İş qəzalarında ölənlərin sayında KƏSKİN ARTIM
Azərbaycanda iş zamanı baş verən qəzalarda ölənlərin sayı 2 dəfə artıb. Dövlət Statistika Komitəsinin (DSK) məlumatına görə, 2023-cü ildə ölkədə 70 nəfər iş zamanı ölüb. 2022-ci ildə isə bu rəqəm 34 idi.
Bundan başqa, istehsalatda bədbəxt hadisələr zamanı əmək qabiliyyətini itirən və ölənlərin sayı 2023-cü ildə 454 nəfər olub. 2022-ci ildə isə bu rəqəm 281 nəfər təşkil edib.
Bəs aylarla, günlərlə iş axtarıb, evinə çörək aparmaq üçün ağır işdə işləyən vətəndaşların bir anın içində həlak olmasına səbəb nə olur? Azərbaycanda daha çox hansı iş sahəsində bədbəxt hadisə baş verir?
Mövzu ilə bağlı danışan təhlükəsizlik məsələləri üzrə ekspert Elmar Nurəliyev deyib ki, dünyada hər gün 6 mindən çox insan belə qəzaların qurbanı olur:
Hər il iki milyondan çox insan iş qəzaları zamanı ölür
“İstehsalatda baş verən bədbəxt hadisələrin qarşısının alınması ilə bağlı bütün dünyada mübarizə aparılır. Hər il dünyada istehsalatda 300 milyondan çox bədbəxt hadisə baş verir. Bu hadisələrin nəticəsi olaraq 160 milyondan çox insan da peşə xəstəliyinə məruz qalır. Hər il iki milyondan çox insan istehsalatda baş verən qəzalar nəticəsində həyatını itirir. Bütün iş yerlərində, istehsal sahələrində təhlükəsizlik məsələsi həmişə ön planda olmalıdır.
İstehsalatda baş verən bədbəxt hadisələrin statistikasında böyük faiz insan səhlənkarlığı, texniki təhlükəsizlik, əməyin mühafizəsi, yanğın təhlükəsizliyi, sanitar normaların pozulması yer tutur. Ona görə də mütləq iş yerlərində texniki, əməyin mühafizəsi, yanğın təhlükəsizlik qaydalarına, sanitar normalara ciddi əməl olunmalıdır”.
Azərbaycanda iş qəzalarının ən çox baş verdiyi sahə tikintidir
O, Azərbaycanda iş zamanı bədbəxt hadisələrin ən çoxunun tikinti sektorunun payına düşdüyünü qeyd edib:
“Ondan sonra digər sahələr, emal sənayesi, nəqliyyat, mədənçıxarma və s.-dir. Nəzərə almaq lazımdır ki, tikinti sahəsi təhlükə potensialı, riski yüksək olan sahədir. Burada istifadə olunan avadanlıqlar, qurğular, dəzgahlar, makinalar, hündürlükdə iş, ağır tonnajlı nəqliyyat vasitələri, yük qaldırma və boşaltma əməliyyatları, kimyəvi tərkibli tikinti materialları, qaldırıcı kranlar, yəni burada hər bir görülən işin təhlükə riski var. Ona görə də bu işlər hər biri tam təhlükəsiz formada həyata keçirilməlidir. Hündürlükdə çalışırsa, mütləq təhlükəsizlik kəməri taxılmalıdır”.
Ekspert 2 metrdən yuxarıda görülən işlərin hündürlükdə görülən işlər hesab olunduğunu bildirib.
(bizim.media)