İş adamı polisdən niyə şikayət edib? – DİN-dən açıqlama
Dünən Zərdab Rayon Polis Şöbəsi ilə bağlı yayılan tənqidi materiala Daxili İşlər Nazirliyində reaksiya verilib. Avtosfer.az xəbər verir ki, bu barədə Qurumun Mətbuat Xidmətinin şöbə rəisi Orxan Mansurzadə aznews.az-a bildirib ki, Zərdabın Pərvanlı kənd sakini Güləhməd Rüstəmovun sözügedən rayonun Polis Şöbəsinin rəhbərliyi barəsində səsləndirdiyi bütün iddialar tamamilə yalandır polisin rayondakı yüksək nüfuzuna və işgüzar imicinə xələl gətirməyə yönəlmiş dezinformasiyalardır: “Deyilənlərin əkinə olaraq qeyd etməliyəm ki, Zərdab RPŞ-nin rəhbərliyi və əməkdaşları ilə G.Rüstəmov arasında heç vaxt hər hansı problem yaşanmayıb. Onun guya qoluna qandal vurularaq RPŞ-yə aparılması, mağazalarını açdığına görə təhdid edilməsi barədə ittihamları əslində ictimaiyyəti aldatmağa hesablanıb, rayonda polisin iş adamlarının fəaliyyətinə guya maneə yaratması barədə yanlış rəy yaratmağa xidmət edir. Görünür, G.Rüstəmovu polis əməkdaşları barədə belə qərəzli və şantaj xarakterli məlumatlar yaymağa ona məxsus dəmir boruları daşıyan, rayon sakini Rauf Xəlilov tərəfindən sənədsiz idarə olunan "MTZ-80" markalı 63 T 360 nömrəli traktorun cari il martın 23-də, bu il aprelin 10-da isə "Mersedes" markalı 63 TZ 360 dövlət nömrə nişanlı avtomobili görünüşü məhdudlaşdıran, kustar üsulla hazırlanmış pərdə ilə idarə etdiyi üçün qardaşı Natiq Rüstəmovun yol polisi əməkdaşları tərəfindən saxlanılması olub.
Qabaqcadan əlbir olan bir qrup şəxslə narkotik vasitələrin satışı ilə məşğul olduğuna və yol-nəqliyyat hadisəsi törətdiyinə görə əvvəllər iki dəfə məhkum olunmuş Natiq Rüstəmovdan müvafiq sənədlər tələb edilərkən o, yol polisi əməkdaşları ilə kobud rəftar edib və onların qanuni tələblərinə qəsdən tabe olmayaraq aradan çıxıb. Buna görə N.Rüstəmov barəsində Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə inzibati protokol tərtib edilərək toplanmış materiallar məhkəməyə göndərilib. Məhkəmənin müvafiq qərarı ilə N.Rüstəmov cərimə edilib. İndi guya qolundakı qandalın izindən "ürək ağrısı" ilə danışan Güləhməd Rüstəmov qardaşı ilə bağlı yaranmış problemi çözmək üçün sonuncu ilə birlikdə Polis Şöbəsinə gedib. Və bu da polis "təzyiqi"ndən şikayətlənən şəxsin RPŞ-yə ilk və son gəlişi olub”.
Şöbə rəisi əlavə edib ki, Güləhməd Rüstəmovun müraciətləri əsasında istər Daxili İşlər Nazirliyinin aidiyyəti xidmətləri, istərsə də Zərdab rayon Prokurorluğunda müvafiq araşdırmalar aparılıb: “Onun polis əməkdaşları barədə müraciətlərində qeyd etdiyi xüsusatların heç biri həmin araşdırmalar zamanı öz təsdiqini tapmayıb”.
Qeyd edək ki, iş adamı Güləhməd Rüstəmovun aznews.az-a müraciətində fəaliyyətində polisin maneə olması, ondan 20 min manat rüşvət istəməsi barədə iddialar yer almışdı.