DYP-də «kinokomediya» - Giriş 50 manatdır - ŞİKAYƏT
Cəlilabad Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları artıq rayonlar arasında fərq qoymağa və bunu açıq şəkildə büruzə verməyə başlayıblar. Hətta başqa rayondan olan şəxs Cəlilabada daxil olarsa, ona daha ağır cərimə yazılır və səbəbi də izah edilmir. Jam.az xəbər verir ki, Masallı rayon, Ərkivan qəsəbə sakini Anar Ağammədov da eyni aqibətlə üzləşən sürücülərdəndir.
Redaksiyamıza müraciət edən Anar Ağammədov bildirir ki, idarə etdiyi 44 BF 979 dövlət nömrə nişanlı «Kamaz» markalı maşını ilə bu ilin 20 fevralında Cəlilabad şəhərindən yük gətirən zaman yerli DYP əməkdaşları tərəfindən saxlanılıb. O bildirib ki, yolda kanalizasiya işləri aparıldığından alternativ olaraq rayonun mərkəzindən keçən Heydər Əliyev profspekti ilə hərəkət etməli olub. Masallı sakini qeyd edir ki, bu zaman DYP əməkdaşı Ramiz İsmayılov onları saxlayıb. «Həmin vaxt yanımda yükünü daşıdığım İlham İsgəndərov düşüb Ramiz İsmayılovla söhbət etdikdən sonra mənə dedi ki, giriş 50 manatdır. Rüşvət verməkdən qorxduğum üçün iradımı bildirdim. Sənədlərimi tələb etdi, mən də verdim. İlham İsgəndərov inspektora yaxınlaşıb söhbət etdilər və qısa müddətdə söhbət mübahisəyə çevrildi. Nəticədə mənə protokol yazıldı».
Qeyd edək ki, bu işin sadəcə, elə-belə mərhələsidir. Anar Ağammədov bildirib ki, DYP əməkdaşına protokol yazmaması üçün bir xeyli xahiş edib. «Ramiz İsmayılov mənə dedi ki, protokol yazmaya da bilərdi. Lakin mən Masallıdan olduğum üçün belə bir addım atıb. Məgər, Masallı rayonundan olmaq protokol yazılması üçün əsas ola bilər? Və ya Masallıdan olan şəxs düşməndir? Bütün bunlara əhəmiyyət verməyən DYP əməkdaşı yenidən bizə baxıb dedi ki, nəsə versək, o zaman protokol yazmaya bilər. Amma malın sahibi İlham İsgəndərov ona bildirdi ki, üzərində pulu yoxdur, yük boşaldıldıqdan sonra qayıdıb DYP əməkdaşıyla görüşə bilər. Lakin o, bununla razılaşmadı».
Ərkivan sakini vurğulayır ki, o, sonradan protokola nəzər yetirib və görüb ki, DYP əməkdaşı ona «yük avtomobilinin girişi qadağandır» əvəzinə, «giriş və hərəkət qadağandır» maddəsi ilə cərimə yazıb. «Bununla cəriməsi 40 manat deyil, 60 manat və 3 cərimə balıdır. Bu haqda 102 Xidmətinə məlumat verdim. Bu zaman Cəlilabad DYP-nin rəisi Nazim İsmayılov zəng edərək, şöbəyə yaxınlaşmağımı istədi».
Fevralın 29-da Cəlilabad DYP-nin rəisinin qəbulunda olub. «Başıma gələnləri olduğu kimi söylədim. Amma DYP inspektorunun tərəfini vermək istəmədi. Ardından da bildirdi ki, həmin protokolu dəyişəcək. Ondan belə bir addım atmamasını rica etdim. Amma cavabında dedi ki, o, məni heç saymır və dəyişiklik edəcəyi təqdirdə məndən icazə almaq niyyətində deyil».
Anar Ağaməmmədov bildirib ki, martın 16-da Cəlilabad Polis Şöbəsinə dəvəti edilib və izahatı alınıb. «Nazim İsmayılov orada bildirdi ki, o, artıq protokolu dəyişdirib. İradımı bildirəndə yenə kobud şəkildə «səndən icazə alası deyildim» deyərək, kəsdirmə danışmağa başladı».
Masallı sakininin hazırda problemi odur ki, o, adına yazılmış cərimənin sənədini ala bilmir. Ki, gedib cəriməni ödəsin. «Dəfələrlə Nazim İsmayılovun qəbulunda olmuşam. Protokolun əslini istəmişəm. Amma hər dəfə boyun qaçırıb. Bu günə qədər həmin protokolu alıb, cəriməsini ödəyə bilməmişəm».
Anar Ağammədov onu da deyib ki, dəfələrlə yuxarı instansiyalara müraciət edib. Hətta müstəntiq Toğrul Əhmədov işə baxılmasını rədd edib. «Cəlilabad Məhkəməsinin sədri Ə.Ələkbərovun qəbulunda da olmuşam. O mənə dedi ki, prokurora və ona yazılı ərizə yazım».
Cəlilabad DYP-nin rəisinin də mövqeyini dərc etməyə hazırıq.