Yol polisindən şikayət: Əvvəl maşını, sonra sənədləri girov saxlayıblar - FOTO

Xəbərlər 25 Yanvar 2016 14:15 Oxunub 2281
Yol polisindən şikayət: Əvvəl maşını, sonra sənədləri girov saxlayıblar - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
«Chacman» üçün 20, «Kamaz» üçün 5, «HOWO» markalı yük maşını üçün isə 10 manat haqq tələb olunur

«Chacman» markalı yük maşını ilə ailəsini dolandıran Elçin Qədimov yol polisinin qanunsuz hərəkətlərindən narazılıq edir. O, Avtosfer.az-a bildirib ki, Ləki-Ağdaş yolunda gecə sabaha qədər Razi adlı inispektorun rəhbərliyi ilə iki Yol-Patrul Xidməti (YPX) maşını – (99 YP 553 və 99 YP 199) yük maşınlarını saxlayır və məcburi rüşvət alırlar: «Mən «Shacman» markalı, 99 EJ 676 dövlət nömrə nişanlı yük maşını sürürəm. Həmin polislərin xidmət apardığı ərazidən keçməsinə görə «Chacman» markalı yük maşını üçün 20 manat, «Kamaz» markalı yük maşını üçün 5 manat və «HOWO» markalı yük maşını üçün 10 manat haqq tələb olunur. Onlar açıq-aşkar pul yığırlar. Bunu görmək üçün sadəcə gecə hər hansı yük maşınının arxasınca getmək kifayət edər. Hər gün deyirlər ki, camaatı incitməyin, imkan verin dolansınlar. Cənab Prezdent tez tez çıxış edərək sahibkarları və insanları incidənlərə qarşı sərt danışır. Amma bu Ağdaş YPX-nın əməkdaşları heç kimdən qorxmadan qanunsuz hərəkətlərlə sadə vətəndaşları bezdirir və narazı salır. Xaiş edirəm, Ağdaş YPX-nın rəisi Namiq müəllim, onun pulyığanı Razi və adını bilmədiyim YPX əməkdaşları bu əməllərinə son qoysun və yaxud, onların bu əməllərinin qarşısını kimsə alsın.

Bildirirəm ki, Ağdaş YPX əməkdaşlarının yolda yük maşını saxlamağa heç bir hüququ yoxdur. Çünki onlar yük maşınlarının artıq yüklərini bəhanə edib pul alırlar. Ancaq Ağdaş rayonunda yük maşınını çəkəcək tərəzi yoxdur. Onlar pul vermiyən yük maşınlarını 50 km aralıda yerləşən Yevlax rayunu ərazisindəki tərəziyə gətirərək çəkirlər. Çəki düz olduqda yük maşını 100 km artıq yol gedir və yanacağa əlavə 30 manat pul ödəməli oluruq. Bu da sürücüləri yol polislərinə 20 manat rüşvət verməyə məcbur edir. Mən inanıram ki, bunu oxuyub hər hansısa bir dövlət məmuru bunların qanunsuz əməlinə hüquqi qiymət verər və biz sürücülərin də canı qutarar».

Elçin Qədimov deyir ki, onu da artıq yük daşımaq bəhanəsi ilə saxlayan həmin yol polisləri sənədləri girov saxlayıblar. Onlar sürücüdən 30 manat ala bilmədikləri üçün sənədləri vermirlər. Hazırda sürücü məhz yol polisinin sənədləri qanunsuz olaraq girov saxlaması səbəbindən işləyə bilmir. Yol polisləri isə sürücünü indi də avtoxuliqanlıq adı ilə sınağa çəkib 600 manat tələb edirlər.

DİN Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi, polkovnik Kamran Əliyev isə Avtosfer.az-a bildirib ki, həmin sürücü 2 min mişar daşı yüklədiyi üçün onun idarə etdiyi nəqliyyat vasitəsi saxlanılıb. Lakin sürücü maşının qapılarını bağlayaraq 2 saata yaxın yol polislərinə tabe olmayıb. Avtomobilin sahibi gələndən sonra sürücü qapıları açıb və tərəzidə çəkilməsi üçün həmin nəqliyyat vasitəsi Yevlax rayonuna aparılıb. Burada avtomobili tərəziyə çıxararkən sürücü maşını yol polisi əməkdaşının üstünə sürərək qaçıb. O, «Chacman»ı Yevlax rayonunun mərkəzi küçələrinin birində saxlayıb və avtomobildəki mişar daşlarının yarısını yola boşaldaraq qaçıb: «Hazırda həmin sürücü axtarışa verilib. Onu tapıb məsuliyyətə cəlb edəcəyik. Bəzi yük maşını sürücüləri Ləki yolunu bərbad hala saldığı üçün yol polisi onlara qarşı mübarizə aparır. Artıq yüklə yüklənmiş maşınlarla Ləki yolunda hərəkət edib asfaltı dağıdırlar. Polis də tədbir görəndə sürücülər başqa yollara əl atırlar».

 

Fərid

ŞƏRH YAZ
Ad

E-mail

Şərh