Banner

Ət yenə BAHALAŞACAQ

Sosial 4 Dekabr 2025 13:41 Oxunub 192
Ət yenə BAHALAŞACAQ
WhatsApp kanalımıza abunə ola bilərsiniz

2025-ci ilin yanvar-sentyabr ayları üzrə diri heyvanların idxalı ilə bağlı açıqlanan rəsmi statistika ölkənin ərzaq təhlükəsizliyi və daxili heyvandarlıq sektorunun vəziyyəti ilə bağlı yeni suallar yaradıb. Hesabat dövründə iribuynuzlu mal-qaranın, qoyun-keçi və at kateqoriyalarının ümumilikdə 121 milyon dollardan artıq dəyərlə ölkəyə gətirilməsi daxili istehsal idxalı əvəzləmək gücündə olmadığını göstərir.

Məsələ ilə bağlı iqtisadçı Xalid Kərimli suallarımızı cavablayıb:

— Bu miqdarda idxal ət bazarında süni ucuzlaşma və ya bahalaşma riski yaradırmı?

— İdxal qiymətləri ucuzlaşdıran amildir. Çünki idxal olmasa qiymətlər daha da baha olar. İdxal ona görə baş verir ki, məsələn, bazarlarda qoyun əti 21-25 manatdır, və düşünürlər ki, bu qiymətə satmaq sahibkarlara sərf edər. Bazarda qiymət ucuz olsa, idxalın bir mənası qalmır. Ucuz alıb bazar qiyməti ilə satmaq haqqında fikirləşdiklərinə görə, idxal bazarda qiymətləri ucuzlaşdırır. Çünki məhsul bolluğu yaranır. İdxal olmasa qiymət daha da baha olar.

— 271 min baş qoyun-keçi və 94 min baş iribuynuzlu heyvanın idxalı yerli fermerlərin bazardakı mövqeyinə və qiymətlərə necə təsir göstərə bilər?

— Xırda ev təsərrüfatlarının rolu getdikcə azalır. Çünki örüş sahələri yoxdur. Qiymətin uzun müddət ucuz olması o sahənin fəaliyyətini mənasız edib. Bölgələrdə valideynlər övladlarını Ali təhsilə yönəldir. Qoyunçuluqda pul olmadığını deyir. Həm də riskli sahədir. Dabaq xəstəliyindən heyvanlar qırıldı. Risk yüksək olduğuna görə də qiymət baha olmalıdır, çünki qazandığı ilə itirdiyi məqamları da var. Ölkədə ucuz ət dövrü bitib. Çünki ucuz ət boş sahələrdə otlayan heyvanların əti idi. Xərcləri yox idi. İndi həmin sahələr yoxdur, torpaqlar şoranlaşıb. Ölkənin kənd təsərrüfatında düzgün siyasətin yaxşı həyata keçirilməməsi səbəbindən qaynaqlanan problemlərdir. İri fermer təsərrüfatları burada mövqe əldə edirlər. Amma idxal olmasa, qiymətlər daha da baha olar.

—Dövlət uzunmüddətli dövrdə idxaldan asılılığı azaltmaq üçün hansı addımları atmalıdır?

— Biz deyə bilmərik ki, idxaldan asılıyıq. Qoyun ətində də, Mal ətində də böyük ölçüdə yerli fermerlər yerli məhsulu satışa çıxarır. İdxal da bazarı balanslaşdırır. Amma bu istiqamətdə sürətli davametmə idxaldan asılılığı yarada bilər. İndiki halda bazarın əsas hissəsi, 80 faizi öz məhsullarımızdır. Qırmızı ətdə də təxminən O faizdədir. Heyvandarlıqda da subsidiyalar var, addımlar atılır. Dövlət dəstək verir. Amma qiymətin yüksəlməsinə də ehtiyac var ki, sahibkarlar daha maraqlı olsunlar. Onlar bu prosesdə pul qazana biləcəklər. Qiymətlərin yüksəlməsi o sahəyə marağı artırır. Sahibkarın davranış modeli budur. Kifayət qədər dəstək mexanizmi var. Kənd təsərrüfatına verilən dəstəklərin hamısı büdcədən, neftdən götürülən pullardır. Ucuz olsun deyə, neftin pulun bu istiqamətdə xərcləmək düzgün deyil. Çünki azalan təbii sərvətdir. Buna görə də vergilər də artır.

Hələ qiymətlər yenə bahalaşacaq. Ucuzlaşması gözlənilmir. Məhsul bolluğu olanda qiymət ucuzlaşır. Əhali də rasionunu büdcəsinə uyğun formalaşdırmalıdır./tribuna.az

ŞƏRH YAZ
Ad

E-mail

Şərh