Banner

Yaşlı qadını götürmək üçün dayanan avtobus sürücüsü 100 manat cərimə edildi - FOTO

Xəbərlər 4 Avqust 2016 12:43 Oxunub 10695
Yaşlı qadını götürmək üçün dayanan avtobus sürücüsü 100 manat cərimə edildi - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Bakıda baş vermiş bu hadisə sərnişinləri narahat etsə də, polis qanunun tələbini yerinə yetirib

Bakı şəhər sakini Ayxan Rəhimli Avtosfer.az saytına müraciət edərək maraqlı bir məsələyə toxunub. O bildirib ki, avtobus sürücüsü dayanacaqdan kənarda avtobusu saxlayaraq yaşlı qadını götürmək istəyib. Bu zaman yol polisi inspektoru avtobusu saxlatdırıb və sürücüyə cərimə yazıb. Sərnişinlər isə mənzil başına gecikdiyi üçün DYP əməkdaşının bu hərəkətindən narazı qalıblar. Ayxan Rəhimlinin yazdıqlarını təqdim edirik: «Dünən (qavqustun 1-də-red.) saat 09:20 radələrində 3-cü mikrorayon dairəsindən «Binə» bazarına yola düşən 205 nömrəli sərnişin avtobusu Yasamal rayonu ərazisindən keçərkən dayanacağa çatmamış yaşlı qadını götürmək üçün dayandığı üçün DYP əməkdaşları tərəfindən saxlanıldı və marşrutun sürücüsünə 100 AZN məbləğində cərimə yazıldı. 

Bu proses aşağı-yuxarı 20 dəqiqə çəkdiyindən içəridəki sərnişinlər və qarşıdakı dayanacaqlarda gözləyən digər sərnişinlər hamısı getdikləri ünvanlara gecikdi. Hadisənin şəklini çəkdim və sizə göndərmək qərarına gəldim. 

Burada bir neçə sual meydana çıxır:

1. Sərnişin avtobusları hər kiçik qayda pozuntusuna görə saxlanılmalıdırmı?

2. Ümumiyyətlə, dayanacaqdan kənarda saxlanmağa görə təyin olunmuş cərimə məbləği nə üçün 100 AZN-dir? (Əgər pozuntunun səbəbi dayanacaqların uğursuz yerlərdə qoyulmasıdırsa)

3. Belə hadisələrdə sərnişinlərin puzulmuş hüquqlarının bərpaedici həll yolları nə üçün müzakirə olunmur?

Həmin gün mən də 205 saylı avtobusda idim və hadisənin şəklini çəkmişəm. Həftədə bir neçə dəfə o yolu gedirəm və ərazidən keçən avtobusların 90 faizi həmin yerdə dayanıb sərnişin götürür və cərimələnmir. Çünki həmin əraziyə təyin olunmuş DYP əməkdaşlarının bura nəzarət edəcək fiziki imkanı yoxdur. Həmin gün sırf DYP əməkdaşlarının gözünə tuş gəldiyinə görə bəlkə də əvvəllər heç qayda pozuntusu etməmiş, bu istidə ailəsinə çörəkpulu qazanan yaşlı avtobus sürücüsü cərimələndi. 

Sual verirəm: Əgər bu qanundursa, nəyə görə istisnasız tətbiq edilmir, yox, əgər qanun deyilsə nəyə görə boş yolda yaşlı qadına qapı açdığı üçün sürücü 100 AZN ziyana düşdü?

Xahiş olunur yazdıqlarımı lazımıi qaydada redaktə edib, məsələni araşdırıb ictimaiyyətə paylaşasınız. Bunu məndən birinci vicdanım, sonra həmin avtobsuun üzü qızarmış yaşlı sürücüsü xahiş etdi».

Ayxan Rəhimli maraqlı məqamlara toxunub. O, bir vətəndaş kimi baş verənlərə reaksiya verir və maraqlı suallar qoyur. Vətəndaşların belə məsələlərə reaksiya verməsi yaxşı haldır. Lakin bildirmək lazımdır ki, yol hərəkətinin bütün iştirakçıları qanun qarşısında məsuliyyət daşıyırlar. Yol hərəkətinin təşkilində bəzi kateqoriyadan olan sürücülərə üstünlük verilir, lakin bu, zərurət olduqda baş verə bilər. Bu sırada avtobus sürücüləri yoxdur. Yəni, avtobus sürücüləri heç bir üstünlüyə və ya güzəştə malik deyillər. Milli Məclis tərəfindən qəbul edilən qərara görə, avtobusu dayanacaqdan kənarda saxlamağın cəzası 100 manatdır. Bu cəza əvvəl bir qədər 60 manat idi, lakin mart ayından 100 manat miqdarında müəyyən edilib. Sərnişinin və ya sürücünün yaşlı olması da heç nəyi dəyişmir.

Çox təəssüflər olsun ki, bu qədər cərimələr yazılır, cəzalar verilir, lakin yenə də bəzi avtobus sürücüləri avtobusu harada gəldi saxlayır və çox təhlükəli sürürlər. Bu isə yolverilməzdir. Avtobusun dayanacaqdan kənarda saxlamaq qanunla birmənalı şəkildə qadağandır. Bu, yalnız zəruri hallarda baş verə bilər. Məsələn, avtobusda özünü pis hiss edən sərnişin olduqda, avtobusda texniki nasazlıq baş verdikdə və s.

Yol polisi əməkdaşı konkret bu vəziyyətdə doğru addım atıb. O, yalnız avtobusu xətdən kənarlaşdırmalı olduqda həmin avtobusun son dayanacağına qədər gedə və sərnişinlər düşürüldükdən sonra avtobusu cərimə meydançasına apara bilərdi. Yolda cərimə yazmaq vəziyyəti isə cəmi 10-15 dəqiqə vaxt apara bilər. Əgər sərnişinlər bundan narahat olurlarsa, o zaman bir avtobus sürücüsünün 5-6 yerdə dayanıb sərnişin mindirib-düşürməsindən də narahat olmalı və buna etiraz etməlidirlər. Bu, həm onların vaxtını alır, həm də təhlükə yaradır. Məsələn, dayanacaqdan kənarda dayanan avtobusu başqa nəqliyyat vasitələri vura bilər. Dayanacaqdan kənarda avtobusa minib-düşən sərnişinin də məsuliyyəti var. Belə sərnişinin başına hər hansı hadisə gəlsə o zaman daha pis nəticələr ortaya çıxa bilər? «Yol hərəkəti haqqında» qanun deyir ki, sərnişinlər xüsusi olaraq işarələnmiş və dayanacaq üçün ayrılmış yerlərdə, səkidə dayanıb avtobus gözləməlidir. Səki olmadıqda isə yolun hərəkət hissəsinə çıxmamalı, yalnız avtobus dayandıqdan sonra yolun hərəkət hissəsinə çıxıb avtobusa minməlidir. Bunlar kimlərəsə adi cümlə kimi görünə bilər. Lakin bütövlükdə hər bir cümlə insanların təhlükəsizliyinə hesablanıb.

Ümid edirik ki, Ayxan Rəhimlinin şahidi olduğu hadisə həmin sürücüyə bir dərs oldu və bir daha bu cür qayda pozuntusuna yol verməz.

Yeri gəlmişkən, yeni İnzibati Xətalar Məcəlləsinə görə, avtobuslar dayanacaqdan kənarda sərnişin mindirib-düşürmək üçün dayandıqda xüsusi texniki vasitələr, yəni kameralar da bunu qeydə ala və sürücü barəsində inzibati protokol tərtib edilə bilər.

 

Elməddin Muradlı

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh