Geyim və avtomobil alıcıları üçün vacib məqamlar - İkinci əl bazarında risklər var

Son illər ikinci əl əşyaların alqı-satqısı Azərbaycanda geniş yayılıb. Əhali arasında daha münasib qiymətə məhsul əldə etmək istəyi bu bazarın sürətlə böyüməsinə səbəb olub. Lakin ikinci əl malların dövriyyəsinin artması ilə yanaşı, istehlakçı hüquqları, məhsulların keyfiyyəti və təhlükəsizlik məsələləri də daha çox gündəmə gəlməyə başlayıb.
Xüsusilə, ikinci əl geyim və avtomobil bazarı risklərin daha çox olduğu sahələr hesab olunur. Bir tərəfdən istifadə olunmuş geyimlərin gigiyenik vəziyyəti, digər tərəfdən isə ikinci əl avtomobillərin texniki göstəriciləri və sənədləşmə məsələləri alıcılar üçün ciddi problemlər yarada bilir. Bəs görəsən, ikinci əl əşyaları alan vətəndaşlar nəyə diqqət etməlidirlər?

Məsələ ilə bağlı Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov Avtosfer.az-a bildirib ki, Azərbaycanda son illər inkişaf edən ikinci əl geyim bazarı problemli sahələrdən biri hesab olunur. Bu, əsasən alıcılar üçün risklər yaradır: “İkinci əl mallar, xüsusilə avtomobillər, evlər və mebellər istehlakçı hüquqlarının qorunması baxımından ciddi problemlər yaradan sahələrdəndir. İkinci əl mal alan istehlakçı adətən şüurlu şəkildə həmin məhsulun qüsurlu ola biləcəyini nəzərə alır. Mərkəzi Avropa ölkələrində, eləcə də Kanadada bu sahədə fərqli praktika mövcuddur. Məsələn, istifadə olunmuş geyimlər vətəndaşlar tərəfindən küçələrdə xüsusi məntəqələrə qoyulur və bələdiyyələrin aidiyyəti qurumları tərəfindən toplanır. Lakin bəzi hallarda ayrı-ayrı biznesmenlər həmin malları müqavilələr əsasında toplayaraq öz ölkələrinə gətirirlər.
Qeyd etmək lazımdır ki, bu, kifayət qədər gəlirli biznes sahəsidir: mallar adətən kiloqramla alınır, lakin sonradan ədəd üzrə və dəfələrlə baha qiymətə satılır. Araşdırmalar göstərir ki, xüsusilə, 5 yaşından kiçik uşaqlar üçün nəzərdə tutulan geyimlər bu cür dövriyyəyə buraxılmamalıdır. Bildirilir ki, göndərən şirkətlər bu məhsulları dezinfeksiya edir, lakin hansı vasitələrdən istifadə edildiyi, dezinfeksiyanın hansı səviyyədə aparıldığı dəqiq məlum deyil. Bu isə ölkədə mövcud olmayan bəzi xəstəliklərin yayılması riskini yarada bilər. Bu səbəbdən ikinci əl geyim alan vətəndaşlara tövsiyə olunur ki, məhsulları istifadə etməzdən əvvəl diqqətlə yusun, ütüləsin və gigiyenik qaydalara ciddi riayət etsinlər.
Qeyd edildiyi kimi, bu mallar alındığı qiymətdən 15–20 dəfə baha qiymətə satıla bilir. Bununla belə, sosial baxımdan həssas təbəqəyə aid olanlar və ya müxtəlif model geyimlər axtaranlar bu bazarlarda özlərinə uyğun məhsullar tapa bilirlər”.
Eyyub Hüseynovun sözlərinə görə, daha ciddi problemlər isə ikinci əl avtomobil bazarında müşahidə olunur: “Ən çox rast gəlinən problemlər məhz bu sahə ilə bağlıdır. Vətəndaşlara tövsiyə edilir ki, ikinci əl avtomobil alarkən mütləq zəmanəti və servis kitabçası olan nəqliyyat vasitələrinə üstünlük versinlər. Servis kitabçasında avtomobilin hansı tarixdə, hansı işlərdən keçdiyi və texniki vəziyyəti barədə məlumatlar əks olunmalıdır. Servis kitabçası olmayan ikinci əl avtomobillər şübhəli hesab edilir. İstehlakçı hüquqlarının müdafiəsi praktikasında belə hallara rast gəlinib ki, avtomobil alındıqdan iki ay sonra aşkar edilmiş uyğunsuzluqlara görə satıcıya geri qaytarılıb. Əgər avtomobilin haradan alındığına dair sənədlərlə faktiki göstəricilər arasında uyğunsuzluq aşkar edilərsə vətəndaşlar Azad İstehlakçılar Birliyinə müraciət edə bilərlər. Qanunvericiliyə əsasən, ikinci əl mallar da dəyişdirilə və ya geri qaytarıla bilən mallar kateqoriyasına daxildir”.
Nurcan Babək
Metrodakı maliyyə nöqsanları aradan qaldırılmayıb - Hesablama Palatası
Binalarda pul yığımına nəzarət gəlir - "Komendant pulu" ləğv olunur
Xəbəri olmadan qaz sayğacı dəyişdirildi, 1500 manat borc yazıldı - ŞİKAYƏT - VİDEO
Şadlıq evlərində hansı yanğın təhlükəsizliyi qaydalarına riayət edilmir? – EKSPERT AÇIQLADI
Gecə qoşulu qalan Wi-Fi və digər elektronik cihazlar insan səhhətinə ziyan vurur? – Həkim-ekspert AÇIQLADI
Çinin yaratdığı süni intellekt istifadəçilərin məlumatlarını qoruyur? – Ekspertdən AÇIQLAMA
Bakıda yeraltı keçid iki aydır bağlıdır: Sakinlər təhlükədə - VİDEO
"Zibilin iyindən evdə yata bilmirik" - Bakıda baxımsız qalan park - VİDEO
Təhsilini başa vurmayan şəxslərə arayış elektron qaydada veriləcək - Təhsildə yenilik
"Nə işə, nə də evə vaxtında çatırıq, çox çətin vəziyyətdəyik" - Xırdalanda nəqliyyat xaosu - VİDEO
Kiminsə evinə gizli kamera quraşdırmaq məsuliyyət yaradır – HÜQUQŞÜNAS











