Bu şəxslər hərbi xidmətdən möhlət ala bilər – VACİB AÇIQLAMA

Sosial 18 İyun 2026 17:41
Bu şəxslər hərbi xidmətdən möhlət ala bilər – VACİB AÇIQLAMA
WhatsApp kanalımıza abunə olun

Xaricdə təhsil almaq istəyən gənclərin sayı ildən-ilə artır. Lakin ali məktəbə qəbul zamanı istifadə olunan sənədlər, universitetin akkreditasiya statusu və hərbi xidmətlə bağlı hüquqlar bəzən mübahisələrə səbəb olur. Xüsusilə yalnız orta məktəb attestatı ilə xarici universitetə qəbul edilən şəxslərin müddətli həqiqi hərbi xidmətdən möhlət almaq hüququnun olub-olmaması tez-tez müzakirə edilir.

Bəs belə hallarda qanunvericilik nə deyir və gənclər hansı şərtlər daxilində möhlət hüququ əldə edə bilərlər?

Avtosfer.az xəbər verir ki, mövzu ilə bağlı konkret.az-a açıqlama verən hərbi ekspert Üzeyir Cəfərov burada əsas meyar şəxsin hansı sənədlə qəbul edilməsi deyil, təhsil aldığı ali məktəbin rəsmi və akkreditə olunmuş universitet statusu daşımasıdır deyib.

“Əgər gəncin təhsil aldığı universitet həmin ölkənin rəsmi ali təhsil müəssisələri siyahısına daxildirsə, o zaman universitetdən alınmış arayış səfirlik vasitəsilə Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə təqdim edilir və bu halda ona qanunvericiliyə uyğun olaraq hərbi xidmətdən möhlət hüququ verilir.

Burada attestatla və ya başqa sənədlə qəbul olunmasının fərqi yoxdur. Əsas şərt odur ki, təhsil aldığı ali məktəb həmin ölkədə akkreditasiyadan keçmiş olsun və onun statusu Azərbaycan tərəfindən də tanınsın”, – deyə ekspert vurğulayıb.

Ü. Cəfərov qeyd edib ki, bəzi hallarda xaricdə təhsil adı altında müxtəlif problemlər ortaya çıxır. Bu səbəbdən aidiyyəti qurumlar diplomların və təhsil prosesinin həqiqiliyini yoxlayırlar.

“Bəzən elə hallar olur ki, şəxs faktiki olaraq ölkədən çıxmadan hansısa diplom əldə edir. Digər tərəfdən isə həqiqətən xaricdə təhsil alan tələbələr var. Bu məsələlər araşdırılır, şəxsin ölkədən çıxış-giriş məlumatları Dövlət Sərhəd Xidmətinin məlumatları əsasında yoxlanılır”, – deyə o, bildirib.

Hərbi ekspert gənclərə və valideynlərə bu məsələdə diqqətli olmağı tövsiyə edib. Onun sözlərinə görə, xaricdə təhsil almaq istəyən şəxslər sonradan hüquqi problemlərlə üzləşməmək üçün universitetin akkreditasiyasını və diplomunun tanınma imkanlarını əvvəlcədən araşdırmalıdırlar.

Oxunub : 336
ŞƏRH YAZ
Ad

E-mail

Şərh