Taksidə POS-terminal yoxdursa, nə etmək lazımdır? - AÇIQLAMA

Qaydalar 10 İyun 2026 19:21
Taksidə POS-terminal yoxdursa, nə etmək lazımdır? - AÇIQLAMA
WhatsApp kanalımıza abunə olun

Taksi sifariş verərkən nağdsız ödənişlərin təşviqi və POS-terminaldan istifadənin məcburi olmasına baxmayaraq, bəzi sürücülər hələ də kartla ödəniş qəbul etmir.
Avtosfer.az xəbər verir ki, sərnişinlər bir çox hallarda sürücülərdə nə POS-terminalın, nə də kart hesabına köçürmə imkanının olduğunu bildirirlər. Bu da sürücü ilə sərnişin arasında mübahisələrə gətirib çıxarır. Qanunvericilikdə son dövrlərdə aparılan dəyişikliklərə əsasən də kartdan karta ödənişlərə tətbiq edilən yeni qaydalar vətəndaşların işini bir az da çətinləşdirir. Bəs bu hal necə tənzimlənməlidir?
Mövzu ilə bağlı nəqliyyat eksperti Elməddin Muradlı Avtosfere.az-a açıqlamasında bildirib ki, "Avtomobil nəqliyyatı haqqında" Qanunda açıq şəkildə göstərilir ki, bütün taksi avtomobilləri POS-terminalla təmin olunmalıdır. Yəni, bu, sürücünün seçimindən asılı deyil, qanunun tələbidir:


"Bəzi sürücülər nağd ödəniş əldə etmək məqsədilə kartla ödənişdən yayınmağa çalışırlar. Halbuki buna ciddi ehtiyac yoxdur. Onlayn ödənişlər həyata keçirildikdə vəsait qısa müddət ərzində sürücünün hesabına köçürülür və ondan istifadə etmək mümkün olur. Burada əsas səbəblərdən biri sürücülərin nağd ödənişə alışmasıdır. Məsələn, gediş haqqı 5 manat 30 qəpik olduqda sərnişin kartla ödəniş edərsə, məhz həmin məbləğ tutulur. Lakin nağd ödəniş zamanı bəzi hallarda sərnişin 6 manat verir və qalan məbləği geri almır. Bu da sürücünün əlavə qazanc əldə etməsinə səbəb olur. Ola bilsin ki, bəzi sürücülərin nağd ödənişə üstünlük verməsinin səbəblərindən biri də budur".
Ekspert qeyd edib ki, dövlət tərəfindən müəyyən edilmiş qaydalar var və bu sahədə fəaliyyət göstərən hər kəs həmin qaydalara əməl etməlidir.
“Taksi fəaliyyəti ilə məşğul olan sürücülər də qanunvericiliyin tələblərinə uyğun davranmalıdırlar. Burada vətəndaşlar da müəyyən çətinliklərlə üzləşirlər. Çünki kart əməliyyatları ilə bağlı bəzi bankların tətbiq etdiyi limitlər mövcuddur və bu məsələlər də nəzərə alınmalıdır. Hesab edirəm ki, həm sərnişinləri, həm də sürücüləri nağdsız ödənişlərə təşviq etmək üçün taksi şirkətləri ilə banklar arasında əməkdaşlıq qurula bilər. Müxtəlif stimullaşdırıcı mexanizmlər tətbiq olunarsa, həm sürücülərin, həm də sərnişinlərin onlayn ödənişlərə marağı artar. Hazırkı vəziyyətdə kartla ödənişdən yayınmaq düzgün yanaşma deyil. POS-terminal məsələsi tam həllini tapmalı və qanunun tələbləri yerinə yetirilməlidir. Sevindirici haldır ki, artıq bir çox sürücü bu tələblərə əməl edir. Lakin təəssüf ki, hələ də bəzi sürücülər qaydalara riayət etmir və bu da sərnişinlər üçün əlavə problemlər yaradır”.
Məsələ ilə bağlı  Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) sorğumuza cavab olaraq bildirildi ki, qanunvericiliyin tələblərinə uyğun olaraq, taksi minik avtomobillərində POS-terminal (mobil POS-terminal da ola bilər) olmalıdır. Sərnişinlər taksidə ödəniş edərkən sürücüdən POS-terminalın təqdim edilməsini tələb edə bilər:


"Sərnişinlərə taksi sahəsində qarşılaşdıqları müxtəlif problemlərlə, o cümlədən POS-terminalın olmaması ilə bağlı AYNA-nın “141” Çağrı Mərkəzi və ya sosial şəbəkə hesabları üzərindən müraciət etmələri və nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanı barədə məlumat vermələri xahiş olunur.
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən qanunvericiliyin tələblərinə əməl olunmasının təmin edilməsi məqsədilə mütəmadi monitorinqlər aparılır və nəzarət tədbirləri həyata keçirilir".
Nəqliyyat eksperti Eldəniz Cəfərlinin fikrincə, Bu halların qarşısını almaq üçün taksi şirkətləri qeyri-nağd ödənişlərdən formalaşan vəsaitləri sürücülərə vaxtında köçürməlidirlər.


"Məsələ ondadır ki, sərnişinlə taksi operatoru arasında bağlanan razılaşmaya əsasən ödənişlər qeyri-nağd qaydada həyata keçirilir və sərnişinin kartından çıxılan məbləğ birbaşa operator şirkətin hesabına daxil olur. Daha sonra həmin vəsait taksi operatoru tərəfindən sürücüyə ödənilir. Lakin bu ödənişlərin həyata keçirilməsində gecikmələr yarandıqda bəzi sürücülər sərnişinlərdən nağd ödəniş tələb etməyə üstünlük verirlər. Problemin əsas səbəblərindən biri də məhz bu gecikmələrdir".
Ekspertlər qeyd edir ki, belə gecikmələr bir çox hallarda banklarla bağlı da ola bilir. Sistemdə yaranan xətalar səbəbindən taksi operatorlarının köçürmə sifarişləri gec yerinə yetirilir. Bu da birbaşa sürücülərin fəaliyyətinə mənfi təsir göstərir.
Fatimə Dadaşova

Oxunub : 198
ŞƏRH YAZ
Ad

E-mail

Şərh