Taksilərlə bağlı qaydalar: Bu şəxslər 40 minədək cərimələnəcək

Qaydalar 2 İyul 2026 14:46
Taksilərlə bağlı qaydalar: Bu şəxslər 40 minədək cərimələnəcək
WhatsApp kanalımıza abunə olun

Azərbaycanın İnzibati Xətalar Məcəlləsində taksi fəaliyyəti və avtomobil nəqliyyatı ilə sərnişin daşınması sahəsində yol verilən bir sıra pozuntulara görə inzibati məsuliyyət nəzərdə tutulur.
Avtosfer.az xəbər verir ki, "Taksi" tanınma nişanları, taksometr və ya qanunvericiliklə müəyyən edilmiş digər məlumat göstəriciləri olmadan, həmçinin nasaz və ya plombu pozulmuş taksometrlə sərnişin daşınmasına görə 50 manat cərimə tətbiq edilir.

Eyni zamanda, avtobuslarda və taksilərdə tütün çəkilməsinə, eləcə də sərnişinlərin, baqaj yerlərinin sayı və baqajın kütləsinə dair müəyyən olunmuş tələblərin pozulmasına görə də 50 manat cərimə nəzərdə tutulur.

Qanunvericiliyə əsasən, taksilərin yalnız onlar üçün ayrılmış və 5.14 nişanı ilə işarələnmiş dayanacaq yerlərindən kənarda sifariş qəbul etmək məqsədilə dayanmasına, taksi minik avtomobili ilə sərnişin daşımalarının buraxılış kartında göstərilən ərazi hüdudlarından kənarda həyata keçirilməsinə, eləcə də taksometrin müəyyən etdiyi məbləğdən əlavə ödəniş tələb olunmasına görə də 50 manat məbləğində cərimə tətbiq olunur.

İnzibati Xətalar Məcəlləsinə görə, buraxılış vəsiqəsi olmadan daşıyıcı tərəfindən taksi minik avtomobilləri ilə sərnişin daşınmasının təşkilinə görə vəzifəli şəxslər 200 manat, hüquqi şəxslər isə 1000 manat məbləğində cərimə edilir. Buraxılış kartı olmadan taksi minik avtomobili ilə sərnişin daşınmasına görə isə 50 manat cərimə tətbiq olunur.

Məcəllədə icazə olmadan taksi sifarişi operatoru kimi fəaliyyət göstərilməsinə görə vəzifəli şəxslər üçün 10 min manat, hüquqi şəxslər üçün isə 40 min manat məbləğində cərimə müəyyən edilib.

Bundan başqa, taksi sifarişi operatorları tərəfindən "Fərdi məlumatlar haqqında" Qanunun tələblərinin pozulmasına, o cümlədən fərdi məlumatların informasiya sistemlərinin dövlət qeydiyyatından keçirilməməsinə və onların mühafizəsi ilə bağlı tələblərə əməl edilməməsinə görə vəzifəli şəxslər 5 min manat, hüquqi şəxslər isə 20 min manat məbləğində cərimə olunur.

Eyni məbləğdə cərimə taksi sifarişi operatorlarının informasiya sistemlərində olan sifarişlər və sürücülərin iş-istirahət rejimi barədə məlumatların müvafiq dövlət informasiya sisteminə real vaxt rejimində ötürülməsini təmin edən mexanizmin yaradılmamasına və ya işləməməsinə görə də tətbiq edilir.

Bundan əlavə, taksi minik avtomobilləri ilə sərnişin daşımalarına dair buraxılış vəsiqəsi, texniki baxış və reysqabağı tibbi müayinə ilə bağlı zəruri sənədləri və ya müqavilələri olmayan daşıyıcılara, eləcə də buraxılış kartı və sürücünün xüsusi hazırlıq keçdiyini təsdiq edən sənədi olmadan taksi sifarişi xidmətinin göstərilməsinə görə vəzifəli şəxslər 200 manat, hüquqi şəxslər isə 300 manat məbləğində cərimə edilir.

Həmçinin taksi duracaqlarında taksi minik avtomobili olmayan nəqliyyat vasitələrinin dayanmasına və ya durmasına görə 40 manat məbləğində cərimə tətbiq olunur./ajans.az

Oxunub : 156
ŞƏRH YAZ
Ad

E-mail

Şərh