Dövlət rəmzlərini əyləncə üçün istifadə edənlər həbs oluna bilər – HÜQUQŞÜNAS - FOTO

Son dövrlər sosial şəbəkələrdə əyləncə və zarafat məqsədilə müxtəlif “rəsmi sənəd” vizual qrafik nümunələrinin hazırlanması və paylaşılması geniş yayılmağa başlayıb. Bu tip paylaşımlarda dövlət atributlarından istifadə olunaraq “dostluq haqqında rəsmi sənəd”, “sevgililik haqqında rəsmi sənəd” və oxşar başlıqlar altında vizual materiallar hazırlanır və sürətlə yayılır. İlk baxışdan sadə bir zarafat təsiri bağışlayan bu məzmunlar əslində daha dərin və düşündürücü məqamları gündəmə gətirir.
Məsələ burasındadır ki, üzərində dövlət gerbi, “Azərbaycan Respublikası” ifadəsi və rəsmi sənədlərə xas dizayn elementləri olan vizuallar sıradan qrafik nümunələr deyil. Bu atributlar dövlətin hüquqi, institusional və rəsmi mahiyyətini, eyni zamanda dövlətlə vətəndaş arasında formalaşmış ciddi münasibətləri təmsil edir. Onların əyləncə və məişət kontekstində istifadəsi rəsmi anlayışların adi və sıradan bir məzmuna çevrilməsinə, dövlət simvollarının ciddiliyinin arxa plana keçməsinə səbəb olur.
Avtosfer.az xəbər verir ki, belə paylaşımlar nəticəsində rəsmi sənəd anlayışı şüuraltı şəkildə dəyərsizləşir, dövlət atributları gündəlik zarafat predmetinə çevrilir. Bu isə uzunmüddətli perspektivdə cəmiyyətdə rəsmi institutlara, dövlət sənədlərinə və hüquqi prosedurlara münasibətin dəyişməsinə gətirib çıxara bilər. Xüsusilə sosial mediada geniş auditoriyaya malik bu cür vizuallar dövlət rəmzlərinin hansı çərçivədə və hansı məqsədlə istifadə olunmalı olduğu barədə anlayışları bulanıqlaşdırır.
Cəmiyyətdə bu tip məzmunların artması dövlət atributlarına hörmət məsələsini yenidən gündəmə gətirir. Rəsmi simvolların istənilən kontekstdə istifadə oluna biləcəyi düşüncəsinin formalaşması isə dövlətin hüquqi və institusional ciddiliyinə kölgə sala biləcək bir tendensiya kimi qiymətləndirilir. Bu baxımdan məsələ təkcə sosial şəbəkə trendi deyil, daha geniş ictimai və mədəni yanaşma problemi kimi diqqət çəkir.

Bununla bağlı hüquqşünas Kamandar Hüseynov Avtosfer.az-a bildirib ki, dövlət gerbinin əyləncə və qeyri-rəsmi məqsədlərlə istifadəsi qanunvericiliyin tələblərinə zidd olmaqla yanaşı, dövlət rəmzlərinə hörmət prinsipinin pozulması deməkdir:
“Azərbaycan Respublikasının Dövlət Gerbi Azərbaycan Respublikasının dövlət rəmzidir. Konstitutsiyanın 75-ci maddəsi və “Dövlət Gerbi Haqqında” qanunun 2-ci maddəsinə əsasən, hər bir vətəndaş dövlət gerbinə hörmət etməlidir. Azərbaycan Respublikasının Dövlət Gerbinə hörmətsizlik nümayiş etdirilməsi qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Sözsüz ki, qanunvericilikdə dövlət gerbinin istifadə olunması qaydaları və forması öz əksini taparaq nizamlanmışdır. Qanunun 7-ci maddəsinə əsasən dövlət gerbinin təsvirindən hüquqi aktlarda və dövlət adından verilən sənədlərin blankında, Azərbaycan Respublikasının kağız və metal pul nişanlarında, qiymətli kağızlarında və vətəndaşların şəxsiyyət vəsiqəsində, passportlarında, dövlət orqanlarının sənəd blankarında və möhürlərində, dövlət orqanlarının binalarının lövhələrində, dövlət təltiflərinin təsvirində, Milli Məclisin və müvafiq cra hakimiyyəti orqanınının müəyyən etdiyi orqanın rəsmi nəşrlərində və Azərbaycan Respublikasının sərhəd nişanlarında istifadə olunur”.
Hüquqşünas deyib ki, Azərbaycan Respublikasının dövlət gerbinə ehtiram bəsləyən hər bir şəxs dövlət gerbinin təsvirindən yalnız göstərilən tələblərə uyğun istifadə edə bilər. Digər şəkildə istifadə edilməsi qadağandır. Bu qanunun tələblərini pozan şəxslər Azərbaycan Respublikasının Mülki Məcəlləsinə, İnzibati Xətalar Məcəlləsinə və Azərbaycan Respunblikasının Cinayət Məcəlləsinə uyğun olaraq məsuliyyət daşıyırlar.
Nurcan Babək
Başqasının sürdüyü avtomobilin cəriməsini kim ödəməlidir?
Qızıl, depozit, daşınmaz əmlak: Hansı daha təhlükəsiz və sərfəlidir?
Yağış yağacaq, şimşək çaxacaq, dolu düşəcək
Regiona siklon yaxınlaşır: leysan yağacaq - Bizi nə gözləyir?
Bu kəndə avtomobillə girmək qadağandır - FOTO
Qadınların C kateqoriyası almasına gizli qadağa var? - AÇIQLAMA
Pensiya ilə bağlı MÜHÜM AÇIQLAMA
Bu sahədə çalışanlar hərbi xidmətdən azad edilir? - AÇIQLAMA
Bakıda ictimai nəqliyyat pulsuz ola bilər? – Ekspertdən AÇIQLAMA
Qadın sürücülərə qarşı AQRESSİYA - Qəza statistikası, yoxsa mentalitetin?
"Yayda toz-torpaq, qışda isə palçıq" - Sakinlərin yol dərdi - VİDEO










