalavr diplomu almaqdan daha çətindir.