Elektromobillər üçün ayrılmış yerləri zəbt edənlər cərimələnəcək – VİDEO

Qaydalar 24 İyun 2026 11:30
Elektromobillər üçün ayrılmış yerləri zəbt edənlər cərimələnəcək – VİDEO
WhatsApp kanalımıza abunə olun

Son illər ölkədə elektromobillərin sayının artması ilə əlaqədar onların enerji ilə təmin olunması üçün xüsusi doldurma məntəqələrinin sayı da artırılır. Bununla yanaşı, həmin ərazilərdə parklanma qaydalarının pozulması elektromobil sahibləri üçün ciddi problemlər yaradır.

Avtosfer.az xəbər verir ki, nəqliyyat eksperti Eldəniz Cəfərov bildirib ki, elektrik mühərrikli nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş enerji doldurma məntəqələri xüsusi yol nişanı və əlavə məlumatverici lövhəciklərlə işarələnir.

Onun sözlərinə görə, bu məqsədlə istifadə olunan 7.5.9 nömrəli əlavə məlumat lövhəciyi həmin ərazinin elektromobillərin enerji doldurulması üçün ayrıldığını göstərir:

“Bu lövhəcik sürücülərə bildirir ki, göstərilən yerdə yalnız elektromobillər enerji doldurmaq məqsədilə dayana bilərlər. Digər nəqliyyat vasitələrinin həmin ərazidə saxlanılması qanunvericiliyin tələblərinə ziddir. Eyni zamanda, elektromobil sürücüləri də avtomobillərinin enerji ilə doldurulması prosesi başa çatdıqdan sonra parklanma yerini boşaltmalıdırlar. Bu yerlər uzunmüddətli dayanacaq kimi istifadə olunmamalıdır”.

Ekspert qeyd edib ki, elektromobillər üçün ayrılmış enerji doldurma məntəqələrində digər nəqliyyat vasitələrinin saxlanılmasına görə inzibati məsuliyyət nəzərdə tutulur.

“Qanunvericiliyə əsasən, elektromobillərin enerji doldurulması üçün ayrılmış yerdə digər nəqliyyat vasitəsinin saxlanılmasına görə sürücü 20 manat məbləğində cərimə edilir. Bu qaydalar elektromobil sahiblərinin infrastrukturdan maneəsiz istifadə etməsini təmin etmək məqsədi daşıyır”, – deyə o bildirib.

Oxşar təcrübə dünyanın bir çox ölkələrində, xüsusilə Avropa İttifaqı ölkələrində də tətbiq edilir. Onun sözlərinə görə, bəzi Avropa ölkələrində belə qayda pozuntularına görə 50 avrodan 100 avroya qədər cərimələr tətbiq olunur.

Ekspert əlavə edib ki, bir sıra ölkələrdə enerji doldurma məntəqələrinin qanunsuz zəbt edilməsi hallarında daha sərt tədbirlər görülür:

“Əgər nəqliyyat vasitəsi uzun müddət enerji doldurma məntəqəsində saxlanılırsa və bu, digər istifadəçilərin hüquqlarını məhdudlaşdırırsa, polis və ya yerli səlahiyyətli qurumların qərarı əsasında həmin avtomobil xüsusi duracağa təxliyə edilə bilər. Elektromobil infrastrukturunun inkişaf etdiyi dövrdə sürücülərin bu qaydalara əməl etməsi vacibdir. Bu həm enerji doldurma məntəqələrinin səmərəli istifadəsinə, həm də elektromobil sahiblərinin hüquqlarının qorunmasına xidmət edir”.

Eltac Zülfüqaroğlu

Oxunub : 492
ŞƏRH YAZ
Ad

E-mail

Şərh